Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Elxan Usubovun "Şəki xanlığı" nə işlə məşğuldur?

Tarix: 29-06-2020 11:16   
Azərbaycanın sosial baxımdan ən uğursuz, talesiz, unudulmuş, bərbad Şəki kəndləri...
Elxan Usubovun "Şəki xanlığı" nə işlə məşğuldur?
Yəqin ki, İcra başçısı Elxan Usubov Şəki rayonunun yalnız Şəki şəhərindən yox, həm də 70-ə yaxın kənd və qəsəbədən ibarət olduğunu bilməmiş deyil. Ancaq ildə ən azı 5 gündən bir kəndlərdən birinə baş çəkməli olduğu halda, "başçı" olduğu 9 ildə güzarını saldığı, "xoşbəxt etdiyi" kənd-kəsək çox az olub.

Xeyli vaxtdır ki, Şəki rayonunun kənd camaatı ondan narazıdır. Səbəblər çoxdur. Söhbətimiz də elə bu barədədir...
İlk olaraq deyim ki, onun haqqında bildiyim və eşitdiyim az-çox xoş fikirlər yalnız Şəkidə keçirilən ənənəvi Novruz və yumor bayramlarını, müxtəlif musiqi festivallarını, şoularını, elmi-ədəbi tədbirləri yüksək səviyyədə təşkil edə bilməsi, respublikanın müxtəlif yerlərindən bu qədim, milli koloritini bu gün də qoruyub saxlayan (aydındır ki, bu, qətiyyən E.Usubovun yox, ta qədimdən başlayaraq şəkililərin özlərinin xidmətidir) bu gözəl diyara təşrif buyuran mədəniyyət-incəsənət xadimlərini, şəhərin digər qonaqlarını layiqincə qarşılayıb, yola salmasıdır.
Ədalət naminə onu da demək lazımdır ki, Elxan Usubovun Şəki rayonunun İcra başçısı olduğu 9 ildə müəyyən işlər görülüb, ancaq onların çoxu yeni istiqamətlər üzrə deyil, əvvəlki illərdəki işlərin sadəcə bu və ya digər səviyyədə "xroniki" davamı olub. Bütünlükdə isə rayonun (təkcə Şəki şəhərinin yox!) sosial-iqtisadi inkişafı sahəsində yeniliklər respublikanın digər şəhər və kəndləri ilə müqayisədə o qədər də gözə çarpmır. İcra başçısının 2017-ci ildə rayonda həyata keçirilmiş tədbirlər barədə verdiyi hesabatın bütünlüklə düzlüyünə inansaq (nədənsə, İcra hakimiyyətinin saytında 2018 və 2019-cu illərin hesabatları verilməyib), həmin il rayonda az iş görülməmişdir. Xeyli miqdarda taxıl, meyvə, tütün, barama istehsal edilmiş, 140 mindən çox tut tingləri əkilmiş, 470 hektara qədər sahədə fındıq bağları salınmışdır. Bunlarla yanaşı məruzədə doğruluğu şübhə doğuran məqamlar da az deyil. Məsələn, hesabat ilində rayonda 20 sənaye müəssisəsinin (???- yəqin çörək sexləri nəzərdə tutulub) fəaliyyət göstərməsi, 2003-2008-ci illərdə 21.819 (?), 2017-ci ildə isə 2985 yeni daimi iş yerinin açılması qeyd edilir ki, bunların da real olması qətiyyən inandırıcı görünmür. Məruzədə o da göstərilir ki, 2011-2017-ci illərdə, yəni 7 ildə rayonda 30 məktəb yenidən tikilmiş (?) və ya əsaslı təmir olunmuşdur. Bir-neçə kəndlərarası yolların tikintisinin başlandığı və davam etdirilməsi qeyri-müəyyənliklə qeyd olunsa da, heç bir konkret rəqəm və işlərin nə vaxt yekunlaşacağı göstərilməyib. Hesabatda ümumi şəkildə o da diqqətə çatdırılıb ki, "Şəki bələdiyyəsi tərəfindən torpaq sahələri satılmış (?), yeni yaşayış massivləri yaradılmışdır".
Şübhəsiz ki, ən böyük uğur 2017-ci ildə Şəki şəhərinin YUNESKO-nun "Yaradıcı Şəhərlər Şəbəkəsi"nə daxil edilməsidir ki, bu da yalnız rayon rəhbərliyinin yox, eyni zamanda Mədəniyyət Nazirliyinin və digər respublika təşkilatlarının birgə səyi nəticəsində mümkün olmuşdur.
Bəli, rayonda son 9 ildə az-çox müəyyən işlər görülüb. Lakin E.Usubovun 2001-ci ildə bura "başçı" təyin olunduğu vaxtdan bugünədək olan fəaliyyətinə diqqətlə nəzər salanda belə təsəvvür yaranır ki, sanki o, Şəki rayonuna daha çox festivallar, bayramlar keçirtmək, qonaq-qaranı hörmətlə qarşılayıb, yola salmaq üçün gəlib bura. Başı daha çox müxtəlif mədəni-kütləvi, bayram tədbirlərinin keçirilməsinə o qədər qarışıb ki, unudub ki, Şəki rayonu təkcə Şəki şəhərindən yox, həm də 70-ə yaxın kənddən, qəsəbədən ibarətdir və şəhərin 68.360 nəfər əhalisindən daha çox - 117.840 nəfər kəndlərdə yaşayır. Deməli, Şəkinin özündən də 1,7 dəfə artıq kənd əhalisinə, onun sosial-məişət şəraitinə diqqət yetirmək lazım gəlirdi. Ancaq, təəssüf ki, reallıq tam əksinədir - kəndlərdə Elxan Usubovun bir İcra başçısı kimi diqqət və qayğısı hiss edilmir.
Axı, ötən 9 ildə o, kəndlərin hamısında olmayıbsa və kənd sakinləri ilə vaxtaşırı görüşməyə "imkanı tapmayıbsa" və kəndlərdən basa-basa rayon mərkəzinə uzun-qısa yol gələrək, İcra hakimiyyətinə hansısa bir dərdi-şikayəti ilə müraciət edənlərlə söhbətləri də yalnız rəsmiçilik çərçivəsində olubsa, kəndlərə hansı diqqət və qayğıdan danışmaq olar?
E.Usubov haqqında müxtəlif mətbuat səhifələrində çox yazılıb. Lakin təəssüf ki, əsasən tənqidi məqalələr. Bildirilir ki, camaata qarşı laqeyddir, kobuddur, rayonu bərbad günə qoyub və s. Düzü, açığını deyim ki, mən ona qarşı olan bir çox iradlarla razılaşsam da, kobudluq məsələsində heç də tam razı ola bilmirəm. Çünki mənim təsəvürümdə o, mədəni, ləyaqətli, ziyalı bir adamdır və qətiyyən kobud adama oxşamır. Lakin eyni zamanda sual doğur: o, həqiqətən mədəni, ziyalı adamdırsa, ilk növbədə həm də qayğıkeş, insanpərvər, millətsevər, vətənpərvər olmalı deyilmi? Buna görə də ona qarşı səslənən iradlara və tənqidi fikirlərə o qədər də inana bilməyərək, xeyli vaxt idi ki, həmin fakt və dəlilləri təəssüf və təəccüblə qarşılamalı olurdum. Yəqin elə buna görədir ki, Elxan Usubovu mənə çox gözəl insan, Şəki rayonu üçün çox böyük işlər görmüş bacarıqlı təşkilatçı-rəhbər kimi pozitiv mövqedən tanıtmağa çalışmış bir alim dostumun qiyabi "təqdimatından" sonra onun haqqında hələ 2 il əvvəl yazmaq istədiyim məqaləni başa çatdırmağa tələsməmişdim.
Lakin təkcə mətbuatda oxuduqlarım yox, həm də hərdən yolumu saldığım Şəki kəndlərində gördüklərim və eşitdiyim narazılıqlar səbrimə son qoydu. Və mən burda E.Usubovun ancaq bir kəndin nümunəsində "fəaliyyətindən" söz açmaqla onun haqqında deyilənlərin nə dərəcədə doğru-düzgün olub-olmadığını araşdırmaq istəyirəm.

