Dövlət babanın minnət borcu
Ölkədə böhran olsa da, iş tapılmasa da, dolanışıq çətinləşsə də, hər gün yeni mövzumuz var.
Bəlkə də elə buna görə bizdə «Aclıq olsun, kef olsun» kimi məntiqsiz bir deyim var. Bir qarın ac, bir qarın tox olsaq da, kefimizdən qalmırıq. Nəsə tapıb ortaya çıxardırıq. Qeybət millətin qanına elə hopub ki, ucqar kəndə baş verən hər hansı bir hadisə "çerez facebook” ölkənin bir nömrəli mövzusuna çevrilə bilir. Camaatımız da sosial şəbəkələrə nə təhər adaptasiya olubsa, fikrindən keçəni "döşəyir”…
Bayramdan sonra, ilk iş günündə təzə mövzu ortaya çıxdı. Başda Milli Məclisin sədri Oqtay Əsədov olmaq şərtiylə, 13 deputatın paytaxtın mərkəzində mənzil alması xəbəri qısa müddətdə gündəm oldu. Hər ağızdan bir avaz gəldi. Axırda Milli Məclisdən rəsmi açıqlama verildi ki, sən demə, nə Oqtay müəllimə, nə də digər deputatlara ev verilməyib.
Düzü, kimə ev verilib-verilməməsi məni zərrə qədər də maraqlandırmır. Nəyimə lazımdır? Guya Oqtay Əsədova, yaxud hansısa deputata ev verəndə bizdən məsləhət alacaqlar? Camaat bəzən unudur ki, o boyda Milli Məclisə üzv seçəndə kiminsə fikrini soruşan olmur, amma 100-150 kvadratlıq evin davasına çıxıblar.
İndiyə kimi haqqı olana haqqını nə vaxt veriblər ki, bundan sonra da haqq müzakirəsi açılır? 25 ildən çoxdur müharibə gedir, 20 ildən çoxdur guya atəşkəsdir, milyardlarla dollar neft pulları gəlib-gedib, amma hələ də minlərlə evisiz-eşiksiz şəhid ailəsi və qazi var. 20 mindən çox şəhidin, qazinin «qan pulu»nu ovcunda sıxıb saxlayan hökumətdən hansı ədaləti gözləyirlər?
Uzun sözün qısası odur ki, bu ölkədə hökumətdəkilər, evi də, pulu da, maşını da, vəzifəni də olana verirlər. Bunu ki, hər biriniz yaxşı bilirsiniz. O zaman Oqtay Əsədov və digər deputatlarımıza ev verilməsini niyə süngü ilə, səs-küylə qarşılayırsız, əziz bacılar və qardaşlar?! Axı, biz buna adətkarda olmalıydıq.
Amma ev məsələsi ilə bağlı ən çox səslənən təklif məni sıxdı. Bu yazını yazmağıma da səbəb olan elə budur. Əksəriyyət deputatlara deyir ki, o evi hansısa şəhid ailəsinə bağışla. Niyə? Bəyəm, dövlət və onun başındakılar hansısa deputatdan zəifdir, yoxsa kasıb? Dövlət dura-dura niyə hansısa deputat, iş adamı şəhid ailəsinə ev bağışlamalıdır? O şəhid ailəsini bu dövlətə əmanət etməyibmi? Bu dövlət o qədərmi düşüb ki, onun əmanətinə hansısa deputat sahib çıxa? Şəhidinə, qazisinə, hətta sıravi vətəndaşına sahib çıxmayan, kimisə minnətli çörəyə möhtac qoyan dövlətə dövlətmi demək olar?
Elə dəyərlər var ki, dövlət özü ona sahib çıxmalı, uca tutmalıdır. Dövlətin bir üzü olmaz. Sərt üzünü göstərib övladını ölümə göndərən dövlət, şəhid olan övladının əmanətinə isti nəfəsi ilə sahib çıxmalıdır. Şəhidlər öz canlarını dövlət babanın şərəfi uğrunda minnətsiz qurban veriblər. İndi də dövlət baba şəhid əmanətlərinin minnətə düşməsinə imkan verməməlidir. Bu, dövlətin borcudur.