Gənclərin seçki maarifləndirilməsi ilə bağlı seminar
Tarix: 05-10-2015 17:51
"İnfotex” Gənclik və Maarifçilik İctimai Birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırdığı "Gənclərin seçkilərlə bağlı maarifləndirilməsi və aktivliyinin artırılması” layihəsi çərçivəsindəki növbəti seminarını Göyçay rayonunda keçirib.
Toplantını giriş sözü ilə açan "İnfotex” Gənclik və Maarifçilik İctimai Birliyinin sədri Seymur Verdizadə seçkilərin cəmiyyət həyatındakı rolundan danışıb. Bu mənada parlament seçkisinin mühüm əhəmiyyət daşıdığını vurğulayan S.Verdizadə ölkəmizin müxtəlif bölgələrində prosesə hazırlığın aparıldığını diqqətə çatdırıb. Təşkilat sədri həmçinin gənclərin mühüm taleyüklü hadisəyə töhfəsinin olmasının vacibliyini də əsaslandırıb. Mövcud xüsusda layihənin məqsəd və vəzifələrinə geniş aydınlıq gətirib: "Seçkinin azad və ədalətli keçirilməsi son dərəcə vacibdir. Hər bir vətəndaş iradəsini ortaya qoymalıdır. Bu, insanın təməl hüquq və azadlıqlarının mühüm tərkib hissəsidir. Düşünürəm ki, ölkənin gələcəyi olan gənclər məsələyə daha həssas yanaşmalıdırlar. Layihəmiz də bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasını hədəf seçib”, - deyən S.Verdizadə əlavə edib.
"RUH” Azərbaycan Jurnalistləri Müdafiəs Komitəsinin icraçı direktoru Əvəz Rüstəmov seçkini hər bir xalqın taleyində sınaq dövrü kimi dəyərləndirib. Keçmiş sovet totalitar quruluşunda seçkinin formal xarakter daşımasının insanlar üçün adi qarşılandığını diqqətə çatdıran Ə.Rüstəmov bildirib ki, müstəqillik illərində mövcud xoşagəlməz tendensiyanın sıradan çıxması hüquqi dövlət, demokratik cəmiyyət quruculuğu prosesindəki mühüm nailiyyətdir: "Bu gün ölkəmizdə seçki ənənəsi formalaşıb. Hesab edirəm ki, bu ənənə yeni çalarlar əldə etməlidir. Bunun üçün cəmiyyət üzvlərinin, xüsusən də gənclərin fəallığı mütləqdir”.
Layihənin eksperti Teyyub Mirqasımov seçki prosesinə dair yerli və beynəlxalq qanunvericilikdəki spesifik məqamlardan söz açıb. O bildirib ki, ölkəmizdə dövlət hakimiyyətinin əsasını xalqın iradəsi təşkil edir. Xalqın iradəsi ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə azad və mütəmadi keçirilən seçkilərdə, habelə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə keçirilən ümumxalq səsverməsində - referendumda təzahürünü tapır. T.Mirqasımov habelə parlament seçkisində vətəndaşların aktiv və passiv seçki hüququndan iştirakına dair məsələlərdən geniş söz açıb.
Qarşılıqlı müzakirələr şəraitində keçən toplantıda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Seçilmişlər
Ən çox oxunanlar