60 il keçsə də, bir kəndin rəhbəri, ağsaqqalı olmuş Əli dayıya bu gün də rəhmət oxunur. O cür hörmət-izzəti bugünkü İcra başçısı E.Usubov qazana bilibmi?

Vaxtilə Şəki rayonunda bütün cənubi Qafqaz regionunun ən iri, məşhur taxılçılıq təsərrüfatı vardı - S.Orconikidze adına taxılçılıq sovxozu adlanırdı. Onun beş şöbəsi vardı (indi hər biri ayrıca kənddir). Vaxtilə onlardan birinin - 3-cü şöbənin müdiri orta boylu, yaşı 50-dən çox olmayan bir kişi - Əli dayı olub. Məhz onun - bu gün də yerli camaat tərəfindən hörmətlə, minnətdarlıqla xatırlanan, gözü-könlü tox, hər zaman camaatın qeydinə qalan Əli dayının təşəbbüsü ilə 3-cü şöbəyə - indi Sarıca adlanan kəndə ilk dəfə 1956-57-ci illərdə elektrik xətti çəkildi, kənddə böyüklü-kiçikli hamının sevincinə səbəb olan, axşamlar kəndi nura qərq edən işıq dirəkləri, həmçinin o dövr üçün böyük yenilik sayılan radio-reproduktor qoyuldy, kəndarası yollar asfaltlandı, o vaxtlar bol sulu olan, yaxınlıqdakı dağ-təpə arasından gurultu ilə axan Əlican çayından kəndə su xətti çəkildi, heyvandarlıq, taxılçılıq sürətlə inkişaf etdi.
Sarıca fermalarında o vaxt yüzlərlə baş qaramal, Qəşər, Bayan adlanan yerlərdə minlərlə qoyun-quzu saxlanırdı. Hətta hər ailənin toyuq-cücədən başqa bir-neçə baş iribuynuzlu mal-qarası, qoyunu-keçisi vardı ki, onlar da səhər obaşdan sürü ilə kəndin ətrafındakı, çay kənarındakı, dağ-təpələrdəki örüşlərə çıxarılırdı. Taxılçılıqdan, heyvandarlıqdan əldə olunan gəlirdən (maaşdan) əlavə camaatın gen-bol dolanışığı vardı. Hər halda heç kəs qonşuya ət, yağ, süd, yumurta və s. üçün əlborcuna getmirdi. Həyətlərə də təmiz çay suyu çəkildiyindən kəndin mer-meyvəsi, tərəvəzi də bol olardı. Gündüzlər ağır zəhmətə qatlaşaraq çalışan kənd adamları axşamlar kluba yığışaraq, nərd, şahmat, bilyard, domino oynayar, uşaqlı-böyüklü "Məşədi İbad" (camaat arasında o məşhur film belə adlanırdı), "Arşın mal alan", "Cənab-420" və digər filmlərə maraqla baxaraq, istirahət edərdilər (onda Qarabağ müsibətlərimiz-dərdlərimiz də yox idi...).
İndi o günlər kənd camaatının yadında unudulmaz, xoş xatirələr kimi qalıb. Çünki o kəndarası asfalt yollar da artıq çoxdan dağılıb, o klub da (ondan sonra tikilən daha geniş, müasir olanı da...), nə Əli dayının işıq dirəkləri var, nə sürü ilə örüşə çıxarılan mal-heyvanat. Çünki rayon və kənd "böyüklərinin" tamahı üzündən, bütün torpaqları son qarışınadək satmaları səbəbindən mal-qaranın otlaması üçün heç bir örüş yeri qalmayıb. Kəndin əsas hissəsində təmiz çay suyu da yay aylarında tamam qəhətə çıxır və arrtıq neçə ildir ki həyətlərə su çəlləklərlə, su maşınları ilə daşınaraq pulla satılır...
Eh, Allah sənə rəhmət eləsin, Əli dayı, yerin behişt olsun! 65 il keçsə də, sənin o ağır illərdə, çətin şəraitdə gördüyün xeyirxah işləri son zamanlar davam etdirən olmadı. Oldusa da, kağız üzərində, ayrılan pulları isə haramçılıqla çoxdan yeyib-dağıdıblar.
Bəli, təəssüf ki, Əli dayıdan sonra (xüsusilə də son 20-25 il ərzində) Sarıca və Qayabaşı kəndləri arasında tikilmiş kiçik bir poçt şöbəsindən başqa bu ərazidə rayon rəhbərliyi və yerli Bələdiyyə tərəfindən XXI əsrin tikilisi sayıla biləcək bir dənə də olsa sosial əhəmiyyətli obyekt, yaşayış binası tikilməyib.
İnanılmaz fakt Yəqin ki bu gün nəinki Bakıda, hətta rayon mərkəzinin özündə belə heç kəs inana bilməz ki, artıq XXI əsrin 20-ci ili olsa da, rayon rəhbərliyinin (əvvəlkilərin və indikinin) laqeydliyinin, fəaliyyətsizliyinin nəticəsi olaraq bu yerin zəhmətkeş camaatının bir qismi hələ də 70-80 il əvvəl tikilmiş, heç zaman təmir üzü görməmiş... BARAK-larda yaşamaq məcburiyyətindədirlər. Hətta 2-3 il əvvəl baş vermiş zəlzələdən sonra da baraklardakı uçulub-tökülən mənzillər deyil, az-çox imkanlı, vəzifədə olan adamların mənzilləri təmir edildi, məhz onlara pul yardımı göstərildi, kasıbların müraciətini, hay-harayını eşidən olmadı. Buna yəqin ki, təkcə İcra başçısı yox, həm də yerli Qayabaşı-Sarıca bələdiyyəsi də məsuliyyət daşıyır. Və çox təəssüf doğurur ki, Elxan Usubov həmin zəlzələdən sonra rayonun rəhbəri kimi zəhmət çəkib kəndə gəlməyi, vəziyyətlə yerindəcə tanış olmağı özünə sığışdırmamışdı (mənim alim dostumun dediyinə görə Elxan müəllim vaxtilə Rusiyada yaşayıb-işləyərkən öz hünəri-bacarığı sayəsində milyonlarla rubl pul qazanmışdı və Şəkiyə başçı təyin olunduqdan sonra o pulların yarıdan çoxunu bu rayonun inkişafına sərf edib. Ancaq başa düşmək olmur ki, niyə onun köməyi illərlə baxımsız qalmış kəndlərə hələ də gedib çatmayıb?)

