"Cəncəhim” romanı nədir...
Tarix: 16-02-2015 22:39
Ağasən Bədəlzadə,
filologiya üzrə fəlsəfə doktoru, dosent
(Mahir Qabiloğlunun “Cəncəhim” romanı haqqında qeydlərim)
Bu əsər sarsıdıcı tragikomediyadır, cəmiyyətin açıq deyə bilmədiyi dərdlərin, mənəvi protestlərin giley-güzarların, ah-nalələrinin birləşərək, gizli-gizli müəllifin ürəyində toplaması, qaynaması və qeyzer kimi onun sinəsindən havaya püskürməsi və bu vulkanik partlayışın sırası ilə cəmiyyətdəki zülmətin müvəqqəti işıqlanmasıdır. Bu əsərdə cəmiyyətimiz başdan-başa rentgen işığından keçirilmiş, cəmiyyəti təşkil edən bütün strukturların, dairələrin və başqa cəmiyyət ünsürlərinin saxta, bər-bəzəkli kaftan altında iti gözlə görünən cinayətlərin analizidir.
Bu əsər gələcəkdə insanlara ibrət dərsi ola biləcək vicdan möhrü vurmuş bir ittihamnamədir. Bu roman cəmiyyətimizi qurd kimi gəmirən, insanları Conatan Sviftin yaratdığı yuxu tiplərinə çevirən, Sabirin, Mirzə Cəlilin uyuyan məzarlarını silkələyən, M.F.Axundovun gözünü çatdadan protest sənədi, bütün faciəli eybəcərliklərimizin ensiklopediyası, bir işıqlı vicdanın simasını itirmiş cəmiyyətə verdiyi xasiyyətnamədir. Burada komik ünsürlər yoxdur. Alçalmış və alçaldılmış insanların təşkil etdiyi cəmiyyətin faciəsi vardır. Müəllifin istifadə etdiyi bədii üsul yəni alleqoriya Dantenin cəhənnəm fantasmaqoriyalarını əks etdirən səhnələr Ə.Haqverdiyevin “Cəhənnəm məktublarındakı” mənzərələri, M.Ə.Sabirin “Neylərdin, ilahi” fəryadını xatırladır.
Bu roman şəhərbəşəhər, kəndbəkənd, evbəev, əldən-ələ gəzməli son dərəcə gərəkli və ürəkli bir əsərdir. Bu əsər qanunla sanksiyalaşdırılmamış, rəsmiləşdirilməmiş bir məhkəmə ittihamçısının xitabət kürsüsündən salona yağış kimi səpilən protest leysanıdır. Bu roman yaşadığımız cəmiyyətin gələcək taleyinin şərti panoram, “SOS” xəbərdarlığı, getdikcə ağırlaşan bir patalogiyanın şərhi, zamanın ən cəsarətli inkarıdır. “Qiyamət” sözünün mistik mənası gələcəkdə haqsız fiziki və mənəvi ölümə məhkum olunanların qorxunc qiyamı deməkdir. Amma bu müasir dəhşətlər aradan qaldırılmasa, gələcəyi də gözləmək əbəsdir.
Seçilmişlər
Ən çox oxunanlar