Dəyişim kabusu
Tarix: 08-10-2014 23:39
Qohum, dost, iş yoldaşı və ya qonşu ilə ünsiyyətə başlarkən verdiyim ənənəvi suala bir çox hallarda aldığım ən yayğın cavabdan başlamaq istəyirəm. Bu kateqoriyadan olan insanlarla ünsiyyətim adətən aşağıdakı sualla başlar: “Nə var, nə yox?” Cavab nədənsə əksər hallarda arzuladığım kimi olmur: “Sağ ol, dəyişən bir şey yox!”
“Dəyişən bir şey yox!” ifadəsi yalnız suala qarşı nəzakətli üslub ortaya qoymaq və ya real vəziyyəti göstərmək üçün səslənmir, sadəcə, cavab verənin içimini, mahiyyətini, arzusunu qabarıq göstərir. Bu, sıradan bir düşüncə mühafizəkarlığı deyil, düşüncənin paslanmasıdır, durğunluğa olan izahedilməz bir sevgidir. Dünyada texnoloji dəyişim Qərb insanı üçün hər an, hər gün “Dəyişən bir şey olmalıdır!” imperativi ilə hərəkət istiqaməti müəyyənləşdirdi. Dünən və bu gün arasında ən azı fizioloji dəyişikliyə uğrayan insan düşüncə dəyişikliyini də bir vəzifə borcuna çevirməyə başladı. Şərq aləmində isə əsas etibarilə fizioloji dəyişimdən, qocalmadan o tərəfə bir hərəkətlənmə müşahidə olunmadı.
Siyasətdən, dindən başlamış tarixə baxışa qədər, insana münasibətdən tutmuş millətə və dövlətə baxışa qədər, addım-addım dünənki bir çox görüşlərimi dəyişdim. Artıq əvvəlki kimi aşırı millətçiliyin insana faydası olmadığını, fərdin hüquqlarından başlamayan hansısa dəyərin gec-tez iflasa uğrayacağını, insana da, vətənə də, millətə də xidmətin Yaradanın rizasını qazanmaq üçün edilməsinin zəruriliyini dərk etdim. Biri əqidəmi çək-çevir etdi, biri keçmişdəki sözlərimi, biri mövqeyimi xəyanət kimi tanıdı, ancaq hər dəfə öz bildiyim, inandığım kimi, istədiyim kimi, heç nəyə aldırmadan yeniliyə doğru dəyişdim. Çünki problemlərinin böyük əksəriyyəti çözülməmiş bir cəmiyyətin dəyişməsi üçün, hər bir fərdin özünün düşüncəsinin, baxışlarının çağın tələbinə uyğun dəyişməsinin qaçılmaz olduğunu anlamışdım. Bəlkə də bu xarakterimə görə Avropada, Türkiyədə, Rusiyada rast gəldiyim azərbaycanlılardan soruşduğum birinci sual bu olur: “Bu cəmiyyət səni dəyişdimi?” Çünki bizlərdən fərqli olaraq, burada insanın düşüncəsinin yeniləşməsini əngəlləyən elə bir ciddi faktor görünmür. Burada əksinə, həm dəyişmək, həm də dəyişməmək üçün də ən münbit şərait var və işləmədən belə sosial müavinət sistemi ən yazıq, statik insanı belə qorumaq gücünə sahibdir. Bununla belə, yaşadığı ölkənin yazılmış və yazılmamış qaydalarını kəşf edərək, burada nüfuz sahibinə, mülkiyyət və peşə sahibinə çevrilən hər bir azərbaycanlıya fəxrlə baxmağa dəyər, deyə düşünürəm. Bu minvalla xaricdə yenicə tanış olduğum azərbaycanlıdan hansı sahədə ixtisaslaşdığını dərhal soruşuram və dəyişən, yeni mühitə dərhal adaptasiya olunan həmvətənlərimə xüsusi sayğı göstərirəm. Artıq onun ideoloji, siyasi cinahı zərrə qədər məni maraqlandırmır, sadəcə, Almaniyada, Fransada, Türkiyədə, Lüksemburqda, Rusiyada faydalı bir insana çevrilib-çevrilməməsi faktı insanı daha çox cəlb edir.
