İşçi azalır, xərc çoxalır, vergi gizlədilir... - Vaqif Əliyevin “Azfen” üzərindən talanı
Tarix: 03-09-2019 11:11
SOCAR Sərmayələr İdarəsinin rəisi, şirkətin Türkiyə qoluna rəhbərlik edən Vaqif Əliyevin yaxın qohumlarının onlarla insana qarşı dələduzluq etməsinə dair məlumat vermişdik. Xatırladaq ki, V.Əliyevin baldızı oğlu Nicat Qarayev SOCAR-la Türkiyənin “Tekfen” şirkətinin ortaq müəssisəsi olan “Azfen”dəki mövqeyindən istifadə edərək, insanları aldadıb, külli miqdarda vəsaiti mənimsəyib.
GÜNpress.az xəbər verir ki, bununla bağlı AFN-ə müraciət edən zərərçəkənlər “Azfen” Birgə Müəssisəsinin tamamilə V.Əliyevin patronajlığı altında olduğunu, müəssisədə bütün işlərə onun oğlu Orxan Əliyev və digər qohumlarının rəhbərlik etdiklərini bildirirlər.
Onu da qeyd edək ki, 1996-cı ildə yaradılan “Azfen” BM Azərbaycanda həyata keçirilən böyük neft-qaz layihələrində bir neçə milyard dollarlıq sifarişlər alıb. Bundan əlavə, həmin layihələr çərçivəsində Gürcüstanda görülən işlərə cəlb edilib. Eyni zamanda SOCAR-ın müxtəlif müəssisələrində həyata keçirilən çoxsaylı tikinti-yenidənqurma işlərini həyata keçirir. Belə layihələrdən biri Heydər Əliyev adına Neft Emalı Zavodunda bitum qurğusunun, LPG doldurma məntəqəsinin tikintisi və sahənin hazırlanmasını nəzərdə tutur. Maraqlıdır ki, bu layihə üzrə “Azfen”lə 2017-ci ildə bir müqavilə imzalanıb.
Birgə Müəssisənin 2017-ci il üzrə maliyyə hesabatında bu iş üzrə müqavilə çərçivəsində görülən işlərə görə “Azfen”in 23,9 milyon manat, 2018-ci il hesabatında isə 148,3 milyon milyon manat əldə etdiyi qeyd olunur. Qurğunun tikintisinə 2017-ci ilin aprelində başlanıb, 2018-ci ilin oktyabrında isə onun başa çatdığı elan edilib. Bununla bağlı yayılan rəsmi məlumatda 2016-cı ildə bu qurğunun inşası məqsədilə detallı layihələndirmə, satınalma və tikintinin idarə edilməsi işlərinin həyata keçirilməsi üçün Avstriyanın “Poerner” şirkəti ilə Heydər Əliyev adına NEZ arasında müqavilə imzalandığı bildirilir. Qeyd edilir ki, 2017-ci ilin aprel ayından tikinti podratçısı “Azfen” BM tərəfindən ərazidə yeni Bitum qurğusunun inşasına başlanıb, tikintisinə 400 nəfər yerli işçi və mütəxəssisin cəlb olunduğu qurğu işlərin layihə qrafikinə uyğun - 18 ay müddətinə inşa edilərək başa çatdırılıb. Hətta qurğunun tamamlanması ilə əlaqədar “Azfen”in tikinti sahəsində xüsusi toplantı keçirdiyi də qeyd olunub. Dekabrda isə prezidentin iştirakı ilə qurğunun və LPG doldurma məntəqəsinin rəsmi açılış mərasimi də keçirilib. Lakin “Azfen”in 2018-ci il üzrə maliyyə hesabatında verilən məumatdan aydın olur ki, eyni iş üzrə NEZ-lə BM arasında yeni müqavilələr imzalanıb və işlərin 2019-cu ildə başa çatdırılması gözlənilir(!?)
2018-ci ilin 31 dekabrına “Azfen”in bu layihələr üzrə 22,1 milyon manat debitor borcu olub.
Gürcüstana qoyulan investisiyalar gizlədilir
Maraqlıdır ki, “Azfen” Gürcüstanda “Şahdəniz 2” layihəsi çərçivəsində, həmçinin “SOCAR Georgiya”nın podratçısı qismində tikinti işləri həyata keçirsə də, adı bu ölkənin əsas investorlarından biri kimi hallanır. Belə ki, Gürcüstanın “Business Media” nəşrinin hesabatına əsasən, “BP Azerbaijan” şirkəti və “Azfen” BM ötən il Gürcüstan iqtisadiyyatına böyük həcmdə birbaşa xarici investisiya qoyan qeyri-rezident sərmayədarların ilk onluğunda yer alıb. BM-in 2018-ci il üzrə konsolidasiya olunmuş maliyyə hesabatında isə Gürcüstanda bp-yə tikinti, enerji sisteminin təmiri və sair xidmətlər göstərdiyi qeyd edilir. Yəni hesabatda “Azfen”in qonşu ölkəyə hər hansı sərmayə layihəsi qeyd olunmayıb.
