“Növbədənkənar parlament seçkiləri müxalifəti parçaladı”
Tarix: 19-12-2019 17:37
Əli Orucov: “AXCP və Milli Şuranın çoxdankı vərdişləridir ki, kim onlar kimi düşünüb addım atmırsa, müxtəlif ittihamlara, şər-böhtanlara məruz qoyurlar”
Xəbər verdiyimiz kimi, Prezidentin sərəncamı ilə Milli Məclis buraxılıb və fevralın 9-da növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərar verilib. Əksər siyasi qüvvələr, ayrı-ayrı fəal şəxslər seçkidə iştirak edəcəklərini bəyan etsələr də, AXCP və Milli Şura üzvləri boykot yolunu tutublar. “Unikal” qəzetinə müsahibə verən AMİP Siyasi Şurasının üzvü Əli Orucovla söhbətə seçki hazırlıqları ilə bağlı sualla başladıq.
-Əli bəy, artıq növbədənkənar parlament seçkiləri elan olunub. AMİP bu seçkilərdə necə iştirak edəcək?
-9 fevralda keçiriləcək növbədənkənar parlament seçkiləri bütün siyasi düşərgə və dövlətimiz üçün bir şansdır. Bu seçkilər hakimiyyətin köklü islahatlara münasibətinin və iradəsinin göstəricisi olacaq. Uzun illər parlamentdən və ictimai-siyasi proseslərdən tədric vəziyyətdə saxlanılan müxalifət düşərgəsi üçün bu seçkilər yeni mərhələyə qədəm qoyması baxımından bir fürsət olacaq. Ümumilikdə götürəndə 9 fevral seçkiləri və seçkilərdən sonrakı dönəm ictimai-siyasi proseslərin gedişatına da, ölkə həyatına da yeni çalarlar gətirəcəyi istisna edilmir. Bu baxımdan AMİP kimi ölkənin ilk və aparıcı partiyası seçki prosesindən kənarda qala bilməzdi. Mən ölkədəki demokratik dəyişikliklərin yolunu və problemlərin həllini seçkilərdən keçdiyi haqqında qənaətimi dəfələrlə müxtəlif tribunalarda və mediada səsləndirmişəm. Seçkidən kənar yol zorakılıqlar, hərbi çevrlişlər, dağıdıcı inqilablar və sairdir ki, bunu da qətiyyən nə arzulamıram, nə də istəmirəm. Partiyanın Mərkəzi Şurası seçkilərdə iştirakla bağlı qərarını verib və müvafiq sənədlərlə Mərkəzi Seçki Komissiyasına artıq müraciət edilib. İnanıram ki, 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində AMİP uğur qazanacaq və parlament partiyası olacaq. Bunun üçün yetərli qədər potensialımız var. Yetər ki, iqtidar seçki üçün heç olmasa minimal mühit yaratsın.
-Müxalifət yenə vahid mövqeyə gələ bilməyib. Seçkidə iştirak edənlər və kənarda dayananlar, boykot edənlər var. Sizcə, boykotla nə qazanmaq olacaq?
-Ali qanunverici orqanın buraxılması məsələsi o qədər sürətlə baş verdi ki, siyasi müxalifət bir növ seytnot vəziyyətə düşdü. Onsuz da müxalifət düşərgəsində lənglik və astagəllik həmişə olub. Bundan qabaqkı seçkilərdə də müxalifət düşərgəsinin vahid mövqeyə qəlməsi tələm-tələsik həyata keçirilib, tərəfdaşların və müttəfiqlərin seçimində ciddi qüsurlara yol verib. Vaxtın darlığı müxalifətin, hətta növbədənkənar parlament seçkiləri ilə bağlı məsləhətləşmələr aparmasına imkan vermədi. Yenə əvvəlki qaydada seçki dairələrində müxalifət namizədlərinin toqquşmasından və protest səslərin parçalanmasından qaçmaq mümkün olmadı. Bu isə hakimiyyət namizədlərinin şanslarını artırdı. Partiyaların vəzifəsi seçkilərdə iştirak etmək, ictimai-siyasi prosesi öz maraqlarına uyğun dəyişməkdir. Cəmiyyəti fəallaşdırmaqla, hakimiyyətin saxtalaşdırmalarına ciddi müqaviməti təşkil edə bilməklə nəyəsə nail olmaq mümkündür. Seçkilər həm də partiyaların nüfuz və