Gerçək polis obrazına yaraşanlar
Tarix: 09-08-2019 23:49
Qanun keçikçiləri haqqında yazdıqlarım və yazmaq istədiklərim
Tələbəlik illərimdən tanıdığım, yataqxanada qonşu olmuş tanışım az əvvəl mənə zəng elədi. Gülə-gülə, ərkyana bu sözləri dedi: “Qardaş, mənim qardaşım polisdə işləyir, deyir ki, sənin tələbəlik yoldaşın niyə biz polislərdən heç müsbət bir yazı yazmır, elə həmişə tənqid eləyir?!” Sonra da əlavə etdi: “Biz səni obyektiv adam kimi tanıyrıq, ona görə zəng elədim, başqası olsaydı, zəng eləməzdim”.
Bu zəng mənim illər öncə olmuş bir məhkəmə çəkişməmizi yadıma saldı. Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi bizi bir xəbərə görə xüsusi ittiham qaydasında məhkəməyə vermişdi. Düzünü deyim ki, xəbəri yazan əməkdaşımız qarşı tərəfin mövqeyini öyrənə bilməmişdi; əlində olan faktı yazmışdı. Hazırlıq iclası oldu. Növbəti iclasda mahiyyət üzrə baxılacaqdı. Mən xəbəri yazan iş yoldaşımla birlikdə məhkəməyə gəldim. Qarşı tərəfdən Daxili İşlər Nazirliyinin hüquq şöbəsinin rəisi və daha bir vəkil gəlmişdi. İclasda heç gözlənilmədən hər iki vəkil çıxış edib iddianı geri götürdükləri haqda vəsatət qaldırdılar. Hakim vəsatəti təmin etdi, təbii ki. Biz dəhlizə çıxanda DİN-nin hüquqşünaslarından niyə belə addım atdıqlarını soruşdum. Şöbə rəisi olan vəkil dedi ki, mahiyyət üzrə baxışa çıxmazdan əvvəl “bu məsələ cənab nazirə məruzə olunub, o da belə göstəriş verib”. Mən israrla səbəbi öyrənməyə çalışanda vəkil bunu dedi: “Cənab nazir deyib: “O redaktoru tanıyıram, abırlı adamdır, obyektiv oğlandır, iddianı geri çəkin”.
Düzünü deyim ki, o zaman Daxili İşlər naziri olan general-polkovnik Ramil Usubovun belə bir göstəriş verməsi mənim üçün gözlənilməz olmuşdu. Çünki mən jurnalist karyeram boyunca polis orqanlarından çox yazmışam. Elə onun özünü də çox tənqid etmişəm. Ancaq bununla yanaşı, mən polis haqqında obyektiv mövqedə olmağa, gerçəyi yazmağa çalışmışam. Məsələn, mən həmin ərəfələrdə Cəlilabadda narkotacirlərlə silahlı atışmada xidməti vəzifəsini yerinə yetirərkən həlak olan polis zabiti – DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşı, polkovnik-leytenant Namiq Musayev haqqında bir köşə yazısı yazmışdım. Ondan əvvəl isə Dəvəçi (indiki Şabran) rayonunda yenə silahlı şübhəlilərə qarşı əməliyat aparılan zaman qəhrəmanlıq göstərən və həyatını itirən polis kapitanı Daşqıın Turabon həyat və xidmət hekayəsini yazmışdım. Daşqın Turabov böyük sənətkarımız – görkəmli teatr və kino aktyoru, xalq artisti Həsənağa Turabovun oğlu idi. Mən Qarabağda Daxili Qoşunların hərbi qulluqçularının və polis əməkdaşlarının işğalçı Ermənistan ordusuna qarşı savaşdakı qəhrəmanlıqlarından da yazmışdım. Görünür ki, indi Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan o zamankı nazir Ramil Usubov təkcə tənqidlərimi deyil, bu yazıları da oxuyub və diqqətində saxlayıb.
