Dini eksremizm təhdidləri və onların qarşısının alınmasında KİV-in rolu –Təhlil
Tarix: 11-06-2019 14:18
21-ci, informasiya əsrində KİV dini ekstremizm təhdidlərinin qarşısının alınmasında çox vacib sosial kommunikasiya aləti kimi çıxış edir. Son onilliklərdə informasiya-kommunikasiya texnologiyalarının misli görünməmiş inkişafı informasiyanın əldə olunması, hazırlanması, yayılması ilə bağlı çox böyük imkanlar yaratdığı kimi yeni çağırışlar, təhdidlər də meydana gətirib. Xüsusən dini eksterimist ideyaların yayılması və ona qarşı mübarizə sahəsində KİV əsas alətlərdən, təsisatlardan biri kimi nəzərdən keçirilməyə başlayıb.
Bu, ilk növbədə onunla şərtlənir ki, dini ekstremist ideologiyalar və cərəyanların ideoloqları çox asanlıqla kütləvi auditoriyaya çıxış imkanları əldə ediblər. Ötən əsrdə buna nail olmaq üçün çox böyük resurslar tələb olunurdusa, hazırda insanlara, geniş auditoriyaya xitab etmək olduqca asanlaşıb. Sosial şəbəkələrin meydana gəlməsi, KİV-in sayının kəskin artması yeni tribunalar yaradıb. Dini ekstremizm ideoloqları müxtəlif vasitələrlə bir çox hallarda KİV-i, jurnalistləri bu ideyaların ötürücüsünə, yayımçısına çevrilməsinə çalışırlar.
KİV –in fəaliyyəti ilə bağlı yeni çağırşlar və mövcud problemlər
KİV-in çeşidinin və sayının artması ictimai diqqət, auditoriya, reytinq uğrunda çox böyük rəqabət yaradıb. Bu rəqabət kontekstində peşəkarlığın aşağı düşməsi, peşə-davranış qaydalarının, qanunvericiliyin tələblərinə göz yumulması dini ekstremizm ideoloqları tərəfindən məharətlə istifadə edilir. Reytinq, auditoriyanın diqqəti uğrunda sərt rəqabət, amansız mübarizə KİV-in bu və ya digər haidsə ilə əlaqədar reaksiyası və davranışı üçün müəyyən şablonlar yaradır, dini- eksterimist cərəyanların ideoloqları bundan məharətlə istifadə edir. Bu cərəyanlar müasir dövrdə KİV-in dərhal, bilavasitə onlayn formada hadisələri işıqlandırması mexanizmindən, təfərrüatın çox çevik şəkildə təqdim edilməsi ehtiyacı və marağından məharətlə yararlanırlar.
Başqa ciddi problem peşəkarlığın azalması və redaksiya siyasətinin reytinq mübarizəsi şərtləri ilə formalaşmasıdır. KİV-in sayının çoxalması, informasiyanın ötürülməsi və yayımlanmasının yeni texniki vasitələrinin meydana gəlməsi peşəkarlıq amilini arxa plana keçirib.
Redaksiyalar, nəşrlər peşəkarlığın artırılması, yaxud daha peşəkar heyət formalaşdırılmasına investisiya qoymağa maraq göstərmir. Əksinə, xəbər jurnalistikası, hətta analitika sahəsində belə şoulara xas cəhətlər ön plana çıxır.
Jurnalistlər, KİV əməkdaşları öz fəaliyyətlərinin ictimai məsuliyyətini anlamır, çox vaxt bunun fərqində olmurlar. Bu amil də dini ekstremizm ideoloqları üçün imkanlar yaradır.
Tədqiqatçılar qeyd edirlər ki, dini ekstremist cərəyanlar, terrorçular öz fəaliyyətlərini planlaşdırarkən məhz bu iki amili nəzərə alırlar. Bu cür fəaliyyətlər üçün ilk növbədə ictimai diqqəti çəkmək əsas vəzifədir. Terrorizmin tanınmış tədqiqatçılarından biri Yan Hartman qeyd edir ki, “terror aktının publikliyi terror strategiyasının əsas başılaca elementidir. Əgər terror aktı ictimaiyyətdə informasiya rezonansı yaratmırsa, bu, sosial münaqişə aləti kimi faydasız olur”.
Analoji strategiya dini ekstremist cərəyanlara da aiddir. Dini ekstremist cərəyanlar, onların ideoloqları ictimai dini zəmində ayrıseçkilik, təfriqə yaradan zorakılığı təbliğ edən konkret məsələlərə kökləməyə çalışır və mümkün qədər böyük informasiya rezonansına nail olmağa səy göstərirlər. Eyni zamanda, konkret dinin, dini cərəyanın, yaxud sektanın üstün olması barədə KİV və jurnalistlərdən istifadə edərək, rəy yaratmağa, tolerantlıq, multikultralizm mədəniyyətinin əsaslarını sarsıtmağa çalışırlar.
