“Azərsu”-da təlimlər başlayıb
Tarix: 04-02-2015 15:06
“Azərsu” ASC ilə Fransanın “Suez Environnement” şirkəti arasında bağlanmış “Praktiki təlim, nou-hau ötürülməsi və texniki yardıma dair müqavilə” çərçivəsində “Fakturalanmayan su sərfinin azaldılması” mövzusunda təlim başlayıb. “Azərsu” ASC-dən gupress.az-a verilən məlumata görə, Suez Environnement şirkəti və “Azərsu” ASC-nin mütəxəssislərinin iştirakı ilə təşkil olunan təlimə Səhmdar Cəmiyyətinin Aparatı və yerli sukanal idarələrinin müştəri xidmətləri şöbələrinin rəisləri cəlb olunub.
Təlimin ilk günü iştirakçılara su təchizatında itkilər, onların aşkarlanması və hesablanması barədə məlumat verilib. “Suez Environnement” şirkətinin müştəri xidmətləri üzrə mütəxəssisi Yanik Bonom müştəri məlumat bazasının yaradılması, riskli abonentlərə nəzarət, sudan qanunsuz istifadənin aşkarlanması, coğrafi informasiya sisteminin tətbiqi və inventarlaşdırma sahəsində dünya təcrübəsi barədə təlim iştirakçılarını ətraflı məlumatlandırıb. Təlim müddətində içməli sudan qeyri-qanuni istifadənin, texniki itkilərin qarşısının alınması, müştəri məlumat bazasının təkmilləşdirilməsi barədə xarici mütəxəssislər tərəfindən məlumatlar veriləcək, bir sıra xarici ölkələrin təcrübəsi təqdim olunacaqdır.
Qeyd edək ki, “Azərsu” ASC ilə Fransanın “Suez Environnement” şirkəti arasında 12 may 2014-cü il tarixdə Bakıda imzalanmış “Praktiki təlim, nou-hau ötürülməsi və texniki yardıma dair müqavilə” kadr hazırlığı və təcrübə mübadiləsi sahəsində əməkdaşlığı nəzərdə tutur. Sazişə əsasən, qarşıdakı 5 ildə 38 peşə və ixtisas üzrə 4500 işçi təlimlərə cəlb olunacaq. Eyni zamanda perspektivdə təlimlərin keyfiyyətlə təşkil edilməsi məqsədilə bu mərkəzdə 250 təlimçi hazırlanacaqdır.
Seçilmişlər
Ən çox oxunanlar