Hazırda əhalisinin sayı 1000 nəfərə yaxın olan Sarıca kəndinin bu gün nəinki mədəniyyət evi, heç adi klubu, kitabxanası və uşaq baxçası, hətta Bələdiyyənin öz məxsusi idarə binası belə yoxdur. Neçə illərdir ki, kənd Bələdiyyəsi vaxtilə ibtidai - 4-illik məktəbin binasını zəbt etmiş keçmiş şöbə müdirilərinin "oturduqları" idarədə - "kontor"da məskən salıb. Rayonun bu ərazi üzrə icra nümayəndəsi də həmin "kontor"a sığınıb. Təxminən 30 il əvvəl ibtidai məktəb cəmi 3-4 otağı olan kiçik bir binaya yerləşdirilmişdi. 2000-ci illərin əvvəllərində isə yeni yaradılmış kənd Bələdiyyəsinin "başqan"ları "əsrin tikintisi"nə başladılar - kənddə yeganə az-çox yaraşıqlı və müasir olan UŞAQ BAXÇASINI körpələrin əlindən alıb, orda kosmetik təmir işi apararaq, "məktəb problemini" həll etdilər (orda cəmi 7-8 sinif otağı olduğundan dərslər iki növbədə keçirilir).. Dilsiz-ağızsız körpə-fidan balaları isə əvvəlki uçuq-sökük ibtidai məktəb binasına yerləşdirdilər. İki il əvvəl isə kənddə zəlzələ olanda baxça işçiləri uşaqları az qala uçmaqda olan binadan qorxu-həyəcan içərisndə güclə xilas edib, çıxara bilmişdilər. O vaxtdan "uşaq baxçası" başqa bir ala-babat yaşayış binasına köçürülmüşdür. Ancaq xeyli müddət ötməsinə baxmayaraq, deyəsən, nə rayon rəhbərliyi, nə də heç bir təşəbbüsü ilə kəndin abadlıq qayğısına qalmayan Bələdiyyə "komandası" əllərini ağdan qaraya vurmaq istəməyərək, yeni uşaq baxçası tikmək barədə düşünmür, uşaqlara görə qətiyyən narahat olmurlar. Baxça uşaqlarının və baxçanın taleyi İcra başçısı E.Usubovu bugünədək də qətiyyən maraqlandırmayıb.
Təəccüblüdür, hər il adi taxılçılardan tutmuş iri sahibkarlara, "mülkədarlar"a qədər hamıdan "əmlak, torpaq vergisi" və s. şəkildə fonduna yüz minlərlə manat vəsait daxil olan kənd Bələdiyyəsinin "gücü" nəyə görəsə yeni uşaq baxçası inşa etməyə yox, uşaqları heç də yaxşı şəraiti olmayan yaşayış binasına yerləşdirməyə çatdı? Maraqlıdır ki, Fövqəladə Hallar Nazirliyi zəlzələ nəticəsində təhlükəli, yararsız vəziyyətə düşmüş binaların bərpasına kifayət qədər vəsait ayırsa da, həmin yardımdan nə uşaq baxşası, nə də kasıb-kusubun yaşadıqları, uçmaq təhlükəsi olan binalar üçün lazımi vəsait ayrılmadı - rayonun ərazi üzrə İcra nümayəndəsinin və Bələdiyyə sədrinin "humanist" münasibəti sayəsində. Başa düşmək olmur - necə ola bilər ki, uşaq baxçasının və uşaqların taleyi bu iki "səlahiyyətli", vəzifəli adamın diqqətindən kənarda qalmış, körpə balalar üçün bir manat da vəsait ayrılmamışdır? Axı, ola bilməz ki FHN qəzalı vəziyyətdə olan uşaq baxçasının bərpası və hələ bəlkə də yenisinin tikintisi üçün vəsait ayırmamış olsun (yəqin hörmətli Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu məsələni diqqətlə yoxlatdıracaq və hökmən kimlərinsə "boyuna qamış ölçdürəcəkdir"). Əgər uşaq baxçası, "uşaq payı" məsələsində rayon rəhbərliyinin də "payı" olmuşsa (?), bu, lap pis, əsl rəzillikdir!