gücünü ortaya qoyacaq. Növbədənkənar parlament seçkiləri ölkə müxalifətinin mövqeyini də parçaladı. Milli Şura, AXCP-ni çıxmaqla bütün siyasi təşkilatlar mübarizəyə qoşuldu. Boykot qərarına gəlincə, onu demək istərdim ki, hər bir siyasi partiya öz siyasi mübarizə metodunu, taktikasını özü müəyyənləşdirir. Boykot xətti tutanların da arqumentləri ciddidir və reallıqlara söykənir. Lakin onların irəli sürdükləri şərtlərin bir çoxunu həyata keçirmək hüquqi cəhətdən mümkün deyil. Seçki komissiyalarının tərkibini parlamentdə təmsil olunan partiyalar və bitərəflər müəyyənləşdirir və Milli Məclisdə təsdiq olunur. Digər tərəfdən seçkiləri boykot etmənin özü də siyasi mübarizə vasitəsi olaraq fəal seçki prosesinin aparılmasıdır. Boykot edən siyasi qüvvə də seçkilərə qoşularaq seçicilərin seçkidə iştirak etməmə təbliğatını qurub, onu inandırmalıdır. Bəyanat verib kənarda durmaq boykot sayılmır. Təcrübə göstərib ki, boykot taktikası heç vaxt işləməyib. Azərbaycan müxalifətinin yanlışlıqlarından biri də özünü seçkilərdən kənarda saxlamaqla iqtidarın saxtalaşdırma aparması üçün göydəndüşmə fürsət yaradıb. Əhalinin seçki fəallığının ilbəil azalması isə müxalifətin boykot çağrışına dəstək deyil, seçki institutlarına və seçkilərə inamsızlığının nəticəsidir. AXCP, Milli Şuranın boykot qərarı seçki prosesinə heç bir təsir göstərməyəcək və seçkilər hakimiyyətin istədiyi səviyyədə baş tutmuş sayılacaq. Nəticələri də həm Azərbaycan üçün, həm də beynəlxalq aləm üçün tanınacaq. Heç bir siyasi-hüquqi problemlər və nəticələr yaranmayacaq. Mən şəxs olaraq boykot qərarını səhv qərar hesab edirəm.
-AXCP, Milli Şura seçkidə iştirak edənləri hakimiyyətin dəyirmanına su tökməkdə ittiham edir. Siz hakimiyyətin dəyirmanına su tökürsüz?
-AXCP və Milli Şuranın çoxdankı adəti və vərdişləridir ki, kim onlar kimi düşünüb addım atmırsa, müxtəlif ittihamlara, şər-böhtanlara məruz qoyurlar. Mən də əks-arqumentlər səsləndirə bilərəm ki, hər iki qurum seçkilərdə iştirak etməməklə, hakimiyyətin dəyirmanına su töküb, seçkilərin saxtalaşdırılmasına imkan yaradır. Onların ittihamları qeyri-ciddidır. İqtidarın dəyirmanına su tökməyə ehtiyac yoxdur. Onların dəyirmanı illərdir ki, AXCP və bu kimi partiyaların səhvlərindən, yanlışlıqlarından işlək vəziyyətini saxlamaqdadır. İkincisi də, AXCP 4-5 mandatla parlamentdə təmsil olunanda bəyəm Azərbaycanda demokratik seçki mühiti vardı? Yox idi. Fundamental olaraq heç nə dəyişməyib, nə hakimiyyətin xarakteri, nə ölkədəki vəziyyət, nə də demokratik problemlər həll olunmayıb. Özləri də bilirlər ki, radiklizm cəmiyyət tərəfindən qəbul edilmir və onların da iddiaları imkanları ilə tərs mütənasibdir. İndiki durum iqtidara sərf edir. Müxalifət olaraq biz gözləməli deyilik ki, iqtidar tam demokratik seçki mühiti yaradacaq və biz də bundan istifadə edib onu iqtidardan uzaqlaşdıracağıq. Bunu bizim əvəzimizdən beynəlxalq ictimaiyyət də etməyəcək. Əgər AXCP, Milli Şura inanırsa, onların qabağına qızıl nimçədə hakimiyyət, yaxud da parlament partiyası olmasını gətirib verəcəklər, qoyun o zaman bunu oturub gözləsinlər.
-Sizcə, YAP-ın mövqeyi necə olacaq? Əvvəlki illərdəki kimi parlamentdə mütləq çoxluq təşkil edəcəklər, yoxsa bitərəflərin sayı artacaq?