Doğrudur, sonralar mənə qarşı törədilən cinayət işini məhz polis – Abşeron Rayon Polis Şöbəsi araşdırdı, dəfələrlə müraciətlərimə baxmayaraq, cinayətkarlar cəzasız qaldı və mən, təbii olaraq, bunu da tənqid etmişdim. Bütün bunlara baxmayaraq, mənim polisə, polisdə işləyənlərə qarşı qərəzim olmayıb və yoxdur. Bəli, bu günlərdə yol polisi haqqında tənqidi paylaşım etmişdim; qarşılaşdığım durumu yazmışdım. Ancaq köhnə tanışımın ərkyana zəngini nəzərə alaraq yazdığım müsbət yazıları da xatırlatdım. Hətta dünən qarşılaşdığım hadisəni də xatırladım; Koroğlu metrostansiyası tərəfdən şəhər mərkəzinə doğru Ziya Bünyadov prospektində hərəkətdə olan bir minik avtomobili məni ötüb keçdikdən sonra düz qarşımda idarəetməni itirib bir neçə dəfə fırlandı, yağışlı havada, sürüşkən yolda yaxşı ki, aşmadı. Sürücü çox çətinliklə avtomobilini hərəkət zolağına tərs yöndə saxlaya bildi. Biz də kənara çəkib saxladıq. Yol polisi əməkdaşları da gəldi. Sürücünü sakitləşdirməyə çalışdılar, biri avtomobili yoldan çəkdi, o birisi hələ də hadisənin şokunu yaşayan sürücünü qolundan tutaraq səkiyə apardı, ona su verdilər. Bir sözlə, insana insan kimi yardım etməyə çalışdılar. Düzünü deyim, bu davranışları mənim çox xoşuma gəldi.
Bir gün əvvəl polislə bağlı yayılmış başqa görüntüləri də xatırlatdım; “Sədərək” Ticarət Mərkəzindəki yanğın olayında polis işçiləri sahibkarların və satıcıların həyatını və mallarını xilas etmək üçün özlərini təhlükəyə atırdılar. Başqa yanğın hadisələrində, texnogen qəzalarda da biz bunun şahidi olduq. Elə 2015-ci ildə Bakının Azadlıq prospektində hündürmərtəbəli binada yanğın zamanı xəsarət alanlar arasında sakinləri xilas edən polis işçiləri də var idi. Yəqin ki, bir uşağı qucağına alıb yanğından qurtaran polis zabitini hamımız xatırlayırıq. Bəli, polisin siması, gerçək obrazı belə qəhrəmanlardır. Onlar Aydan, Marsdan gəlməyib; polisdə xidmət edənlər də, eləcə də, orduda, təhlükəsizlik orqanlarında, başqa güc strukturlarında çalışanlar da bizim millətimizin oğul və qızlarıdır. Onlar da bizlərdəndir. Bizim dövlətin rəmzlərini uniformalarında daşıyanlardır. Onların müsbət obrazını təmsil edənləri, əlbəttə, biz də sevməliyik. İstərdik ki, bir az əvvəl qəhrəmanlıqlarını xatırlatdığımız polis zabitlərinin həyat hekayələri, xidməti uğurları daha çox yazılsın, deyilsin, unudulmasın. Polis qanunu təmsil edir, onun vəzifəsi öz xalqını qorumaqdır. Əlbəttə ki, bu şərəfli vəzifəsini layiqincə yerinə yetirən polis əməkdaşlarını biz də cəmiyyət olaraq, media olaraq təqdir edirik. Biz də istəmərik ki, polisin adı neqativ olaylara qarışsın, neqativ anlamda hallansın. Buna görə də mən daha əvvəl nöqsanlar – neqativ hallar haqqında yazdığım kimi, müsbət faktları və gerçək polis obrazına yaraşan insanları da xatırlamaq, yazmaq istədim. Həm də köhnə tanışımın ərkyana iradına cavab vermiş oldum.
Bahəddin Həzi
Seçilmişlər
Ən çox oxunanlar