Zırpı burunlular
Tarix: 20-05-2020 19:35
(Hekayə)
Əjdər rayon mərkəzində böyük restoranda xörək paylayan illəyirdi. Biz arabir rayon mərkəzinə gedəndə günorta naharını o restoranda yeyirdik.
Əjdər kişi adəti üzrə stola yaxınlaşır, şirin dillə bizi salamlayır, hansı yeməyi təklif edirdisə, onu sifariş edirdik. Bir neçə bu cür nahardan sonra onunla dostlaşdıq. Onu da deyim ki, bura gələnlər yeyib hallanandan sonra onu da bir “yüz”ə qonaq edirdilər. Yaxşı şeir deyən Əjdər kişi bir bənd şeir deyib əlindəki badəni bir nəfəsə atıb o biri stollara keçirdi. Mən onu diqqətlə müşahidə edərkən onun bütün stollarda təklif olunan badəyə “yox” demədiyini görürdüm. Beləcə bir neçə illər keçib gedirdi. Növbəti illərin birində bizim stola yanaşan Əjdər kişini güclə tanıya bildim. Saçı-saqqalı təmiz ağarmış, üzü gözü qızarmış və əlləri əsirdi. Restoranda tam seyrəklik olduğu üçün onu stolumuza dəvət etdik. Ona içki süzsəndə qədəhi kənara itələdi. Bizi bu çox maraqlandırdığı üçün nə baş verdiyini sorduq.
-Uzun söhbətdir,- deyə o izahat verməyə başladı. Hər kəsin təklif etdiyi badəni içirdi və yavaş-yavaş hiss edirdim ki, artıq mən içki aludəçisi olmuşam. Evə hallı gedir, səhərlər baş ağrısı mənə rahatlıq vermirdi. Həkimə müraciət etməli oldum. Həkim nə qədər gec deyil, bu zibildən uzaqlaşmağı təklif etdi. Taksi tutub evə gəldim. Bəlkə son bir neçə ildə ilk dəfə idi ki, evə ayıq başla gəlirdim. Ailə üzvləri başıma yığıldı. Saydım. Mən də olmaqla, düz səkkiz nəfər idik. Hamısı da təəccüb içində yazıq baxışlarla mənə baxırdılar. Sonra uşaqlar çıxıb oynamağa getdilər. Üzümü qaldırmadan xəcalət içində arvaddan soruşdum;
-Bunlar hamısı bizimdir?
Arvad sualımdan hirslənərək:
-Görmürsən, zırpı burun, zırpı burun sənə oxşayırlar. Ayıb olsun sənə, bu neçə ildə bir dəfə ayıq vaxtın olub ki??? Axşam kefli gəlmisən, səhərlər o başdan getmisən.
Xəcalətimdən heç nə deyə bilmədim... Soyuq əcəl təri məni xırxaladı. Ömrümdə bu hala düşməmişdim. Özümü suala görə dünyanın ən yaramaz adamı sandım. O gündən bu zəhrimara son qoydum.
Əbülfət Alışov
Seçilmişlər
Ən çox oxunanlar