Azərbaycanda İran əleyhinə növbəti bəyanat
Tarix: 28-12-2022 13:24
Sumqayıt şəhəri, Abşeron və Xızı rayonunda fəaliyyət göstərən din xadimlərinin İran İslam Respublikasının antiazərbaycan siyasəti ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir:
"Xalqımız Vətən müharibəsində zəfər qazanaraq ölkəmizin ərazi bütövlüyünü təmin etdikdən sonra qonşu İran İslam Respublikasının sərhədlərimizdə hədələyici hərbi təlimlər keçirməsi və Ermənistana hərbi-siyasi dəstək verməklə Azərbaycana yönəlik təxribat xarakterli addımları biz dindarların narahatlığına və haqlı narazılığına səbəb olmuşdur.
İslam dünyasının bir parçası kimi Azərbaycanın milli-mənəvi, eləcə də dini dəyərlərin qorunması, dünyada islamafobiyaya qarşı ciddi mübarizə aparmasına baxmayaraq, xalqlarımızın tarixən formalaşan ortaq dini-mədəni dəyərlərini gözardı edərək özünü şəriət dövləti adlandıran İranın bir zamanlar işğal altında olan torpaqlarımızda islam maddi-mədəniyyət nümunələrini məhv edən, məscidlərimizdə dinimizin haram buyurduğu heyvanları saxlayan, qəbirləri dağıdan barbarlara isti münasibəti İslam respublikası fəlsəfəsini şübhə altında qoyur. Qonşu ölkə rəhbərliyi anlamalıdır ki, bu şübhələr və onun doğurduğu sualların çoxalması həm də öz milli təhlükəsizlikləri baxımından onları narahat etməlidir.
Bildiririk ki, dövlətimiz qonşularla mehriban və dostluq şəraitində yaşamaq, başqa dövlətlərlə hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında münasibətlərin qurulmasını vacib bilir. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu qonşu dövlətlərlə bağlı müəyyənləşdirdiyi siyasi kurs bugün prezident İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilir. Bu siyasi xətt xalqlarımızın maddi-mədəni inkişafına, iqtisadi əlaqələrin genişlənməsinə və regionda təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir.
İran Azərbaycanın beynəlxalq və regional müstəvidə artan siyasi-iqtisadi nüfuzunu, güclü rəhbər-xalq-ordu həmrəyliyi ilə ölkəsinin suverenliyinə, ərazi bütövlüyünə qarşı istənilən təxribatın qarşısını almağa qadir olduğunu bilməli və məkrli hərbi-siyasi kampaniyasına son qoymalıdır".
Seçilmişlər
Ən çox oxunanlar