Vahid Mustafayevdən təbrik
Tarix: 07-11-2016 11:52
“Vaxt Gələndə Kimsə, İnan, Bizi də Yada Salar…” Sapfo
Noyabrın 26-da ANS telekompaniyasının yaranmasının 25 ili tamam olur. Hər şey üç azərbaycanlı gəncin – Vahid, Mir Şahin və onların ustadı Seyfullanın hazırladığı "Xəbərçi” informasiya proqramından başladı.
Özünün operativliyi, məlumatın qeyri-standart təqdimatı, açıqlığı və vicdanlılığı, qərəzsizliyi ilə seçilən "Xəbərçi” əvvəlcə Bakı, sonradan bütün Azərbaycan tamaşaçıları arasında populyarlıq qazandı. 1991-ci il idi. Çətin vaxtlar idi; gənc Azərbaycanın düşmənləri çox idi. Ölkəmizin inkişafına mane olan xəbər təcavüzünə qarşı durmaq və informasiya blokadasını yarmaq, həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün Azərbaycana qüvvələr lazım idi. Vahid, Mir Şahin və Seyfulla televiziya ilə bərabər, həm də ANS PRESS informasiya agentliyi yaradaraq, digər azərbaycanlı jurnalistlərlə yanaşı, onlar da informasiya blokadasının yarılması uğrunda qeyri-bərabər döyüşə başladılar.
Sonralar – 1994-cü ildə bu üç azərbaycanlı Qafqaz və Orta Asiyada ilk müstəqil FM radiostansiya - Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını daşıyan radio – yaratdılar. Bu fakt bütün dünyaya, həmçinin yaxın qonşulara da göstərdi ki, Azərbaycan media kommunikasiyaları sahəsində regional liderdir və demokratik inkişaf yolundan onu heç nə döndərə bilməz. Bəli, vaxt uçur... Sanki gənc əməkdaşlarımıza müasir televiziya və radionun metodlarını dünən öyrətmişdik.
Bu gün isə onlar nəinki ölkənin digər TV və radiolarında çalışırlar, hətta dövlət institutlarında, Milli Məclisdə, nazirlik və idarələrdə, hətta Prezidentimizin aparatında yüksək vəzifələrdə işləyirlər. Bu gün ANS məktəbi – Yüksək Peşəkarlıq, Fövqəladə Əmək Qabiliyyətliyi və Dözümlülük və əlbəttə, limitsiz Vətənpərvərlik və Vətənimiz Azərbaycana sonsuz sevgi Brendidir. Sanki dünən ANS-in dəhlizi ədalətsiz və nahaqq yerə incidilən, giley-güzar edən vətəndaşlarımızla dolu idi. Haqq ümidi ilə nəinki Bakı və onun ətrafından vətəndaşlar ANS-ə üz tuturdular, həmçinin onlarla əməkdaşımız regionlardan, hətta uzaq xaricdən gələn məktublarla tanış olurdular. İnsanlar ANS-ə inanırlar, ona görə ki, biz onlara inam və həqiqətlə qulluq edirik, düzdür, özümüzə düşmən qazanırıq, amma sonadək gedirik. Və bütün bunları tamamilə təmənnasız edirik – bu, hər bir Azərbaycan vətəndaşının borcu və şərəfidir! Bu yolla biz Prezidentimizə və Hökumətimizə kömək edirik. Əlbəttə, baş verənlər barədə onların kifayət qədər məlumatları var, amma informasiyanın, özü də təmənnasız informasiyanın heç bir zərəri olmaz. Problemin həllindən sonra hamı razı qalır və hökumətə təşəkkür edir, axı ANS kimi şirkətin işlədiyi şəraiti onlar yaradıblar. Həmişə də belə olub.
