"Pandemiya" adlı film çəkildi - VİDEO
Tarix: 06-07-2020 19:56
Tanınmış aktyor və rejissor Rza Rzayev "Pandemiya" adlı qısametrajlı bədii film çəkib.
"Pandemiya bir təbii fəlakət olmaqla yanaşı, insan həyatının bütün sahələrini bürüyən kəskin böhranı ortaya çıxardı. Bu baxımdan onun fəlsəfi, düşündürücü əhəmiyyəti böyükdür" deyən R.Rzayev filmin təqdimatı ilə bağlı bunları bildirib:
"O, bütün dünyanın siyasi-iqtisadi dayaqlarını silkələdi, mövcud ictimai münasibətləri uçurub yenilərinin yaranma zərurətini meydana çıxardı, insan azadlığı ilə onun yaşam zərurəti arasındakı ziddiyyəti gücləndirdi, "sosial məsafə", "sosial və özünütəcrid ", "özünə nəzarət", "şəxsi məkanı tərk etməmək" anlayışlarını meydana gətirdi.
Xeyirlə şər arasındakı əzəli-əbədi mübarizə yeni müstəvidə, yeni formada təzahür etməyə başladı. Antihumanizmin qlobal dominant düşüncə və həyat tərzinə çevrilməsi insan varlığının "olum-ölüm" dilemmasını daha da kəskinləşdirdi.
"Pandemiya" filmi bu yeni mübarizə formasını, həyatı qoruyub saxlamaq üçün ictimai münasibətlərin yenidən şəkillənməsi zərurətini, cəmiyyətin bütün dairələrində və eləcə də insanın ruh həyatında laqeydlik, hərislik, xudbinlik, məsuliyyətsizlik, təkəbbür, intizamsızlıq və s. kimi xüsusiyyətlərin artıq yalnız sadəcə mənəvi naqisliklər, neqativ mental xüsusiyyətlər deyil, həm də insanın fiziki məhvini, ölümünü şərtləndirən şər vasitələri olduğunu əks etdirir.
Film göstərir ki, əsas ölüm təhlükəsi pandemiyanın özündə deyil, cəmiyyət sağlam immuniteti ilə hər hansı virusun xaricdən gətirdiyi ölüm təhlükəsinin qarşısını ala bilər. Ölüm pandemiyaya qədərki cəmiyyətdə, onun ictimai münasibətlərində, fərdlərinin mənəviyyatında naqislik və eybəcərliklərin birləşib yetişməsindədir. Cəmiyyət orqanizmi daxildə öz ölümcül xəstəliklərini daşıyır. Pandemiya kəskin xarici amil olaraq sadəcə daxildə yetişən bu ölümü üzə çıxarır".
Filmi aşağıdakı heyət ərsəyə gətirib: Ssenari müəllifi & Quruluşçu rejissor - Rza Rzayev, Quruluşçu operator - Raid Abbasov, Quruluşçu rəssam - Rza Rzayev, Mətn - Arzu Əsəd, Bəstəkar - Firudin Allahverdi, Baş prodüser - Rövşən Tağıyev & Rza Rzayev, Layihə rəhbəri - Rüstəm Əliyev, İkinci rejissor - Bəhruz Vaqifoğlu, Redaktor - Günay Arda
Seçilmişlər
Ən çox oxunanlar