30 ildən çoxdur ki, kəndin KLUBunun olmaması da, rayon rəhbərliyinin isə neçə illərdir ki buna göz yumması da ən azı ikrah doğurur. Sovetlər dövründən - 60-cı illərdən qalmış köhnə kənd mağazasının içərisinə 30-35 sınıq-salxaq stul və stol qoymaqla (düzdür, son vaxtlar ora təzə stullar da gətirilib) oranı "müasir" kənd klubuna çevirən rayon Mədəniyyət şöbəsi və yerli Bələdiyyə bununla da öz "missiyalarını" bitirmiş hesab ediblər (utanmaz-utanmaz da lövhədə yazıblar: "Diyarşünasıq klubu". Ancaq diyarşünaslıqdan orda bir nümunə, əsər-əlamət də yoxdur. Əslində ora "DİVARşünaslıq klubu"dur, çünki orda ancaq quru divarlar var, vəssalam!) Bugünədək də orda, eni-uzunu 5-6 metr olan "mağazada" kənd miqyasında heç bir mühüm tədbir keçirtmək mümkün deyil. Qeyd olunduğu kimi, rayon rəhbərliyi yalnız Şəki şəhərinin özündə beynəlxalq festivallar, digər şoular keçirtməklə kəndlərin qayğılarını, prioblemlərini arxa planda, kölgədə saxlayır, kəndin mədəni həyatının təşkili, gənclərin asudə vaxtlarının mənalı keçirilməsi qayğısına qalmır. Ancaq digər tərəfdən kənddə mədəniyyət evi, adicə bir klub da yoxdursa, hansı mədəni, mənalı istirahətdən danışmaq olar?
Rayon rəhbərliyi bəzi ucqar, əldən-ayaqdan uzaq kəndlərdə olduğu kimi, Sarıca kəndi əhalisinin sağlamlığı qayğısına qalmağı da yəqin ki öz "iş planına" daxil etməyib. Bu gün məxsusi bir yeri olmayan tibb-ambulator məntəqəsi "mağaza-klub"un arxa tərəfində şəraitsiz bir otaqda yerləşdirilib. Kiçik də olsa bir gözləmə otağı olmadığından bəzən dərdi-azarı olanlar (pasiyentlər) yayda günün qızmarında, payızda-qışda soyuqda, yağışın altında qapı ağzında dayanıb, növbə gözləməli olurlar. Məntəqədə gənc bir feldşer və tibb bacısı çalışsa da, nə ambulator müalicə alan xəstələrin müayinəsi və prosedur üçün müvafiq şərait var, nə də ki təcili hallarda lazım olan dava-dərman, müasir tibbi ləvazimat. Baxmayaraq ki, kənddə onlarla gənc ailə, ana olmağa hazırlaşan qadınlar, nə qədər azyaşlı uşaqlar, qocalar var. Ona görə də bəzən adi bir tibbi yardım üçün onlar qonşu Turan kəndinə (heç orda da vəziyyət ürəkaçan deyil) və ya rayon mərkəzinə, daha çox halda isə Şəkiyə nisbətən daha yaxın olan Oğuz şəhərinə aparılırlar (Sarıcadan Şəkiyə 45 km, Oğuza isə 25 km-dir). Bunun isə, görünür, neçə illərdir ki, nə Elxan Usubova, nə də Qayabaşı-Sarıca Bələdiyyəsinə heç bir "isti-soyuğu" yoxdur.
Təsadüfi deyil ki, icra başçısı 9 ildə ilk dəfə Qayabaşı kəndinin 70 il əvvəl tikilmiş köhnə klubunda kənd sakinləri ilə görüşərkən Qayabaşı və Sarıca kəndlərinin həll olunmayan problemləri ilə bağlı sualların çoxluğu qarşısında çaşqın vəziyyətdə qalaraq, doğru-dürüst, qaneedici cavab verə bilmədiyinə görə gərgin anlar keçirmiş və görüşü yarımçıq başa çatdırmalı olmuşdu. İki il əvvəl rayonun başqa bir kəndində - Çay Qaraqoyunluda olarkən də sakinlər eyni dərdləri dilə gətirmişlər - kənddə uşaq bağçasına ehtiyac olduğundan, məktəbin təmir-bərpa edilməsinin, kəndin daxili yollarının asfaltlanmasının, köhnə elektrik dirəklərinin və qəzalı transfarmatorun yenilənməsinin vacibliyindən danışmışdılar. Bu, bir daha göstərir ki, E.Usubov Şəki kəndlərinin problemlərinə laqeyddir və onların həlli üçün heç bir təşəbbüs və qayğı göstərmir.