Qanunvericilik və peşə davranış qaydalarının tələbləri
Bu cür fəaliyyətlərin, strategiyaların qarşısının alınması üçün dövlətlər, beynəlxalq təşkilatlar, jurnalist təşkilat və birlikləri, həmçinin redaksiyalar qanunvericilik islahatları həyata keçirir, peşə standartları və etik davranış qaydalarını, nəzarət mexanizmlərinin yeni reallıqlara cavab verməsinə səy göstərirlər. İlk növbədə təkmil normativ baza vacib şərt sayılır. Normativ baza redaksiyalar və jurnalistlər üçün əsas oriyentr rolunu oynamalıdır. İctimai rezonansa səbəb ola biləcək, ələlxüsüs, dini eksterimizm, terrorizmlə bağlı məsələlərin işıqlandırılması məsələləri qanunvericiliyin, peşə strandartlarının tələbləri nöqyeti-nəzərindən dəyərləndirilməlidir.
Bu sahədə Azərbaycan qanunvericiliyi müasir çağırışları kifayət qədər nəzərə alır. “KİV haqqında” qanunun 10-cu maddəsində qeyd olunur ki, “Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri, habelə yayılması qadağan edilən digər informasiyanı yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla çevirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədaləti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir”.
Sözügedən qanunun 11-ci maddəsində ayrıca qeyd olunur ki, “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanununun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına yol verilmir.
“Dini ekstremizmə qarşı mübarizə haqqında” qanununun 9.3-cü maddəsi dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılması ilə bağlı və xüsusən dini ekstremizmə bəraət qazandıran və ya onun təbliğinə xidmət edən məlumatların yayılmasını qadağan edir.
Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydalarının 3.11-si maddsəində göstərilir ki, “Jurnalist cinayət əməlləri, zorakılıq, qəddarlıq və intihar halları barədə reportajlarda belə əməllərin təşviqi və ya əsassız olaraq sensasiyalı formada təqdim olunmasından çəkinməlidir. Jurnalist zorakılığı təşviq edən, təhrik etməyə səy göstərən və ya belə hallara əl atan şəxslər tərəfindən vasitə kimi istifadə olunmamalı, əksinə, öz reportajlarında belə şəxslərin fəaliyyəti barədə müvafiq məhdudiyyətləri tətbiq etməli və yalnız müvafiq informasiyanın ictimai əhəmiyyət kəsb etməsi şübhə doğurmadıqda bu barədə reportajlar hazırlamalıdır”.
Sözügedən qaydaların 3.12-ci maddəsində qeyd olunur ki, “jurnalist və redaksiya terror hadisəni şişirdən, terrorçuların məqsədinə xidmət edən qorxu effekti yaradan, terroru oyən və terror hərəkətinə bəraət qazandıran reportajlar verməməlidir”.
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda qeyd olunur ki, internet informasiya ehtiyatının və onun domen adının sahibi “terrorçuluğun təbliği və maliyyələşdirilməsi, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri, terrorçuluq məqsədi ilə təlim təşkil etmə və ya keçirmə barədə məlumatlar, habelə terrorçuluğa açıq çağırışlar;
Zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar barədə informaisya yerləşdirməməlidir”.
Dini eksremizə qarşı mübarizə sahəsində KİV-dövlət əməkdaşlığının prinsipləri
Tədqiqatçılar qeyd edirlər ki, dini eksterimizmə qarşı mübarizə sahəsində çox vacib olan KİV-dövlət əməkdaşlığı aşağıdakı prinsiplər üzərində qurulmalıdır:
Qarşılıqı inamın möhkəmləndirilməsi;
Ölkənin təhlükəsizliyinin və sabitliyin təmin edilməsində cəmiyyətin, dövlətin və KİV-in maraqlarınln üst-üsət düşməsinin qəbul edilməsi;
Dövlətin KİV-in bu sahədə peşəkarlığının artırılmasına yardım göstərilməsi;
KİV üçün qanunvericvilikdən kənar məhdudiyyətin tətbiqinin yolverilməzliyi.
KİV-in üçün vacib məqamlar və şərtlər
Tədqiqatçı və ekspertlərin fikrincə, KİV-in dini eksterimizmə qarşı mübarizədə rolu ilə bağlı aşağıdakı məsələlər xüsusilə önəm kəsb edir.
Dini ekstremist cərəyanlar və onların ideoloqlarına onların imkanların, ən başlıcası isə nüfuz və reputasiyasından istifadə etməyə imkan verilməməsi;
İnsanların həyatı və təhlükəsizliyinin bütün məsələlərdən öndə olmasının qəbul edilməsi;
Dini eksterimizm fəaliyyət barədə əldə olunan məlumatların dərhal hüquq-mühafizə orqanlarına verilməsi;
İnformasiya qaynaqlarına xüsusi həssaslıqla yanaşılması, hər bir məlumatın kütləvi ajiotaja səbəb ola biləcəyinin diqqətdə saxlanılması;
KİV-i, jurnalistləri hər hansı hərəkətə təhrik üçün xüsusi planlaşdırılmış addımların atıla biləcəyinin diqqətdə saxlanılması;
Baş vermiş hadisələrin hər hansı dinlə əlaqələndirilməsinin yol verilməzliyi;
İnformasiyalarda dini eksterimist cərəyanalr, onların ideoloq və ardıcıllarının müsbət obrazını yarada biləcək, onlara qarşı rəğbətə səbəb ola biləcək məqamların olmamasına diqqət yetririlməsi.
Z.İbrahimli
Bu məqalə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən, “Tolerantlıq” Sosial Araşdırmalar İB tərəfindən həyata keçirilən “Dini ekstremizmə qarşı mübarizədə, tolerantlıq dəyərlərinin təbliğində KİV və vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində nəşr olunur.
Seçilmişlər
Ən çox oxunanlar