“Azfen”ə faktiki rəhbərliyin Vaqif Əliyevə verilməsi haqda iddialar bir neçə səbəb üzündən doğrulmaqdadır. Belə ki, araşdırmalarımız göstərir ki, (bunu hətta idarə rəisi özü mediaya açıqlamasında da bildirmişdi) onun şirkətdə çoxlu sayda qohumları çalışır. Şirkətin müxtəlif layihələrinə rəhbərlik edən həmin qohumlar isə korrupsiyaya, yeyintiyə yol verməkdən çəkinmirlər. Nicat Qarayev nümunəsində bu məsələ artıq ən yüksək səviyyədə diqqətdədir. Sənəd üzərində “Azfen”in rəhbəri başqa adam olsa da, bütün proseslərin V.Əliyevin bilavasitə nəzarətində olduğunu artıq onun N.Qarayev işi ilə bağlı Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində açılmış cinayət işi üzrə dindirilməsi də sübut edir. Qeyd edək ki, V.Əliyevin oğlu Orxan Əliyev də “Azfen”də böyük nüfuza və sözə sahibdir. Halbuki onun orada heç bir vəzifəsi yoxdur. V.Əliyevin digər baldızı oğlu Bəhruz “Azfen”in Gürcüstandakı layihələrindən birinə rəhbərlik edir.
Vaqif Əliyevin “Azfen”də fironluğu davam edir
Məhz “Azfen”də V.Əliyev küləkləri əsməyə başlayandan sonra BM üçün bir çox xidmətlər idarə rəisinin nəzarətində olan şirkətlərə verilib.
Bu xidmətlərdən olan yemək təqdimatını “Azfen”əəvvəlcə “Pronto Catering” MMC, onun ləğvindən sonra isə “Rusel Catering” MMC həyata keçirir. Bu MMC 2016-cı ilin martında yaradılıb. Hüquqi təmsilçisi Həsənov Fərman Hüseyn oğludur. Lakin şirkətə faktiki rəhbərliyi O.Əliyev həyata keçirir. Cəmi 3 il əvvəl yaradılmasına baxmayaraq, MMC “Azfen” BM, “Azneftmaş” ASC, “Rusel Construction”, ATA YARD (AMK TEKFEN AZFEN) və digər şirkətlərin yeməklə təchizatını əldə edə bilib. Aydın məsələdir ki, Azərbaycan reallığında arxası olmayan, sıradan bir şirkətin “Azfen”in yemək təchizatını əldə etməsi qeyri-mümkündür. Özü də yeməklə təchizat sahəsindəki ciddi rəqabət mühitində.
“Azfen”in maliyyə hesabatından aydın olur ki, 2017-ci ildən bəri yemək xərcləri böyük sürətlə artıb. Belə ki, 2018-ci ildə “Azfen”in yemək xərcləri 9 milyon 713 min 445 manat təşkil edib. 2017-ci ildə isə bu xərclər 5 milyon 508 min 224 manat olub. Maraqlıdır ki, 2017-ci ildə BM-in orta hesabla 6642, 2018-ci ildə isə 3613 işçisi olub. Bu isə adambaşına yemək xərcinin 1 ildə 3 dəfədən çox artması deməkdir.
Onu da qeyd edək ki, “Rusel Catering” MMC-nin hüquqi ünvanı “Rusel Plaza” göstərilir. Hansı ki, bu ofis mərkəzinin də Əliyevlərə məxsus olduğu deyilir.
Vaqif Əliyevin “Azfen” üzərindən talanı
“Azfen”in nəqliyyat xərcləri də müxtəlif dövrlərdə mətbuatın diqqətini cəlb edib. Yayılan məlumatlara görə, BM-in nəqliyyat idarəsində işçiləri daşımaq üçün müxtəlif vaxtlarda 300-dən artıq müxtəlif tutumlu avtobusların hər birinə ayda 7-8 min manat icarə haqqı yazılır. Maliyyə hesabatından aydın olur ki, 2017-ci ildə “Azfen”in nəqliyyat xərcləri 29 milyon 642 min manat, 2018-ci ildə isə 14 milyon 525 min manat olub. Ümumiyyətlə, BM-n nəqliyyat xərcləri 2016-ci ildən sürətlə artıb. Məsələ burasındadır ki, “Azfen”ə nəqliyyat xidmətlərini V.Əliyevin oğluna məxsus “ScanEX Enterprises Limited” şirkəti göstərir. Öz saytında verilən məlumata görə, şirkət “nəqliyyat xidmətləri sahəsində ən böyük şirkətlərdən biri olaraq pikapların, yük maşınlarının, avtobusların, ağır və tikinti texnikasının icarəsini, həmçinin avtomobillərin satışını təklif edir. Bu xidmətlərdən biri də maşın-mexanizmlərin təqdimidir. “Azfen”in maşın-mexanizm xərcləri 2017-ci ildə 112 milyon 777 min manat, 2018-ci ildə isə 55 milyon 606 min manat təşkil edib. Bu vəsaitlərin bir hissəsinin, yoxsa hamısının O.Əliyevin şirkətinə verildiyi məlum deyil: “Azfen” belə xidmətləri heç bir açıq tender keçirmədən satın alır. Hətta tender keçirilirsə belə, geniş ictimaiyyətə bu barədə hansısa detallı məlumat açıqlanmır. Görünür, məhz Əliyevlərə bağlı şirkətlərin xidmətlərinə üstünlük verildiyi üçün cəmiyyətə məlumat verib hali etmək istəmirlər.