Kənd yolları Şəki İcra hakimiyyətinin üz qarasıdır

"Yol - iqtisadiyyat, mədəniyyət, bir sözlə - həyat deməkdir."
Heydər Əliyev


Ulu öndər 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəldiyi ilk günlərdən xalqımızın firavan yaşayışının, rahatlığının təmin edilməsinə, respublikamızın bütün şəhərlərinin və kənd rayonlarının müasirləşdirilməsinə, yenilənməsinə, magistral, kəndlərarası və kənddaxili yolların abadlaşdırılmasına daim böyük diqqət yetirmişdir. Bu istiqamətdə respublika Prezidenti İlham Əliyevin də son illərdə gördüyü ölkə miqyaslı tədbirlər şəhər və rayonlarımızın sosial-iqtisadi inkişafında mühüm rol oynamışdır. Bakı və Sumqayıt da daxil olmaqla bütün regionlarda sürətlə aparılan yenidənqurma, müasirləşdirmə prosesləri respublikamızın hər bir guşəsinin simasını tanınmaz dərəcədə gözəlləşdirmiş, daha da füsunkar etmişdir.
Ölkənin şimal regionlarından tutmuş cənub və qərb bölgələrinədək böyük tikinti-abadlıq, quruculuq işləri aparılmış, respublikanın yol infrastrukturu tamaimlə yeni, göz oxşayan görkəm almışdır. Quba, Qusar, Xaçmazda da belədir, Lənkəran, Astara, Masallıda da, Qax, Zaqatala, Balakəndə də. Respublikanın həmin və digər rayonlarındakı kəndlərarası və kənddaxili yollar adamın ruhunu oxşayır, qəlbə rahatlıq, zövq verir, xoş əhval duyursan. Ancaq Şəkinin yolları barədə (şəhərin özünə aparan magistral yoldan başqa) bunu demək mümkün deyil. Şəkinin özündə də, kəndlərarası və kəndlərdaxili yollar da çox az istisnalarla qətiyyən xoşagələn deyildir, narahatlıq, ikrah doğurur. Xüsusilə də Sarıca, Qayabaşı, Qaratorpaq və Bolludərə kəndlərində. Burda hələlik söhbətimizi yenə də Sarıca kəndindəki vəziyyət ətrafında davam etdiririk.
Bəli, burda kəndarası yollar uzun illərdir ki, tamamilə bərbad gündədir. Qeyd olunduğu kimi, rəhmətlik Əli kişidən sonrakı 60 il ərzində kənd yolları bir dəfə də olsun asfaltlanmayıb (bəlkə də saxta sənədlərlə dəfələrlə "asfaltlanıb", pullar isə "yeyilib"?). Yayda kənd içindən keçən maşınların tozanağı, yaz-payız, qış aylarında isə qar-yağışın əmələ gətirdiyi keçilməz gölməçələr kənd camaatının uzun illərdir ki üz-üzə qaldığı, həll olunmayan problemlərindəndir. Bu barədə dəfələrlə yazılı və şifahi şəkildə E.Usubova müraciət edilsə də, heç bir nəticəsi olmayıb. Sual doğur: bəs ölkə Prezidentinin rayonda səlahiyyətli nümayəndəsi sayılan İcra başçısı ona göstərilən yüksək etimadı niyə doğrultmur? Və əgər Şəki rayon rəhbərliyi və yerli Bələdiyyə bu qədər problemin heç birini həll edə bilmirlərsə (istəmirlərsə!..) və əgər onların olması ilə olmamasının heç bir fərqi yoxdursa, onların "fəaliyyətinə" lüzum varmı, dövlətdən və Bələdiyyə büdcəsindən hər il külli miqdarda maaş almaları nə dərəcədə doğrudur?
Ölkənin taxıl anbarına ildə on minlərlə ton taxıl verən 5 qonşu kəndin sosial-iqtisadi həyatı niyə çox durğun və solğun, yolları bərbad vəziyyətdə olmalıdır? Şəki rayon İH-nin 2017-ci ilin yekunları ilə bağlı E.Usubobun məruzəsində (rayon İH-nin saytında 2018 və 2019-cu ilin yekunları barədə nə çıxış, nə də başqa bir məlumat vardır. Yəqin "görülmüş işlər" üzağardıcı səviyyədə olmayıb) bir-neçə kəndlərarası yollarla bağlı məlumat verilsə də, həmin 5 kəndin adı heç çəkilməyib və sonrakı illərdə də onların vəziyyəti rayon rəhbərliyini maraqlandırmayıb.
Burda bir məqamı da diqqətə çatdırmaq lazım gəlir. Yerli camaat arasında "alaqapı" adlanan yerdən (Turan qəsəbəsi yaxınlığındadır) magistral yol iki yerə ayrılır. Biri - Şəki-Zaqatala tərəfə, digəri isə - "Turan" qəsəbəsindən, Sarıca kəndindən və Qayabaşı kəndinin yaxınlığından keçməklə Oğuz rayonuna aparır. "Alaqapı"dan Sarıcaya və ordan da Qayabaşı yoxuşuna qədər olan magistral yol da on illərlə təmir olunmamış qalırdı. Yolun bərbad, çala-çuxur olması üzündən orda yol qəzaları, hətta ölüm halları da baş vermişdi. Nəhayət ki ötən il həmin yol əsaslı təmir edildi (deyilənə görə, bu işdə E.Usubovun yox, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin təşəbbüsü və rolu olub). Ancaq qəribədir ki, Sarıca kəndinin düz ortasından keçən həmin magistral yol az-çox keyfiyyətlə təmir edilsə də və kəndin lap yanından keçməklə Qayabaşı kəndinə də 3 km-ə qədər olan yola asfalt döşənsə də, "nədənsə" Sarıca kəndinin nəinki bütün daxili yolları, heç daim çala-çuxurlu, yağışlı günlərdə isə gölməçəli-palçıqlı olan, Bələdiyyənin düz qarşısından keçən 600-700 metrlik əsas giriş yolu da təmir edilməmiş, asfalt döşənməmişdir (deyilənə görə, Sarıcaya diqqətsizlik göstərilib, yolun asfaltlanma "istiqamətinin" Qayabaşıya yönəldilməsi əslən o kənddən olan Bələdiyyə sədri Sahib Əliyevin istəyi ilə olub).
Bugünlərdə bir-neçə foto-fraqmentdə Şəkinin özünün şəhərarası bəzi yollarının da yamaq-salxaq, çala-çuxur olduğunu gördükdə bir daha inanmalı olursan ki, Elxan Usubov üçün rayonun sosial-iqtisadi inkişafı, infrastruktur məsələləri onun "siyahısında" ya heç yoxdur, ya da ki ən son plandadır.
Maraqlıdır ki, Şəki rayonunun yolarının bərbad olması barədə hələ 7 il əvvəl - 04.10.2013 tarixdə "Elxan Usubov Şəkini viran qoyub" adlı məqalədə İcra başçısına irad tutularaq deyilirdi: "Bu gün Şəkinin yollarından danışmağa da dəyməz. Şəhərin bütün yollarının asfaltı yamaq-yamaqdır... Şəki şəhərini ətraf kəndlərlə birləşdirən yollar bərbad vəziyyətdədir. Əhali həmin yollardan istifadə edə bilmir. Hətta bəzi kəndlərə avtobuslar da işləmir. 20-30 il bundan əvvəl çəkilmiş yolların bərpası və təmiri istiqamətində heç bir iş görülmür".
Görünür, Şəki rəhbərliyi 7 il əvvəlki iraddan da heç bir nəticə çıxartmayıb.

