Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı məlumat yaydı - Daha 2 nəfər həbs olundu
Baş Prokurorluq, DİN və DTX Gəncə icra başçısı Elmar Vəliyevin güllələnməsi ilə bağlı növbəti məlumat yayıb.
Gunpress.az-a daxil olan məlumatda qeyd edilir ki, xəbər verildiyi kimi, 2018-ci il iyul ayının 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılır.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov həmin silahları müvəqqəti qaytardıqdan sonra Hamlet Abdullayev "Makarov" tapançasını pul müqabilində Pərviz Bayramova və "Kalaşnikov" avtomatını dayısı, Gəncə şəhər sakini Aydın Qurbanova vermiş, "Marqulin" markalı tapança isə Anar Bağırovda qalmışdır.
Aydın Qurbanovun və Anar Bağırovun gizlətdikləri silahların və sursatın yerinin müəyyən edilməsi məqsədilə onların Gəncə şəhərində qeydiyyatda olduqları ünvanlarda axtarış aparılmışdır. Nəticədə Aydın Qurbanovun yaşadığı binanın çardağından "Kalaşnikov" avtomatı, ona aid 56 ədəd patron və 1 ədəd sandıqça, Anar Bağırovun yaşadığı binanın zirzəmisindən "Marqulin" markalı tapança, ona aid 47 ədəd patron, 132 ədəd avtomat patronu, "Teksun" yağ qabının içində gizlədilmiş daha 273 ədəd avtomat və tapança patronu, 8 ədəd sandıqça, habelə mənzilindən radikal dini məzmunlu materiallar olan və faşizmi təbliğ edən 36 ədəd kompakt disk aşkar edilərək götürülmüşdür.
Aydın Qurbanov və Pərviz Bayramov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3-cü (mütəşəkkil cinayətkar dəstə tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, başqasına vermə, satma, saxlama, gəzdirmə, daşıma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilmişdir.
Müvafiq cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri intensiv surətdə davam etdirilir.