"Şəhidlik ən uca zirvədir" deyənlərin çoxu tuman altda gizlənənlərdir...
Tarix: 02-03-2020 12:05
Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış 2-4 aprel hadisələrinin üçüncü ildönümü münasibətilə keçirilən bir tədbirə qatılmışdım. Mərasimdə şəhid ailələrinin üzvləri, keçmiş döyüşçülər də iştirak edirdilər.
Aprel hadisələri zamanı şəhid olmuş bir zabitin xanımının çıxışı məni çox mütəəssir etmişdi. Həyat yoldaşıyla bağlı xatirələrini bölüşən qadın fikrini tamamlaya bilməmişdi, göz yaşlarına məğlub olmuşdu. Adını çəkib şərəfləndirmək istəmədiyim yekəpər QHT rəhbərlərindən biri bu vaxt ayağa qalxıb, gənc xanımın üstünə qəşqırmışdı: "Niyə ağlayırsan? Sən şəhid arvadısan. Ağlamaq sənə yaraşmır".
Mən həmin zabitin döyüş yoluna yaxşı bələdəm. Belə qəhrəman oğullar yetişdirdiyinə görə xalqımın qarşısında baş əyirəm. Məclisdə kövrəldiyinə, iki damla göz yaşı axıtdığına görə bir şəhidin ömür-gün yoldaşına irad tutmaq, onun üzünə bozarmaq tərbiyəsizlikdir. Amma indi söz güləşdirməyin vaxtı deyildi. Pərtliyi aradan qaldırmaq üçün söhbətə müdaxilə etməyi özümə borc bilmişdim: "Bəy, xatirələr çox kövrək olur. Insanı xatirələr ağladır..."
Amma yenə həyasızlığından əl çəkməmişdi: "Bu qadının ağlamağa haqqı yoxdur. Şəhidlik ən uca zirvədir. Bu qadın fəxr etməlidir ki, əri şəhid olub".
Yüzə yaxın adamın qatıldığı tədbirdə bir şəhid xanımının üstünə qışqırmaq, onu azarlamaq, üstəlik, bunu iki dəfə təkrar etmək həyəsızlığın kulminasiya nöqtəsidir. Mən bu tərbiyəsizliyi cavabsız qoya bilməzdim. Odur ki, dilimin ucuna qədər gələn sözləri geri qaytarmadım: "Siz niyə şəhid olmursunuz? Siz də şəhid olun, qoy xanımınız bununla fəxr etsin".
Aparıcının müdaxiləsindən sonra ara sakitləşdi. Həmin vaxt yanımda əyləşən jurnalist dostumun dediyi sözlər ömrümün axırına kimi yadımdan çıxmayacaq: "Bu heyvərə mənim tələbə yoldaşımdır. Müharibə başlayanda atası iki inək satıb, bunu əsgərlikdən saxladı".
Mən şəhidliyin ali məqam olduğunu yaxşı başa düşürəm. Canı canımdan, qanı qanımdan olan üç qohumum Vətən uğrunda canını fəda edib. Mən populizmin əleyhinəyəm. Mən Aprel hadisələrindən sonra səngərə gedən qalstuklu kişilərin əsgərlərin əlindəki avtomatı alıb, şəkil çəkdirmələrinin əleyhinəyəm. Mən 18-20 yaşlı oğullarını itirən analara ingilis sərtliyi ilə "ağlama, fəxr et" deməyin əleyhinəyəm. Yeganə övladını itirən ana necə ağlamasın? Dərd orasındadır ki, bu məsləhəti verənlərin çoxu müharibə vaxtı qaçıb tuman altında gizlənənlərdir. Çoxunu şəxsən tanıyıram. Demək istədiyim odur ki, Allahınız olsun, insanların faciəsi üzərində hoqqabazlıq etməyin...
Azərbaycanın ən cəsur kişilərindən birinin oğlu olan jurnalist dostum Zaur Əhməd bir dəfə belə yazmışdı: "Siz sevdiklərinizi qucaqlayanda, əri şəhid olan qadınlar soyuq məzar daşlarını qucaqlayırlar..."
Bu kiçik yazını oğlu ötən həftə İdlibdə şəhid olan bir ananın sözləriylə tamamlamaq istəyirəm: "Şəhid halvası sizin evdə bişmədiyi vaxtadək, halva sizin üçün şirin olacaq".
Seymur Verdizadə
Seçilmişlər
Ən çox oxunanlar