"Su - həyatdır" deyiblər. Şəkinin kəndlərində bu həyat sönükdür, çox sönük...

Adı çəkilən kəndlərin içməli su problemi də lazımınca həll edilməyib. Vaxtilə - 27-28 il əvvəl Rafiq, Kərəm və Cəfər Qafarov qardaşları çox uzaq məsafədən min-bir əziyyətlə, müxtəlif maneələrlə üzləşərək, Qayabaşı kəndinə iri borulu su xətti çəkmişdilər. Lakin həmin gur sulu xəttdən Sarıca kəndinin köhnə hissəsinə əlavə bir xətt çəkilməyib ki, o ərazidə yaşayan, kəndin 90 il əvvəl burda məskunlaşmış ilk, "köhnə" sakinlərindən olan 50-60 ailə də sudan normal istifadə edə bilsin. Ümumiyyətlə, son illər kəndin həm köhnə, həm də nisbətən təzə hissəsində yaşayanlar susuzluqdan əziyyət çəkir, bağ-bostan becərə bilmir. Yay aylarında isə kənd camaatı həyətlərinə suyu "od qiymətinə" su maşınları ilə gətirtmək məcburiyyətində qalırlar. Halbuki bu məsələni İcra hakimiyyəti və yerli Bələdiyyə çoxdan həll edə bilərdilər. Sadəcə camaatı su qıtlığından qurtarmaq üçün nə rayon, nə də Bələdiyyə səviyyəsində nəinki vəsait ayırmaq, "əziyyətə qatlaşmaq" istəyən, hətta bu barədə heç düşünən də yoxdur.
Vaxtilə ölkənin taxıl fonduna hər il on minlərlə ton buğda-arpa verən bir təsərrüfatın, 90 yaşlı bir kəndin bu gün klubunun, ixtisaslaşmış məktəbinin, uşaq baxçasının, tibb məntəqəsinin, kitabxanasının və s. olmamasını nə ilə izah etmək, bunun altından necə çıxmaq olar?

