“AFFA 2 milyard dolları hara xərcləyib?” – Sabiq vitse-prezident
Tarix: 22-04-2019 16:45
Sabiq futbol hakimi, “Neftçi” klubunun keçmiş vitse-prezidenti Tahir Süleymanov Azərbaycan futbolundakı qohumbazlıqdan və qruplaşmadan danışıb.
T.Süleymanov Unikal.org-a Dövlətin yaratdığı şəraitdən şəxsi məqsədlər üçün istifadə edilməsi barədə də söhbət açıb.
- Regionlarda futbolun yox dərəcəsində olmasına səbəb nədir?
- Bölgə futbolunun durumunu geniş izah etməyə ehtiyac yoxdur. Futbolla maraqlanan hər kəs bunu bilir. Azərbaycan çempionatı adı altında "Bakı birinciliyi" keçirilir. Azərbaycan futbolu düzgün idarə olunmur. Futboldan uzaq insanlar 10-15 ildir ölkə futboluna cavabdehlik daşıyırlar.
Bu azmış kimi, federasiya qohum, dost, tanış yığınına çevrilib, artıq klubların əksəriyyəti də qurumun təsiri altındadır və öz "baş üstə" kadrlarını yerləşdiriblər. Tək klublar deyil, ümumi ölkə futbolu çoxdan öz müstəqilliyini itirib və bir qrup şəxslərə xidmət edir. Bu illər ərzində futbola ümumilikdə 2 milyard dollara yaxın vəsait xərclənib. Dövlətin yaratdığı şəraitdən şəxsi məqsədlər üçün istifadə edildi və davam etməkdədir...
- Həvəskarlar Liqasının adını dəyişdilər, Regional Liqa qoydular. Sizcə bu adın dəyişməsində məqsəd nə ola bilər?
- Azərbaycan futbolunda həvəskarlar deyil, peşəkar futbol müzakirə olunmalıdır. Futbolda olan həvəskar təfəkkür, düşüncə ilə peşəkarlığı, inkişafı təmin etmək isə mümkünsüzdür. AFFA-Azərbaycan Futbol Federasiyaları Assosiasiyasıdır. Nizamnaməyə uyğun, dolayı üzvləri var. Bunlardan da biri Ədliyyə nazirliyindən rəsmi qeydiyyatdan keçmiş və AFFA-nın tərkib hissəsi kimi FİFA, UEFA tərəfindən qəbul edilmiş Həvəskarlar Futbol Federasiyasıdır. 20-25 ildi həvəskar səviyyəsində yarışlar keçirilir və qaliblər hər iki ildən bir rəsmi olaraq ölkəni qitə yarışlarında təmsil edirlər. Ən mənfi cəhətlərdən biri, Azərbaycanda futbol qanunlarını çox adam bilmir və ictimai nəzarət də olmadığı üçün, federasiyada oturanlar qanunsuz işlərlə məşğul olur, Nizamnaməni kobud şəkildə pozurlar. Ölkədə həvəskar statuslu yarışlar bir təşkilatın, HFF-nın bayrağı altında keçirilə bilər. AFFA onlara nəzarət və köməklik göstərməlidir. Bunun əvəzinə özləri qanunsuzluğa qol qoyaraq monopoliya yaradır, bu yarışı da "myaskombinat-a" prinsipi ilə Region Liqası adı altında keçirirlər. Sözlərimin tutarlı təsdiqi üçün, xüsusi vurğulayım, AFFA konfransında kim rəsmi olaraq təmsil olunur, AFFA-nın üzvləri olan federasiya və qurumlar. Onlardan da biri Həvəskarlar Futbol Federasiyasıdır. Bölgələrdə infrastruktur, peşəkar, uşaq futbolunu inkişaf etdirmək lazımdır, həvəskar futbol öz yerində idi.
- Region Liqasındakı şəraitin bərbad vəziyyətdə olmasından şikayətlənirlər…
- Bir daha vurğulayıram, həvəskar futbola dəstək lazım idi, fərqli yarışın keçirilməsinə isə ehtiyac yox idi. Təəssüf ki, ictimaiyyət arasında üzdənyanaşma meyyləri artıb. 100 milyonlarla pullar xərclənən və bu gün böyük futbolsuz qalan Lənkəran, İmişli, Yevlax, Zaqatala stafion-bazalarının niyə boş qalması müzakirə obyekti olmalıdır. Millətin başını qatıb peşəkar futbola heç bir aidiyyatı olmayan, yarış səviyyəsi çox aşağı olan turnir haqqında bu qədər müzakirə aparılması doğru deyil. Təssəvvür edin, Ingiltərədə Premyer Liqa qalır kənarda, gecə-gündüz həvəskarlar liqaları müzakirə edilir. Belə futbol düşüncəsi Azərbaycan Premyer Liqasını da həvəskar səviyyəyə endirib. Bölgələrimizdə futbolu çox sevirlər. Qeyd etdiyiniz liqada oyunlara güclülər dəstəsindən daha çox azarkeş gəlir. Bu, yarışın səviyyəsinin göstəricisi deyil, Azərbaycanda futbola olan sevginin nümunəsidir. Mingəçevir, Qusar, Sabirabad və digər şəhər və rayonlarımıza peşəkar klublar, böyük futbol lazımdır. Həvəskar futbol, sağlamlıq, kütləvilliyin təmin olunması deməkdir, peşəkar futbol deyil.