Öncədən söz verdiyim kimi, qısa bir girişdən sonra bu yaxınlarda dilçi-siyasətçi Kamil Vəlinin ahıllıq çağında yazdığı məlum təhqiramiz yazısına burada epizodik bir münasibət bildirməyi zəruri sayıram. Ona görə yox ki, həmin yazıda şəxsimi hədəf alan hansısa konkret məqamlar vardı. Əksinə, adətən bizdə insanlar adlarının çəkilmədiyi, ancaq hədəfə alındıqları yazıları görməzdən gələrək, mübahisəyə girməkdən çəkinməyə üstünlük verirlər. Səmimi deyim ki, həmin yazıdakı müxalifətin dəyərləndirilməsini, qeyri-ədəbi, söyüş üslubunu da sakit qarşılayıram. Çünki hər bir siyasi kimlik daşıyıcısı olan insan bu gün iqtidarı da, müxalifəti də doğru-yanlış təsnifləndirə bilər, mənasız bir söz oynatma müqayisəsində kimisə əl-müxalifət, kimisə əl müxalifəti kimi görə bilər. Bu ittihamlar bəlkə də o adamları əsəbiləşdirə bilər ki, onlar üçün müxalifət adlanmaq həyati əhəmiyyət daşıyır və bu statusu zədələyəcək bütün hücumları dəf etməyi özünə borc bilir. Bizim düşüncəmizə görə, bu günün Qarabağın itirildiyi, hüququn aliliyinin ən uca dəyərə çevrilmədiyi bir Azərbaycanda kiminsə iqtidarda olması ilə müxalifətdə olması arasında mənəvi həzz baxımından heç bir fərq yoxdur. Mənim rəhmətlik nənəmin vaxtilə dediyi sözün qüvvəti, biri çox yediyinə görə ayaqyoluna iki dəfə gedir, digəri az yediyinə görə bir dəfə gedir.
Bu gün Ukrayna hadisələrindən sonra ən cahil adama da bəlli oldu ki, müstəqilliyi tam təminat altında olmayan ölkələrdə aşırı iqtidar lovğalığı da, aşırı barışmaz müxalifətçilik qüruru da bir işə yaramaz. Vətən parça-parça olandan sonra kiminsə öz əqidəsinin bütövlüyündən bəhs etməsi pafosdan başqa bir şey ifadə etməz. Demokratiya uğrunda mübarizə şüarının da cəmiyyətdə necə rezonans yaratdığını xüsusi izah etməyə də artıq lüzum qalmamış. Dünyada kimin hansı prinsiplərin müdafiəçisi olduğunu ayırd etmək də xeyli mürəkkəbləşib. Artıq hər kəs, ABŞ-ın da demokratiyanın müdafiəçisi olması barədə şüarlarını gülüşlə qarşılayır, guya İslam prinsiplərinin müdafiəçisi kimi özünü təqdim edən İŞİD-ın də törətdiyi vəhşiliyin necə anti-İslam mahiyyət daşıdığını görür, Avropa Birliyinin də iqtisadi maraqları üçün Rusiyanın işğalçı siyasətinə necə yumşaq münasibət ortaya qoymasının səbəbini rahat anlayır. Azərbaycanda demokratiyanın olmasını tələb edən dünyanın onlarla böyük beynəlxalq təşkilatı var, ancaq illərdir Avropanı, ABŞ-ı dolaşıram, inanın, məmləkətimizdə demokratiyanın olmasını səmimi şəkildə istəyən hansısa təşkilata, dövlətə rast gəlmədim. Hamının tələbinin altından bir Qarabağ itkisini görürsən, iqtisadi pay tamarzılığını görürsən. O zaman ağlı başında olan hansısa vətənsevərin, insansevər demokratın, üzünü öz cəmiyyətinə doğru tutaraq, onun düşüncəsinin demokratikləşməsinə çalışmasından başqa bir yolu qaldığını görmürsən.
Məhz mənim də həmin yazıya cavab verməyimi zəruri edən, sadəcə, aşağıdakı məqamdır: İllər keçməsinə baxmayaraq, Azərbaycan müxalifətində ahıl yaşlı və elm adamı statusunu qabardan bir şəxsin ittihamının əsas motivi yenə də dəyişimə qarşı etirazdır. Və bu etirazı da əxlaq, namus, əqidə, iman kimi terminlərin altında bəyan edir. İttihamın da əsas sualları budur ki, niyə əvvəlki illərdəki kimi eynisini düşünmürsünüz, niyə iqtidara münasibətiniz bizimki kimi deyil, niyə tutuquşu kimi iyirmi beş il öncə söylədiklərinizi təkrarlamırsınız?
Əlbəttə, otuz il öncəki dünyanın texnoloji dəyişimini kimsə inkar edə bilməz. Azərbaycanda hansısa evi mobil telefonsuz, bilgisayarsız, internetsiz təsəvvür etmək olmur. Həmi texnoloji dəyişim siyasətin mövcud olduğu məkandan fərqli bir yerdə baş vermir ki? Siyasətdə də ən başlıca faktor, ən ciddi tələb dəyişimdir. Xüsusilə də bizim kimi başdan-ayağa problemlərlə dolu bir regionda və ölkədə formal da olsa hakimiyyətə gəlmək iddiası ortaya qoyan siyasətçilər üçün bu dəyişim qaçılmazdır. Əlbəttə, dəyişməyən davranışlar da var siyasətdə. Fikrimcə, dəyişməyən davranışlara əxlaqı, mərdliyi, məsuliyyəti aid etmək doğru olardı. Hamıya tanış simalardan gətirəcəyim nümunələrə diqqət yetirin. Əbülfəz Elçibəyin siyasət düşüncəsində müəyyən yanlışlıqlar görə bilərsiniz. Ancaq atdığı elə mərd addımlar var ki, bunlar siyasətüstü qiymət tələb edir. Xatırlayıram, Dudayevin xahişi ilə xaricə çıxış üçün Azərbaycan təyyarəsini Rusiyanın xəbərdarlığına rəğmən, ona vermişdi. Xatırlayıram, iqtidardan getməsində ən ciddi rol oynamış Rəhim Qazıyevin məhkəmə prosesi zamanı onun vəkili Həqiqət xanımla Kələkidəki evində görüşünü. Vəkil yüz min manatdan artıq bir vəsaitin silah alınması üçün xərclənməsindən prezidentin xəbəri olub-olmadığının yazılı təsdiqini xahiş edirdi ki, bu ittiham müttəhimin üzərindən götürülsün. Əbülfəz bəy hansısa düşmənçilik duyğusuna qapılmadan, yazılı şəkildə təsdiqlədi ki, belə bir vəsaitdən xəbəri olub. Bunun adına da mərdlik deyə bilərsiniz.