-YAP növbədənkənar seçkilərin favoritidir. Biz istəsək də, istəməsək də bu belədir, reallıqlarla hesablaşmaq lazımdır. YAP-ın ixtiyarında böyük seçkiləri uğurlu aparması üçün tələb olunan əsas şərtlər inzibati, insan, maliyyə, təbliğat resursları var. Vahid komanda halında, vahid siyahı ilə gedirlər. Bu hakim partiyanın qalib gəlmə imkanlarını kifayət qədər artırır. Müxalifətin isə bircə resursu qalır-protest eloktorat. Bu resurslara da müxalifətin əli çatmır. Narazı elektoratla işləmək üçün təbliğat vasitələri, maddi imkanlar, canlı təbliğatçılar yox kimidir. Üstəlik də müxalif düşərgə təkcə parçalanmış halda getmir, həm də bir-birlərinə rəqib olaraq seçkilərdə iştirak edirlər. Ona görə də hətta ən demokratik seçkilər keçirilsə belə real şərtlər daxilində YAP-ın qalib gəlməsi labüddür. Eyni zamanda nəzərə alsaq ki, bu seçkilərdə hakim partiya cəmiyyətə gənc və yeni simalar təqdim edəcək, vizionunu dəyişəcək, o halda müxalifətin başa-baş mübarizədə qalib gəlməsi ehtimalı çox-çox aşağıdır. Parlamentdə kresloların necə düzləcəyini isə indidən söyləmək çətindir. Amma parlament çoxluğunun YAP-da olacağı dəqiqdir. Mənim ehtimalıma görə, bu dəfəki formalaşdırılacaq parlamentdə kəmiyyətə deyil, keyfiyyətə üstünlük veriləcək. Dəqiqini desək, parlamentdə partiyaların sayına yox, az partiya sayı ilə təmsilçiliyin artırılmasına diqqət yetiriləcək. Milli Məclisin əvvəlki tərkibində 10 partiya ancaq sədrlərlə təmsil olunurdu. Bu praktika uğursuz alındı. Yeni formalaşdırılacaq parlamentdə isə mənə elə gəlir ki, 4-5 partiyanın hərəsinin 3-4 təmsilçisi olacaq. Bizi əhatə edən dövlətlərin hamsında bu cür formatdır. Mən əminəm ki, böyük təcrübəsi və ənənəsi olan AMİP Milli Məclisin tərkibini formalaşdıracaq partiyalardan biri olacaq. Çünki xalqın bizə olan inamı, etimadı, sağlam və konstruktiv müxalifət kimi fəaliyyət göstərməyimiz imkan verir ki, növbəti parlament seçkilərində uğur qazanaq.
-Sizcə, budəfəki seçkilərdə müxalifətdən favorit hansı qüvvə olacaq? Hansı partiyanın şansı daha çoxdur?
-Növbədənkənar parlament seçkilərinin müxalifət fovoriti AMİP-i hesab edirəm. Bunu demək üçün kifayət qədər tutarlı əsaslar var. İlk növbədə yuxarıda da dediyim kimi, xalqın etimadı bizə tamdır. Konstruktiv və sağlam müxalif qüvvə olaraq həmişə xalqın və millətin maraqları öndə olub. Biz ölkədə düşmənçiliyə, qarşılıqlı inkarçılığa, dağıdıcı inqliablara, radikal çağrışlara qarşı olmuşuq. Xarici və yad təsirlərin Azərbaycanda tətbiqinin əleyhinəyik. Azərbaycanın özü spesfik bir dövlət olarq özünəməxsus yanaşma tələb edir. AMİP özü novator, yenilikçi partiya olduğundan yeniləşmənin, islahatların nə olduğunu, necə həyata keçirilməsini çox yaxşı anlayır və bilirik. Azərbaycanda da islahatlar getdikcə dərinləşməklə, əhatə dairəsini genişləndirməyə davam edəcəyi şübhə doğurmur. Lakin bu kimi institisional, struktur və kadr islahatlarını davam etdirmək, artması ehtimal olan daxili və xarici basqılara duruş gətirmək iqtidar üçün heç də asan olmayacaq. Sağlam və islahatçı qüvvələrə də ehtiyac var. Parlament də bu gedən proseslərə adekvat olmalıdır. Digər tərəfdən AMİP strukturlaşmış partiyadır və biz seçki prosesinə mart ayından start vermişik. Nəhayət, partiya parlamentə namizədliyini irəli sürərkən saya deyil, keyfiyyətə üstünlük verəcək. Baxmayaraq ki, partiya 125 dairənin hamısından namizədlər irəli sürmək gücündədir. Ancaq bir neçə seçki dairəsində ən şanslı namizədləri irəli sürməklə partiyanın resurslarını bütün ölkə üzrə dağıtmağa deyil, həmin namizədin uğur qazanmasına və müdafiəsinə yönəldiləcək.
Seçilmişlər
Ən çox oxunanlar