- Azərbaycanda azarkeşlər stadionlardan uzaq düşüb. Sizcə tərəfdarları futboldan kənar salan səbəb nə ola bilər?
- Azərbaycanda futbol bir nömrəli idman növüdür. Azarkeşləri stadionlardan uzaq salan bir nömrəli amil, futbol idarəçiliyinə olan inamsızlıqdır. İctimaiyyətdə artıq günü-gündən narazılıqlar çoxalır. Bir daha vurğulayıram, futbola dair xüsusi dövlət proqramı qəbul edilmişdi, fantastik yatırımlar edildi. Bunun nəticəsində heç bir ciddi uğur olmadı. "Neftçi", "Qarabağ", "Qəbələ"nin qrupları isə, ümumi futbolun yox, o klublarda olmuş, fəaliyyət göstərən insanların əməyidir. Azarkeşlərimiz tarixən böyük futbol görüblər, tələbkardılar. Onlara "San-Siro"da "doqquzluğa" vurulan qollar, Madrid stadionlarında gözəl oyunlar lazımdır. Yuxarıda qeyd etdiyim kimi, azarkeşləri nə həvəskar futbol, nə də rəqabətsiz "Bakı birinciliyi" qane etməz. Onlar böyük futbol görmək istəyirlər. Yaxın keçmişdə "Böyük oyun"lar kimi...
- Tahir bəy, iş adamlarının futbola marağının azalmasına və yatırım etməkdən imtina etməsinə səbəb nə ola bilər?
- Son 15-20 ildə "Şəmkir", "Kəpəz", "Karvan", "MKT-Araz", "Turan", "Xəzər Lənkəran", "Bakı", "İnter", "Simurq", AZAL kimi klublar dağılıb və dağıdılıb. Klub idarəçiliyində baş verən boşluqlar da yetərincə idi. Əsas səbəb isə, ölkə futbolunun düzgün idarə olunmamasıdır. Şəxsi məqsədlərə çevrilən futbola sponsorlar bir-bir kənara çəkildi. Bütün bunlar futbolda lövbər salmış bir qrup səlahiyyətli dağıdıcı qüvvəyə sərfəli idi. Klan davaları ölkə futbolunun indiki duruma düşməsində böyük rol oynadı.
- Kimi danışdırırsan AFFA-nın baş katibinin futbola yanaşmasından narazılıq edir. Belə çıxır ki, baş katibin futbol anlayışının olmaması Azərbaycan futbolunun inkişafına ciddi zərbə vurur?
-Qeyd etdim, AFFA böyük qurumdur, Azərbaycan futboluna tam olaraq cavabdehdir və bütün bunlar FİFA, UEFA, ölkə qanunları ilə tənzimlənir. AFFA strukturuna nəzər yetirsəniz, Icraiyyə Komitəsinin xüsusi qərarı ilə katibliyə müstəsna səlahiyyətlər verilib. Baxmayaq ki, katiblik əsasən əlaqələndirici funksiyanı daşıyır, daşımalıdır. Bu gün AFFA maliyyəsindən, infrastrukturundan, milli, yaş qrupları üzrə yığmalarımdan tutmuş uşaq futboluna kimi rəhbərlik, nəzarət katibliyə, baş katib Elxan Məmmədova rəsmi olaraq həvalə edilib, federasiya daxilində qanunlaşdırılıb. İdarəçilikdə baş katib faktiki olaraq AFFA-ya, futbola rəhbərlik edir. Belə olan halda təbiidir, əsas narazılıq, tələb, tənqidlər də ona ünvanlanır. 100 milyonların xərclənməsinə baxmayaraq, uzun illərdi həvəskar təfəkkürlə idarə olunan Azərbaycan futbolunun həvəskar səviyyəsinə düşməsi də təəccüblü deyil. Ölkə futbolunda köklü islahatlar aparılmasa, futbol ənənələri olan şəhər və rayonlarımızda köklü bölgə klubları bərpa edilməsə, futbol işini bacaran, xalqı sevən, milli ruhu olan peşəkarlara həvalə edilməyincə belə də davam edəcək. Kosmetik təmirlə qəza vəziyyətində olan bina xilas edilə bilməz.
Seçilmişlər
Ən çox oxunanlar