Yaxud Əbülfəz bəy xəstə olanda Heydər Əliyev birbaşa xəbər göndərdi ki, harada, necə istəsə, müalicəsi üçün hər şeyi etməyə hazıram. Eləcə də Nəcəf Nəcəfovun müalicəsini üçün atdığı addımlar. Bunun da adına mərdlik deyə bilərsiniz.
Son dövrlərdə prezident İlham Əliyevin Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə hakimiyyətdən gedəndən sonra göstərdiyi münasibəti də məhz mərdlik kateqoriyasına aid edirəm. Öz ölkəsində həbs olunmaq təhlükəsi yaşayan sabiq prezident dar məqamında belə bir münasibəti bəlkə də heç gözləmirdi. Mülki geyimdə, şəxsi arabası ilə gəldiyi Azərbaycanda Gürcüstan hakimiyyətinin narazılıq etmə ehtimalı da gözardı edilərək, necə hörmətlə qarşılandığını gördük.
Ancaq namərdlik nümunələri də az deyil. Elçibəyin əleyhinə kiminsə çıxmasına hər zaman siyasətin qaydaları içində baxmağa çalışmışam. Hamı borclu deyildi ki, onun hər bir siyasi görüşünü paylaşsın. Ancaq onun xəstə vaxtında, jurnalistlərə şəxsən diqtə edib əleyhinə iyrənc yazıları yazdırmağın adı da namərdlik idi. Hakimiyyətin bütün üzvlərinin istefa verib getdiyi bir vaxtda, bu gün sədaqət simvolu kimi özünü təqdim edən ahıl bir siyasətçi-alimin yeni hökmdarın mərhəmətinə ümid edərək kreslosundan yapışmasının da adı namərdlik idi. Ona görə də bu cür müqayisələrin davam etməsi əslində sədaqət, əxlaq, namus iddiaçılarının daha pis vəziyyətə düşməsinə gətirib çıxaracaq. Və ən acınacaqlısı da budur ki, Azərbaycanda elmi dəyəri olmasa da, elmi titulları olan şəxslər özündən müştəbeh cavablar verməkdən zərrə qədər utanmırlar. İrad bildirənlərə dərhal cavab verirlər ki, sənin ağırlığın qədər mənim kitablarım var. Yaxud da mən filankəslə tanış olanda sən aşırmalı şalvar geyirdin. Nədənsə Azərbaycanda xeyli titul sahibi var ki, yazdığı kitabları kiloqramla təqdim edirlər. Halbuki otuz-qırx illik makulaturanın içindən faydalı, orijinal, yadda qalan bir cümlə, bir fikir belə təqdim etmək iqtidarında deyillər.
Bu gün bizlərin iqtidarçılığı da, müxalifətçiliyi də Azərbaycanı gözləyən təhlükələr fonunda elə bir ciddi imtiyaz və ya hansısa fəxarət ifadə etməz. İnanın ki, fikir, düşüncə, mənəvi dəyərlər baxımından cəmiyyətimizin geriliyinin tək səbəbi dəyişimə qarşı hətta Avropanı, Amerikanı, Türkiyəni görüb-gəlmiş az-çox savadlı adamların da aqressiv, barışmaz bir davranış sərgiləməsidir. Müdriklərdən birinin hikmətli cümləsini xatırlayıram: “Fikirlərini heç dəyişdirməyən kimsələr gerçəklikdən çox, özlərini sevənlərdir”. İndi özünü sevən azərbaycanlıları gerçəkliyə baxmağa istiqamətləndirən bir siyasət anlayışına tələbat var. Gerçəklik isə İraqdır, Liviyadır, Misirdir, Suriyadır, Ukraynadır və başqa-başqa eşitdiyimiz, duyduğumuz məkanlardır. Özümüzü sevməyin əleyhdarı deyiləm, ancaq gerçəklikləri görməzsək, sevməyə özümüzü belə tapmaya bilərik.
Bir daha bildiyiniz sualı təkrarlayıram: “Nə var, nə yox?” Cavab istəmirəm, sadəcə, cavab üzərində düşünməyiniz yetərlidir...
Seçilmişlər
Ən çox oxunanlar