10 faizlik mənfəət vergisi?
“Azfen”in maliyyə hesabatlarında diqqəti cəlb edən daha bir məsələ ödənilən mənfəət vergisi ilə bağlıdır. İllər üzrə müəssisənin əldə etdiyi mənfəətin məbləği ilə ödənilən mənfəət vergisi arasında uyğunsuzluq var. Belə ki, Vergi Məcəlləsinə əsasən Azərbaycanda mənfəət vergisi mənfəətin (bütün xərclər çıxılandan sonra yerdə qalan xalis gəlir) 20 faizi həcmində ödənməlidir. “Azfen” Azərbaycanda dövlət şirkəti olan SOCAR-ın pay üstünlüyü ilə yaradılan müəssisədir və normalda mənfəət vergisini 20 faizlə ödəməlidir. Lakin hesabatlardan aydın olur ki, 2017-ci ildə ödənilən mənfəət vergisi xalis gəlirin 18,3 faizi, 2018-ci ildə isə cəmi 10,8 faizi həcmində olub. Hesabatı hazırlayan “Ernest &Young” audit şirkəti bununla bağlı xüsusi qeydində belə ödəməni Azərbaycanda hasilatın pay bölgüsü sazişləri üzrə fərqli vergi rejiminin olması ilə izah edir – “Azfen”in əsas sifarişləri bu layihələr çərçivəsindədir. Lakin məsələ burasındadır ki, bu iştirak əsas podratçı deyil, subpodratçı qismindədir. Yəni əksər hallarda “Azfen” işləri birbaşa layihə operatorundan deyil, podratçılardan alır. Bu halda onun mənfəət vergisini sazişdə nəzərdə tutulan rejimlə ödəməsi ciddi suallar yaradır. Hansı ki, auditorun rəyində də yerli vergi orqanları ilə bu məsələ ilə bağlı ziddiyyətlərin yaranması istisna olunmur.
Maliyyə hesabatından aydın olur ki, 3 nəfərdən ibarət rəhbərlik qrupuna əmək haqqı və qısamüddətli ödənişlər olaraq 2018-ci ildə 2 milyon 135 min manat ödənilib. Bu isə orta hesabla ayda 1 nəfərə 59 min manatdan yuxarı ödəniş olunduğu deməkdir. Azərbaycan kimi ölkə üçün bu, fantastik bir məbləğdir.
“Azfen”in maliyyə hesabatlılığı ilə bağlı bir maraqlı məsələ budur ki, şirkətin maliyyə fəaliyyətini 2017-cı ildən etibarən “Ernst&Young” şirkəti audit etməyə başlayıb. Həmin ilin iyulunda “Azfen”in 2014, 2015 və 2016-cı il üzrə fəaliyyəti şirkət tərəfindən audit olunaraq, əvvəlki auditorun ciddi nöqsanlar buraxdığı üzə çıxarılıb. Əvvəlki auditorun hansı şirkət olduğu isə açıqlanmır.
BM-in 2017-ci il üzrə auditor rəyi və hesabatı internet saytına kustar formada, qələmlə müxtəlif işarələnmələr aparılmış halda yerləşdirilib.
Yeri gəlmişkən, qeyd edək ki, bu günlərdə yayılan məlumata görə, “Azfen” “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi çərçivəsində yeni platformanın (“Mərkəzi-Şərqi Azəri”) tikinti və montaj işlərini həyata keçirəcək. Bu barədə “Tekfen Holding”n yaydığı məlumata görə, AÇG-nin operatoru “BP-Exploration” şirkəti ilə 486,3 milyon dollar dəyərində müqavilə imzalanıb. Müqaviləyə əsasən 16 936 ton ağırlığındakı platformanın inşasının 38 ay müddətində tamamlanması gözlənilir. Qeyd edilib ki, “Azfen” şirkətində ortaqlıq payına uyğun olaraq “Tekfen İnşaat”ın layihədə payı 194,5 milyon dollardır.
Ümid edirik ki, yuxarıda qeyd etdiyimiz faktlar istintaq orqanının diqqətindən yayınmayacaq.
Seçilmişlər
Ən çox oxunanlar