“Bəzi məmurlar ya həddindən artıq "şişib", ya da yerlərində deyil”
Tarix: 14-07-2023 20:59
Əli Orucov: “Hər iki faktor Prezidentin nüfuzuna zərər gətirir, xalqı daha da narazı salır”
11 iyulda Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olumuş müşavirə keçirildi və prezident öz çıxışında bir sıra vacib məqamlara toxundu. Dünən isə ABŞ Dövlət Katibi Entoni Blinkenin prezidentə ünvanladığı məktub var. Maraqlıdır, siyasətçilər və siyasi partiyalar bunlarla bağlı nə düşünürlər?
Odur ki, müsahibimiz AMİP liderinin köməkçisi və partiyanın Siyasi Şura üzvü Əli Orucovla da bunlar barədə danışdıq.
-Əli bəy, yəqin ki, Prezident İlham Əliyevin bu ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olumuş müşavirəni izləmisiniz. Müxalifət təmsilçisi və politoloq kimi bu barədə fikirləriniz maraqlı olardı.
-Əlbəttə, mən professional siyasətlə məşğul olan şəxs kimi prezidentin bütün çıxışlarını, səfərlərini, görüşlərini və müsahibələrini izləyirəm. 11 iyulda cari ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olumuş müşavirədə Prezidentin etdiyi çıxışı da diqqətlə və sonacan izlədim. Qənaətim ondan ibarətdir ki, həmin çıxışda bütün sferaları əhətə edən məsələlərə toxunuldu. Xüsusən də işğaldan azad olunmuş ərazilərimizdə nəzərdə tutulan işlər və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, ölkənin iqtisadi durumuna geniş yer verildi. Hesab edirəm ki, bu, həm də 6 ay ərzində hökumətin xalqa verdiyi hesabat idi. Həmçinin də qarşıda görüləcək işlərin bir növ qısa və dolğun təqdimi idi. Doğrudur, bəzi məqamlara üstörtülü toxunuldu, yaxud, üzərindən səthi keçildi. Bununla belə Prezident öz komandasının fəaliyyətindən məmnunluğunu ifadə etməklə yanaşı, həm də tənqidi fikirkərini də səsləndirdi. Xüsusən də Gədəbəyin Söyüdlü kəndində baş verən etirazla bağlı dediklərindən belə anlamaq olur ki, bir sıra nazirliklər və bəzi mərkəzi icra hakimiyyəti orqanları üzərinə düşən vəzifələrinin öhdəsindən gələ bilmirlər. Məsuliyyətsizlik edirlər. Bu məsuliyyətsizliyin miqyası hətta o qədər böyükdür ki, Prezidentin tapşırıq və göstərişləri belə sabotaj edilir. Bu mənzərə təbii ki, xoşa gələn deyil. Demək ki, bəzi yüksək rütbəli məmurlar ya həddindən artıq şişib, ya da həmin kadr yerində deyil. Hər iki faktor Prezidentin nüfuzuna da zərər gətirir, həmçinin xalqı daha da narazı salır, siyasi düşərgələr arasında ziddiyətləri dərinləşdirir və inamsızlıq sindromu yaradır. Xalqın dövlətinə və hakimiyyətə inamına sarsıdıcı zərbə vurur. Bu cür laqeyd, işini bacarmayan məmurların ucbatından həm dövlət sosial təbəqələr arasında balansı kəskin şəkildə pisliyə dəyişir və beynəlxalq aləmdə ölkənin nüfuzuna xələl gətirir. Məncə, iqtisadi göstəricilərlə yanaşı, kadrların yerləşdirilməsi, dövlət orqanları və strukturlarının təkmilləşdirilməsi, daha çevik və operativ hala gətirilməsi çox önəmlidir. Xatırlayırsızsa, 3 il əvvəl belə bir islahatlara start verildi, lakin nədənsə sonra yenidən hər şey əvvəlki vəziyyətinə qayıtdı. Siz baxın, Ekalogiya və Təbii Sərvətlər Nazirlyinin yarıtmaz fəaliyyətindən, acgözlüyündən və tamahkarlığından doğan etirazda günahkar qaldı kölgədə, cəmiyyəti ölkə rəhbərinə və polisə qarşı yönlədirilməyə çalışıldı. Fikrimcə, Söyüdlü hadisələrindən və Prezidentə qarşı göstərdiyi məsuliyyətsiz davranışlara görə nazir istefaya göndərilməliydi. Prezident tapşırıq verir, nazir həmin tapşırığın icrası və nəticəsi barədə hesabat vermir. Bu hal cəmiyyətdə heç də birmənalı qarşılanmır. İmkan verilməməlidir ki, xalqın dövlətə inamı sarsılsın. Zatən biz elə bir regionda yerləşirik ki, əhatəmiz bizə dost olmayan dövlətlərdir. İran, Rusiya, Ermənistan kimi təcavüzkar siyasi xətt yürüdən, beynəlxalq hüquq normalarına əhəmiyyət verməyən dövlətlərlə qonşu olmaq bizi daim tətikdə, ayıq-sayıq və güclü olmağa diqtə edir. Üstəlik də son zamanlar Fransa kimi Avropa qitəsində əsas söz sahiblərindən olan bir dövlətin əsassız və ədalətsiz artan təzyiqləri ortadadır. Prezident bu məsələlərə də detallı toxundu. Həqiqətən də, dünyada artıq qaydalar pozulub, beynəlxalq huquq deyilən anlayışın formallığı qalıb. Kim güclüdürsə, o haqlı sayılır. Baxın, 30 il Azərbaycanı güzəştlərə məcbur edirdilər. Niyə? Çünki biz məğlub tərəf idik. 44 günlük müharibə bizim gücümüzün dünyada sübutu oldu. Reallıqlar dəyişdi. İndi heç kim Azərbaycanı hansısa güzəştə məcbur edə bilməz və güc dilində danışa bilməz. Bu gücümüzü daha da möhkəmləndirmək ümdə borcumuzdur.
