Gülər Əhmədova revanşa hazırlaşır
Tarix: 25-11-2014 20:52
Həbsdən çıxandan sonra uzun müddət mediadan uzaq düşən sabiq millət vəkili Gülər Əhmədovanın revanşa hazırlaşdığı barədə məlumatlar yayılıb.
Bildirilir ki, növbəti parlament seçkisi ərəfəsində fəallaşmağı planlaşdıran sabiq millət vəkili bununla itirdiyi səlahiyyətlərin heç olmasa bir qismini bərpa etməyə, ən azı bəraət almağa çalışacaq.
O, qeyd olunan məsələlərlə bağlı AzNews.az-a özəl açıqlama verib.
G. Əhmədova hazırda heç bir mediaya müsahibə vermədiyini desə də, 2015-ci ildə keçiriləcək parlament seçkilərinə qatılıb-qatılmayacağı ilə bağlı sualımızı cavablandırıb:
“Mənimlə maraqlandığınız üçün, diqqətinizə görə, təşəkkür edirəm. Amma mən heç bir mətbuata müsahibə vermirəm. Bu məslələrlə bağlı danışmamağa qərar vermişəm. Xahiş edirəm, məni düzgün başa düşün ”.
Uzun müddət adı mandat alverində hallanan keçmiş deputat bəraət almağıyla bağlı suala da cavab verdi:
“Bütün jurnalistlər zəng edib bildirirlər ki, əslində mənim günahım yoxdur. Əvvəl jurnalistlər tamam başqa fikirdə idilər. Sonra gəldilər, oturdular və gördülər ki, mənlik heç nə yoxdur. Mənlik heç nə yoxdursa, əlbəttə haqq-ədalət yerini tapacaq və bəraət alacam. Mənim bəraətimi siz vermisinizsə daha nə ehtiyac var?”.
Bakı Dövlət Universitetində yenidən dərs deyəcəyinə də ümid etdiyini söyləyən G.Əhmədova vaxtilə rəhbərlik etdiyi təşkilat və çap mediası ilə bağlı suallarımızı isə belə cavablandırdı.
“İnşallah. Bunu zaman göstərər. Qismət olsun , baxarıq. Bunlar gələcəyin işləridir. Hələ ki, bunlar barədə heç nə danışmaq istəmirəm. Bir az səbir edək, hər şeyi görəcəksiniz”.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin yaydığı qalmaqallı mandat alveri videosuna görə 2013-cü ilin fevral ayının 13-də həbs olunmuş keçmiş deputat Gülər Əhmədova 2014-ci ilin may ayının 5-də azadlığa buraxılıb. Bir milyonluq qalmaqala görə dələduzluqda təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilən Gülər Əhmədovanın cəzası Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə şərti hesab olunaraq, məhkəmə zalından azadlığa buraxılıb.
Seçilmişlər
Ən çox oxunanlar