“Azəriqaz”ın tabeliyində 2 yeni departament yaradıldı
Tarix: 13-11-2015 02:30
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin tabeliyində iki yeni departament yaradılıb.
SOCAR-dan gunpress.az-a verilən məlumata görə, “Azəriqaz” İB üzrə mövcud xərclərin optimallaşdırılması, idarəetmə mexanizminin təkmilləşdirilməsi və struktur bölmələrin fəaliyyətinin səmərəliliyinin artırılmasının davamı olaraq, 10 noyabr tarixindən birliyin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi fəaliyyət göstərən Abşeron, Binəqədi, Xətai, Xəzər, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı və Yasamal qaz istismarı sahələri yenidən təşkil edilərək, onların bazasında hüquqi şəxs statusuna malik olmayan Bakı Regional Qaz İstismarı Departamenti və Bakı Regional Qazın Satışı Departamenti yaradılıb.
Bu məqsədlə artıq işçilərə Əmək Məcəlləsinə uyğun olaraq rəsmi xəbərdarlıq məktublarının paylanılmasına başlanılıb. Ləğv edilmiş Abşeron və Bakı şəhəri üzrə Qaz İstismarı Sahələrində çalışan işçilər haqqında məlumatlar, eyni zamanda yeni yaradılan Departamentlərin ştat cədvəli SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamentinə (İRD) təqdim edilib. Həmin işçilərin peşəkarlıq səviyyəsi müvafiq qanunvericiliyə əsasən şəffaf şəkildə İRD tərəfindən yoxlanılacaq, biliyinə və səriştəsinə uyğun ştat cədvəlində olan vakant yerlərdə işlə təmin ediləcəklər.
Keçiriləcək imtahanların nəticəsinə görə əmək münasibətlərinin yeni yaradılan Departamentdə davam etdirilməsi mümkün olmayan işçilər təhsil və ixtisaslarına uyğun olaraq Birliyin İdarəetmə Aparatında və digər təşkilatlarında mövcud vakansiyalarda yerləşdiriləcək. İşlə təmin olunmayan və ya təkliflə razılaşmayan (sərbəstləşən) işçilərə SOCAR və Azərbaycan Neft-Qaz Sənəyesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin müvafiq əmr-qərarı ilə müəyyən edilmiş əmək haqqının 5 misli miqdarında birdəfəlik işdənçıxarma müavinəti ödəniləcək ki, bu müavinətdən vergi tutulmur. Birdəfəlik işdənçıxarma müavinətindən yararlanmayan sərbəstləşən işçilərin isə “SOCAR üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair” Proqrama qoşulması üçün Birlik tərəfindən SOCAR rəhbərliyinə müraciət ediləcək. Artıq 10 noyabr 2015-ci il tarixdən adı çəkilən proqrama qoşulmaq üçün ərizə qəbuluna başlanılıb. Sərbəstləşən işçilər 1 ay müddətində Proqrama qoşulmaq üçün müraciət edə bilərlər. Qeyd edək ki, sərbəstləşmə əsasən idarəetmə aparatının işçilərinə şamil olunacaq.
Test imtahanından və yeni strukturda yerləşdirmə prosesindən narazı olan vətəndaşların şikayətləri “Azəriqaz” İB və İRD tərəfindən operativ şəkildə araşdırılacaq və nəticə barədə vətəndaş məlumatlandırılacaq.
Seçilmişlər
Ən çox oxunanlar