Taxıl sahələri kənd camaatının əlindən niyə alındı?

"Köhnə" sovet təsərrüfat sistemi dağıldıqdan sonra özəlləşdirmə aparılan zaman -1996-97-ci illərdə Şəkinin taxılçılıqla məşğul olan Sarıca kəndində hər bir ailə üzvünə özəlləşmə payı olaraq 2,97 hektar torpaq verilmişdi. Kənd camaatının respublikanın bütün əlaqədar təşkilat və nazirliklərinə şikayətlərindən 3-4 il sonra Bələdiyyə hesabında "dövlət fondu" adı ilə saxlanılmış torpaq fondundan hər bir kənd sakininə əlavə olaraq daha 2 hektar da torpaq verildi ki, camaat taxıl əkib-becərsin, dolanışığını qura bilsin. Lakin çox keçmədi ki, Sarıca kəndindən və kənar kəndlərdən olan bir qrup "mülkədarlar" sözü bir yerə qoyub, birləşərək və rayon rəhbərliyi ilə "dil taparaq", həmin 2 hektarı əsl kəndlinin əlindən alaraq, 4-5 nəfər arasında hərəyə yüzlərlə hektar və daha çox olmaqla bölüşdürüb, "ağalıq" etməyə başladılar. Artıq neçə ildir ki, yerli və kənardan gələn "hampalar" milyonlar qazanır (neçə-neçə kasıb kəndçinin ehtiyac içində yaşamasından da sui-istifadə edərək, onların da pay torpaqlarını "su qiymətinə" alaraq, fırıldaqla ələ keçirdikləri torpaqların gözünə qatmışlar), kəndli ailələri isə 5-10 hektar torpağın ümidinə qalmışlar.
Acınacaqlı hal həm də odur ki, bu "reforma"nın kəndə heç bir faydası yoxdur - hampalar, "mülkədarlar" milyonlar qazansalar da, yerli Bələdiyyə "kasıbçılığında" davam edir. Bir sözlə, Sarıca kəndi böyük sürətlə inkişaf edən, abadlaşan Azərbaycanın sosial baxımdan ən "uğursuz", talesiz, unudulmuş bərbad kəndidir.

Kəndin taxılçılarının - torpağın qanuni sahiblərinin başı üstünə
kənar bir "qəyyumu" - "Aqroinkişaf-2017"-ni kim gətirdi?
"Ortalıqda millyonlar oynanılır?"

2017-ci ildə rayon rəhbərliyinin razılığı ilə (hansısa gizli "sövdələşmə" əsasında) Sarıca, Qayabaşı, Bolludərə və Qaratorpaq kəndlərinin minlərlə hektar torpaq sahələri hardansa peyda olmuş, "yuxarılardan" kiminsə qəyyumluq ("krışalıq") etdiyi "Aqroinkişaf-2017" MMC-yə "suyu qiymətinə" - hektarı 50-70 manata satıldı, əslində - peşkəş edildi. Və artıq üçüncü ildir ki, kəndlərin "dədə-baba taxılçıları" əlavə torpaq sahəsi götürüb, taxıl əkmək istəyirlərsə, həmin "Aqroinkişaf" (haranın və kimin inkişafı?) torpağın hər hektarını bu yerlərin əzəli sahiblərinə 200 manata icarəyə verir. Hələ bununla kifayətlənməyərək, dövlət tərəfindən hər hektara görə gübrə, texnika və yanacaq almaq üçün verilən 250 man. subsidiyanı da "Aqroinkişaf" özündə saxlayır (yəni ki, kəndçi əlavə olaraq 10 hektar torpaq götürərsə, "Aqro"ya 2000 man. verməli və əlavə olaraq özünə çatmalı olan 2500 manatdan da keçməlidir). Ancaq nədənsə bütün bu ədalətsizliklər, haqsızlıqlar, yerli sakinlərə edilən zülmlər barədə məlumatı olsa da, rayonun başçısı Elxan Usubov heç bir tədbir görmür, bugünədək də müəmmalı şəkildə susmaqda davam edir. Bəs kənd sakinlərinin, əsl taxılçıların mənafeyini, hüquqlarını İcra başçısı təmin edib-qorumursa, kim təmin etməli, kim qorumalıdır? Prezidentin Şəki üzrə etibar etdiyi nümayəndəsi niyə seyrçi mövqeyi ilə kifayətlənir?
Hər necə olsa da, kənd camaatı belə hesab edir ki, "ortalıqda... millyonlar oynanılır".

"Vəzirovun qozları"nı 30 ildən sonra Şəkinin taxıl sahələrində kim yetişdirir?

