Məmurlar şəhid anasına problem yaradıb, məhkəmə əleyhinə qərar verib - Foto
Tarix: 18-08-2020 14:31
Şəhid anası Validə Əhmədovanın imzası "Azərişıq" ASC-nin əməkdaşları tərəfindən saxtalaşdırılıb.
Bu barədə Reyting.az-a Validə Abbasova özü məlumat verib.
Xatırladaq ki, Validə Abbasovanın oğlu Famil Əhmədov 1993-cü ildə Lələkənd və Ballıqaya əməliyyatları zamanı şəhid olmuş 31 əsgərdən biridir. V. Abbasovanın sözlərinə görə, bir şəhid anası kimi daim dövlətin qayğısını görüb: “Həm ümummilli liderimiz, həm də cənab Prezident İlham Əliyev şəhid ailələrinə qayğı göstərib. Dövlət mənə hələ o vaxtdan torpaq sahəsi ayırdı və mağaza tikdirib işlətməyimə icazə verdi”.
Amma indi Qazax Elektrik Şəbəkənin əməkdaşları şəhid anasına problem yaradıblar. V. Abbasova deyir ki, Qazax Elektrik Şəbəkənin əməkdaşları onun işlətdiyi mağazaya gələrək elektrik sayğacını yoxlayıblar: “Onlar sayğacın qutusunun qapaq hissəsində rəngin dəyişdiyini və surğucunun olmadığını gördülər və mənə "narahat olmayın, sayğaca surğuc vurulacaq, yəqin ki düşüb", - dedilər. Sonra gəlib sayğacı dəyişdirdilər. Qardaşım rəhmətə getmişdi və surğuc qoyulan vaxt mən yasdaydım. Üç ay sonra gəlib akt yazıblar ki, sayğacın qapağının rəngi dəyişib, dövlət möhrü pozulub və sayğaca müdaxilə olunub. Bunu əsas tutaraq akt tərtib edib, həmin aktı isə mənim də əvəzimdən imzalayaraq, mənə 880 manat cərimə yazıblar”.
Şəhid anası məsələ ilə əlaqədar dəfələrlə Qazax rayonunun icra başçısı Rəcəb Babaşovun qəbulunda olub. Elektrik Şəbəkənin rəhbərinə problemin həlli tapşırılsa da, məsələyə biganə yanaşılıb.
Şəhid anası bildirib ki, Qazax Elektrik Şəbəkənin hazırki rəisi Akif Səlimov icra başçısının yanında “baş üstə, problemi həll edərik”,- desə də, icra başçısının qəbulundan çıxdıqdan sonra ona “get, məhkəməyə ver”,- deyirlər.
Məmurlar şəhid anasına problem yaradıb, məhkəmə əleyhinə qərar verib
Şəhid anası iddia edir ki, bu problemi ona Qazax Elektrik Şəbəkənin keçmiş rəisi Elşad Məmmədov yaradıb: “Artıq problemə aylardır biganə yanaşılır. Mən də Qazax Rayon Məhkəməsinə müraciət etdim ki, yaşlı adamam, surğucu necə qırıb, sayğaca necə "barmaq edə" bilərəm? Buna baxmayaraq məhkəmə Qazax Elektrik Şəbəkənin xeyrinə qərar verdi”.
Şəhid anası bildirib ki, hazırda iş Gəncə məhkəməsində araşdırılır: “Gəncə məhkəməsində isə mənə dedilər ki, get, sənədləri gətir görək doğurdan şəhid anasısan ya bizi aldadırsan. Mən də oğlumun şəhid olması ilə bağlı bütün sənədləri göstərmişəm, sonra inanıblar.
Gəncə məhkəməsinin hakimi Rəşad Məmmədov mənə deyir ki, "sən oğlunun qəbri, düzünü de, bəlkə sayğaca müdaxilə etmisən?" Oğlumun Familin qəbrinə and içirəm, deyir, bir də and iç.
Hətta hakim mənə deyir ki, sən qocasan, bəlkə qonşunun uşağına sayğaca qalxıb "barmaq" etməsi üçün göstəriş vermisən?
Şəhid anasına belə sözlərin deyilməsi, bir də “and iç!” tələbi ayıb deyilmi?”
Şəhid anası ehtimal edir ki, sayğacın qapağının rəngi ya Günəş şüasının ya da yağışın təsirindən dəyişə bilər.
“Mənim 70 yaşım var, güclə gəzirəm, buna baxmayaraq məni məhkəmədə süründürürlər”, - V. Abbasova əlavə edib.
Onu da qeyd edək ki, V. Abbasovanın Qazax rayonunda yaşadığı küçəyə şəhid oğlu F. Əhmədovun adı verilib.
Seçilmişlər
Ən çox oxunanlar