Əsrin dörddə biri qədər olan yubiley münasibətilə biz təkcə şirkətimizin əməkdaşlarını və ANS-in Alma-Mater olduğu minlərlə şagird ordusunu təbrik etmirik, biz həmçinin bütün dünyadan olan çoxmilyonlu və çoxmillətli tamaşaçılarımızı, dinləyicilərimizi və oxucularımızı da təbrik edirik. ANS müstəqil Azərbaycanın tarixində ilk qeyri-dövlət kanalıdır. Birinci olmaq həmişə çətindir, axı naməlum yollarla gedirsən. Amma heç nəyə baxmayaraq, biz həmişə irəli gedirik, yəqin bilirik – yeriməyi bacaran çevrilib öz izlərinə baxmır. Bizim arxamızca gələnlər yəqin ki, həm uğurlarımızdan, həm də səhvlərimizdən öyrənib və öyrənirlər. Amma 25 illik yubileyimiz, bizim ad günümüz - "kədərli bayramdır”... Bizim kollektivimiz üçün bu qəmli yubileydir. Çünki 4 aydır ANS TV-nin loqosu mavi ekranlarda yoxdur. Paralel olaraq, ANS ÇM radiosu və ANS PRESS informasiya agentliyinin fəaliyyəti dayandırılıb. Ali məhkəmə orqanlarına apellyasiyalarımız, təəssüf ki, rədd olundu, baxmayaraq, Türkiyənin hökumətyönlü mətbu orqanları ANS-in "gülənçiliyə” heç bir aidiyyatının olmadığını dəfələrlə qeyd edib.
ANS nəinki əcnəbi, alınmış və xaricdə yaradılmış şirkət deyil, ANS Vətənə sonsuz xidmət göstərmək üçün Azərbaycan Xalqının özünün yaratdığı, onun gözləri qarşısında doğulan və 25 il böyüyən təşkilatdır. Azərbaycan Xalqı ağıllıdır və hər şeyi anlayır. Bəs kim qalib gəldi? Milli televiziya və radio şurası qalib gəldi. Amma həm də qat-qat uduzdu. Bu yalnız Azərbaycan jurnalistikası deyil, həm də iqtisadiyyat mediası, ən başlıcası, ölkə tamaşaçıları, radio dinləyiciləri və oxucularıdır. ANS-imizin dəhlizində (təəssüf ki, bu gün həmin ərazi möhürlənib və məlum olmayan səbəblərdən bizi öz şirkətimizə buraxmırlar, halbuki bizim bütün maddi-mənəvi sərvətimiz, arxivimiz - Azərbaycanın bütün müasir tarixi ordadır) tək Azərbaycan vətəndaşlarının deyil, dünyaca məşhur insanların portretlərindən ibarət qalereya var. Bunlar ümummilli liderimiz Heydər Əliyev, indiki dövlət başçısı İlham Əliyev, ölkənin birinci xanımı Mehriban Əliyeva, Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə, yazıçı Çingiz Aytmatov, musiqiçi Mstislav Rostropoviç və ölkəmizin digər ədəbiyyat və incəsənət xadimləridir. Onların portretlərinin altında ANS kollektivinə ünvanlanmış sözləri var. Biz onları misal gətirməyəcəyik, çünki çox uzun olar. Bu bəyanatlar yalnız ANS-in ölkə üçün əhəmiyyəti və Azərbaycanın rifahı naminə daha yaxşı işləmək arzusu barədədir. Bu cür diqqətlə, çətin ki, kimsə öyünə bilər. Biz bununla fəxr edir və hesab edirik ki, ünvanımıza deyilən bu gözəl sözlər istənilən mükafatdan üstündür. Dəfələrlə olub ki, məni küçədə tanımadığım adamlar saxlayır və hamısı da eyni sualı verir ki, ANS-in yenidən işləyəcəyinə ümid var, niyə beynəlxalq təşkilatlara şikayət etmirik? Mən daim cavab verirəm: "Hər şey bütün dünyanın gözü qarşısında baş verir və hamı hər şeyi görür. Məhz bizə gəldikdə, biz həqiqəti çatdırmaq üçün heç vaxt özgə qapılarını döymərik, axıradək də öz doğma qapılarımızı döyəcəyik. Ümid hətta bizdən sonra da ölməyəcək!”. ANS yarandığı ilk gündən bizim üç əsas prinsipimiz olub – Vicdanlılıq, Obyektivlik və Qərəzsizlik. Heç kimi ağlına belə gəlməzdi ki, biz bu prinsiplərdən birini pozaq. Səhvlərimiz olub? Əlbəttə. Səhvi yalnız heç nə etməyən kəs etməz. Tikanlıqlardan keçərək müasir yaradıcılıq və texnoloji səviyyəsini irəli aparan, ilk və qeyri-standart olmaq arzusunda olanlar arasında buna daha çox rast gəlinir. Əks təqdirdə biz, Azərbaycanlılar, Sovet İttifaqının olduğu, özü də güclü olduğu bir dövrdə müstəqil televiziya şirkəti yarada bilməzdik. Qarabağ, Gürcüstan, Çeçenistan, Əfqanıstan, İraq, Liviya, Misir - bu, ANS-in jurnalistlərinin qaynar nöqtələrdə olduğu ölkələrin tam siyahısı deyil. Biz bununla öyünmürük, sadəcə, biz dünyada baş verənlər barədə ən operativ və qərəzsiz məlumatları tamaşaçılarımıza çatdırmaq üçün peşəkar borcumuzu həmişə yüksək səviyyədə yerinə yetirmək istəmişik. Bu məqsədimizə çatmaq üçün – Azərbaycan Xalqına ilk mənbədən son və doğru xəbəri çatdırmaq üçün – ANS Moskva, Vaşinqton, Tehran, İstanbul, Tiflis və ölkəmizin bütün regionlarında, o cümlədən Azərbaycanın ürəyi – Qarabağda da müxbir məntəqələri yaradıb. Yəqin ki, tariximizin, öz balamızın – ANS-in yaranma tarixini danışmaq vaxtı çatıb.