Çox qəribə və təəccüblü olsa da, həmin o "Aqroinkişaf-2017" əlinə keçirdiyi taxıl sahələrinin bir hissəsində... qoz ağacları əkməyə başlayıb. "Pilot layihə" adı ilə hələlik bunun üçün 150 hektar sahə ayrılıb. Olduqca maraqlıdır, bütün ətrafda - Şəkinin, qonşu Oğuz və Qəbələ rayonlarıının nəinki meşələrində və kəndlərində, hətta kəndlərarası yollarda yüzlərlə "özbaşına" qalan iri-iri qoz ağacları olduğu halda kimin ağlına gəlib ki, ölkə üçün böyük strateji əhəmiyyətə malik olan ənənəvi taxıl sahəsinin yerində heç də böyük əhəmiyyəti olmayan qoz ağacları əkilsin? Axı, 150 hektar sahədə yetişdirilən qoz ağacları həmin ərazidə oksigenin azalmasına səbəb olmaqdan başqa (qoz ağacları oksigeni udub, havaya insan üçün zərərli olan karbon qazı buraxır) həm də ölkə üçün mühüm əhəmiyyəti olan taxıl istehsalının müəyyən qədər azalmasına da səbəb olur.
Bunu birlikdə də hesablaya bilərik. Sarıca-Bolludərə-Qaratorpaq ərazisində hər il orta hesabla hər hektardan ən azı 35 sentner (3,5 ton) buğda götürüldüyünü nəzərə alsaq, rayonun taxıl anbarı 150 hektardan əldə edilə biləcək 525 ton (150 ha X 3500kq = 525.000 kiloqram!) buğdadan məhrum olacaq. Hər adamın gün ərzində ən azı bir kiloqram (ayda 30 kq, ildə - 360 kq) çörək yediyini əsas götürsək, onda həmin 150 ha sahədən əldə edilə bilən 525 ton taxıl 1500-ə qədər adamın bir illik azuqəsi ola bilər (çörək bişirərkən buğda ununa su və duz əlavə edilməsi də nəzərə alınarsa, bəlkə də - 2 minə qədər adamın!). Belə halda taxıl sahəsində qoz ağacı əkənlər xalqa xəyanət etmiş olmurlarmı? Həm də axı, qoz yemədən illərlə yaşamaq olar, ancaq çörəksiz - ikicə gün də mümkün deyil!..
Görəsən, 30 il keçdikdən sonra "Vəzirovun qozları" kimin üçün belə əvəzedilməz, əziz və şirin olub? Və görəsən, Stalinlə Bağırov belələrini neyləyərdilər?..

Elxan Usubov pis adam deyil... Yaxşı adamdırmı?

Şəkidə bəziləri bu fuikirdədir ki, Elxan Usubov pis adam, pis başçı deyil. Yəni ki, adamlara pisliyi, ziyankarlığı, kobudluğu yoxdur, Bakıda və Abşeron rayonunda olduğu kimi heç kəsin evini uçurub-dağıtdırmayıb, Şəkidə heç kəsə heç bir ziyankarlıq etməyib. Bəziləri isə əksinə - Şəkinin və kəndlərin sosial-iqtisadi inkişafına, yol infrastrukturuna diqqət göstərilməməsində, hesabat sənədlərində guya rayonda 20 müəssisənin fəaliyyətdə olduğu bildirilsə də, əslində onlardan yalnız Şəki İpək kombinatının (vaxtilə 3500 nəfərin çalışdığı bu müəssisədə indi mövsümi olaraq cəmi 200-ə yaxın adam işləyir) bir-iki sexinin işləməsində məhz onu suçlayırlar. O da narazılıqla bildirilir ki, yeni tikilmiş şəhər bazarı təntənəli açılışdan 3-4 gün sonra "nə səbəbdənsə" bağlanmış, bir-neçə il əvvəl inşası başa çatdırılmış üç yeni otel-mehmanxananın isə qapıları hələ də açılmamışdır.
Doğruluğuna tam inanmasam da, hələ belə fikirlər də söylənir ki, icra başçısı rayonun abadlaşdırılmasına lazımi diqqət göstərməsə də, Şəkidə özünün çörək biznesini qurmağa, rayonun səfalı yerlərində bir-neçə villa tikdirməyə, Bakıda ev almağa nail ola bilib...
Təzadlar.az saytının yazdıqları daha maraqlıdır: "Elxan Usubov Şəkiyə İH başçısı təyin olunduqdan sonra 4 sənaye müəssisəsinin sökülməsinə qərar verdi, guya ki həmin müəssisələrin yeri park və s. tikilməsi üçün daha münasib yer imiş?! Kərpic zavodu fəaliyyətini dayandırdı, şərab zavodu işləmədi, ət kombinatının, konserv zavodunun qapıları açılmadı, bir-neçə şirə zavodları da bağlandı. E.Usubov yaşıllıqlara da qənim kəsildi. Axundov prospekti boyu bütün ağacları doğratdı, Pyotr Babayev adına parkı dağıtdı, tarixi abidələrin qarşısını yeni tikililərlə kəsdirdi, şəhərin tarixi görünüşünə ciddi zərbə vurdu, nə məqsədləsə Füzuli adına və Axundov adına parkları Mədəniyyət şöbəsinin balansından çıxardaraq, kommunal təsərrüfatı idarəsinin (?) balansına verdi".
***
Bütün bunlardan sonra inansaq ki, Elxan Usubov bir insan və İcra başçısı kimi ziyankar, pis adam deyil, onda əksi necə - işgüzar, qayğıkeş, təşəbbüskar, yaxşı İcra başçısıdırmı?..
Rəhman ORXAN,
Əməkdar jurnalist.

Elxan Usubovun "Şəki xanlığı" nə işlə məşğuldur?
Elxan Usubovun "Şəki xanlığı" nə işlə məşğuldur?
Elxan Usubovun "Şəki xanlığı" nə işlə məşğuldur?
Elxan Usubovun "Şəki xanlığı" nə işlə məşğuldur?
Elxan Usubovun "Şəki xanlığı" nə işlə məşğuldur?
Elxan Usubovun "Şəki xanlığı" nə işlə məşğuldur?
2018-ci ildəki zəlzələdən sonra