Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
Tarix: 17-09-2014 23:00
Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası növbəti iclasını keçirib. MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlunun rəhbərlik etdiyi komissiya 4 məsələni araşdıraraq müvafiq rəylər çıxarıb.
Mətbuat Şurasından musavat.com-a verilən məlumata görə, öncə Gəncə Dövlət Universitetinin tarix–coğrafiya fakültəsinin dekanı Həsənbala Sadıqovun “M-Media.az” saytı ilə bağlı müraciətinə baxılıb. Şikayətçinin və cavabdeh tərəfin nümayəndəsi, narazılıq doğuran yazının müəllifi Mehriban Əzizqızının məsələ barədə mövqeləri müəyyənləşdirildikdən sonra komissiya üzvlərinin fikir və mülahizələri səslənib. Komissiya rəyə gəlib ki, həmin materiallarda sivil jurnalistikanın tələblərinə tam etinasız yanaşılıb. Yazıda H.Sadıqovun şərəf və ləyaqəti, işgüzar nüfuzu aşağılayıcı ifadələrlə təhqirlərə məruz qalıb. Komissiya üzvləri məqalədə qəzəbin, qərəzin, məqsədyönlü təqdimatın özünü qabarıq biruzə verdiyi rəyinə gəliblər.
Bütün bunların yolverilməzliyi M.Əzizqızının nəzərinə çatdrılsa da o, iradlarla razılaşmayıb, məsələnin hüquqi müstəvidə də araşdırılmasına hazır olduğunu deyib. Komissiyanın rəyində jurnalist etikasına bu cür yanaşmanın “m-media.az” xəbər portalının qüsurlu fəaliyyətindən irəli gəldiyi ifadəsini tapıb. Sayta Azərbaycan Mətbuat Şurasının ciddi xəbərdarlığı elan edilib. Şikayətçiyə isə tövsiyə olunub ki, məsələ hüquqi müstəvidə də araşdırıla bilər.
Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin “Avtomobil Yük Daşımalarının Təşkili” MMC-nin “Rakurs” qəzetindən şikayətinin müzakirəsi bu kütləvi informasiya vasitəsinə Mətbuat Şurasının xəbərdarlığının olunması ilə yekunlaşıb. Bildirilib ki, mətbu nəşrin rəhbərliyi şikayət doğuran materialda öz maraqları ilə bağlı məsələni qaldırmaqla vəzifə səlahiyyətindən sui-istifadə edib. Eyni zamanda yazıda balansla yanaşı etik prinsiplərin digər tələbləri də gözlənilməyib.
Komissiya şikayətçi tərəfə tövsiyə edib ki, ictimai rəyi narahat edən bu kimi məsələlərlə bağlı mətbu çıxışlara diqqətlə yanaşsın, məsələnin mahiyyətinə aydınlıq gətirsin.
Beyləqan Rayon Təhsil Şöbəsinin “yeniaxtaris.az” saytı ilə bağlı müraciəti əsasında çıxarılan rəydə də cavabdeh tərəfə mətbu yazılarda etik prinsiplərin tələblərinin gözlənilməsi tövsiyə olunub. Saytın nəzərinə çatdırılıb ki, şöbə rəhbərliyi barədə yayımlanmış bəzi materiallarda təhqir elementləri, reallığa söykənməyən məqamlar yer alıb. Sayt gələcək fəaliyyətində bu kimi halların təkrarına yol verməməlidir.
İclasda belə bir narahatlıq da ifadəsini tapıb ki, bəzi KİV-lərdə nüfuzlu insanların adları heç bir əsas olmadan kriminal xarakterli yazılarda qabardılır. Bu da haqlı narazılıq doğurur. Birinci qrup Qarabağ əlili, məcburi köçkün Lazım Məhəmməd oğlu Əliyevin də MŞ-yə müraciətində mediada bu tipli materialların təqdimatına etiraz ifadəsini tapıb. Mətbuat Şurası məsələ ilə bağlı müvafiq tədbirlər görüb. Lakin gələcəkdə belə xarakterli mətbu çıxışların təkrar olunmaması üçün MŞ KİV-lərə öz tövsiyəsini verməlidir. Təklif bəyənilib.
Seçilmişlər
Ən çox oxunanlar