-Ermənistan Azərbaycan münasibətlərinin normallaşdırılması barədə səsləndirilən fikirlərdə bir daha Azərbaycanın sülh gündəliyinə sadiq qaldığı öz əksini tapdı. Sizcə, proses niyə bu qədər uzanır?
-Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının və sülh müqviləsinin bağlanması sürəcinin uzanmasının iki faktor mühüm rol oynayır. Erməni cəmiyyətinin Azərbaycana, türkə pataloji nifrətinin yaratdığı baryer və Rusiya, Fransa və İran amili. Məsələ baş nazir N.Paşinyana qalsaydı bu münasibətlər bəlkə normal tempində gedərdi. Ancaq sadaladığım amillər imkan vermir ki, uzun illər silahlı münaqişələrdən və qeyri-stabil durumdan əziyyət çəkən Cənubi Qafqaz rahatlıq tapsın, sülh-əminamanlıq içində yaşasın. Doğrudur, erməni xisləti elədir ki, onlar harada var, orada barıt çəlləyi və münaqişə ocaqları var. Lakin onların arxasında böyük güclər duranda məkr və yırtıcı simaları üzə çıxır. İndi nə Rusiya, nə İran özləri böhran içində boğulduğundan erməni dostlarına yetəri dəstək ola bilmirlər. Ermənistanın böyük bacısı Fransa isə regiona çox uzaq olduğundan fəal müdaxilə edə bilmir. Ona görə də sülh prosesi uzansa da, ermənilərin bundan yaxşı alternativ variantları yoxdur. Olmayacaq da. Xarici işlər nazirləri tez tez görüşür, təmasa keçirlər. İki gün öncə hər iki ölkənin baş nazir müavinləri sərhəd məntəqələrində görüşüb demorkasiya və delimitasiya məsələlərini müzakirə ediblər. Yaxın vaxtlarda hər iki ölkənin liderlərinin görüşləri gözlənilir. Ləng və çətin də olsa, proses gedir.
- ABŞ Dövlət katibi A.Blinken dünən prezidentlə telefon danışığında da Ermənistan-Azərbaycan münasibətləri barədə olub. ABŞ təşəbbüsü Rusiyanın əlindən ala bilərmi?
- Belə bir cəhd sözsüz ki, var və bu sistemli şəkildə davam etdirilir. Rəsmi Moskva çox yaxşı anlayır ki, Vaşinqton feostrateji əhəmiyyət daşıyan Cənubi Qafqaz regionundan Rusiyanı tədricən sıxışdırıb çıxarmaq istəyir. Lakin bu heç də asan məsələ deyil. Burada Rusiyanın müttəfiqi olan İran faktoru da var. Digər tərəfdən 300 il regionda hegomonluq edən Rusiyanı bütünlükdə buradan çıxarmağı mümkün hesab etmirəm. Moskva az-çox burada öz maraqlarını təmin edə biləcək. Göründüyü kimi, ABŞ və onun müttəfiqləri ilə Rusiya arasında çox ciddi rəqabət var. Azərbaycan və Ermənistan liderlərinin Qərb mərkəzlərində ikili və çoxtərəfli təmaslarından dərhal sonra Moskvanın vasitəçiliyi də gündəmə gətirilir. Və Kremlin sonu da, üslübu da fərqli, sərt olur. Beləliklə də, prosses pozulur, yaxud da tormozlanır. Moskvanın təxribatları və təzyiq mexanizmləri işə salınır. Rusiya XİN sözçüsü M.Zaxarovanın hədələyici tonu və ardınca Xankəndində etirazlar, eləcə də qanunsuz erməni silahlı birləşmələrinin mövqelərimizi atəşə tutması, bunların hamısı təsadüfi sayılmamalıdır və paralel olaraq Mokvadan idarə olunur. Fikrimcə, Rusiyanı xəfifə almaq lazım deyil və Moskvanın qırmzı cizgisinə toxunmadan Qərbin sülh dəstəyinə yönlənmək daha faydalı olardı. Onu da deməliyəm ki, ermənilərin yaxın vaxtlarda sülh sazişi imzalayacağına şübhə ilə yanaşıram. Ancaq pessimist də deyiləm.
Seçilmişlər
Ən çox oxunanlar