ANS - 25 illik tarixi olan şirkətdir; həm də nəinki özünün, öz ölkəsinin və xalqının... Mir Şahin artıq kitab yazmağa başlayıb və birinci fəsildən göründüyü kimi, bu, Azərbaycanın müasir tarixinin doğru hekayəti olacaq. Mən isə - bəndəniz – ölkəmizin tərəqqisi və övladlarımızın xoşbəxtliyi uğrunda, 1988-ci ildən başlayaraq çətin yollardan keçən Azərbaycan Xalqının Qəhrəmanlığı və İgidliyi barədə şahidi olduğumuz o günlərə dair sənədli serial üzərində işə başlayıram. Bu tarixi sənədlər bir daha dünyaya sübut edəcək ki, öz vəzifələrinə və Vətənə sonsuz sevgisi olan, kamera və mikrofonla "silahlanmış”adi Azərbaycanlılar nəyə qadirdirlər və bütün xalqın gözü qarşısında bu cür uzun və çətin yolları keçən bu sinif adamlar heç vaxt satqına çevrilə bilməzlər. ANS - öz sevinci və kədəri, küsülülüyü və gileyləri, incikliyi və barışığı, düzəltdiyi və düzəldə biləcəyi səhvləri olan böyük Ailədir. Bu, ruhu olan canlı orqanizmdir, ruhsuz, hissiyyatsız informasiya maşın yox. Fizika qanununa görə, "Materiya heçdən yaranmır və heç yerə itmir”. Bu yalnız fizikanın yox, həm də həyatın qanunudur.
ANS gənc, istedadlı insanlardan ibarət böyük ordunun və onların yaşlı ustadlarının, ağsaqqalların möhtəşəm enerjisi, entuziazmı və nəhəng əməyindən yaranıb. Və bu insanlar, onların övladları durduqca o heç yerə itə bilməz. Yanlışlığın və anlaşılmazlığın baş verməsi barədə ağır birmənalı hiss insanları tərk etmir və onlar inanırlar ki, hər şey yoluna qoyulacaq. Axı onlar rifah naminə işləyiblər, yaradıblar! Terrorçuluğa dəstək və öz ölkənə zərbə vurmaq adı ilə qalmaq qorxusu heç nə ilə ölçüyə gəlməz. Biz hətta belə qorxu hissini Qarabağda erməni təcavüzkarlarının güllə yağışına rast gələndə, mühasirəyə düşəndə, yaxud Abxaziyada mənimlə Mir Şahini güllələməyə aparanda da keçirməmişik. Şükür Allaha, bu gün müharibə yoxdur, amma bizim minə yaxın əməkdaşımız işsiz qalıb. Və onların hamısının beynində yalnız bir fikirdir – ANS işləməyə başlayan kimi biz vətənimiz Azərbaycanın şərəfinə daha böyük qüvvə və səylə çalışacağıq. Bunun üçün əsas var.
Düz, 10 il əvvəl, 2006-cı ildə ANS-i həmişəki kimi bağlamışdılar. O vaxt bizə yalnız dövlətimizin başçısı İlham Əliyev yardım əlini uzatdı. Və biz bunu heç vaxt unutmayacağıq.
Vahid Mustafayev, ANS ТV Radio Кompaniyasının rəhbəri
Seçilmişlər
Ən çox oxunanlar