"O, popkorndan insanlar zəhərlənə bilərdi" - Deputat həmkarının MÜDAFİƏSİNƏ QALXDI
Tarix: 08-05-2019 13:51
Milli Məclisin deputatı, professor Rüfət Quliyevin millət vəkili həmkarı Rasim Musabəyovun Bakıda yeraltı keçiddə popkorn satan uşağı "həyasız" adlandırması və onun vergi ödəməyini tələb etməsi ilə bağlı məsələdən danışıb.
Deputat Rüfət Quliyev Demokrat.az-a açıqlamasında Rasim Musabəyovu dəyərli ziyalı kimi tanıdığını bildirib:
"Mənim Rasim müəllimə böyük hörmətim var. O, yaxşı siyasətçidir, dəyərli insandır, ziyalı adamdır. Rasim Musabəyov həm savadlı politoloqdur, həm də ictimai-siyasi və sosial-iqtisadi məsələrdən yaxşı anlayışı olan şəxsdir. Mən onunla dəfələrlə xaricdə səfərlərdə olmuşam, xeyli söhbətlərimiz olub".
Deputat kiçik sahibkarlığın inkişafına daim şərait yaradılmasına tərəfdar olduğunu söyləyib:
"Mən də tərəfdarıyam ki, kiçik sahibkarlığın inkişafına daim şərait yaradılmalıdır. Cənab Prezident də hər dəfə bildirir ki, Azərbaycanda kiçik sahibkarlığın inkişafına hər kəs dəstək verməlidir. Ölkəmizdə mikrosahibkarlığa nə qədər çox imkanlar yaradılsa, bu, bir o qədər faydalıdır. Ancaq bu qanun çərçivəsində olmalıdır. Yəni, küçə ticarətilə məşğul olan şəxslər hardasa qeydiyyatdan keçməlidirlər. Çünki istənilən qida məhsulu, o cümlədən popkorn istifadə müddətini keçmiş ola və bundan insanlar zəhərlənə bilər. Burada söhbət təkcə popkorndan getmir. Söhbət həm də istənilən qida məhsulundan gedir".
R.Quliyev deyib ki, ümumiyyətlə, qanunsuz küçə ticarətilə məşğul olmaq doğru deyil:
"Uşaqlar küçələrdə qanunsuz formada nə isə satırsa, bunu ölkəmizə gələn xarici turistlər də baxıb görürlər. Sonra onlarda ölkəmiz haqqında müəyyən fikirlər yarana bilər. Küçə alverilə məşğul olan istənilən adamın əlində satdığı məhsulun keyfiyyəti barədə sənədi olmalıdır. Əgər sabah mənim və ya digər insanların övladları küçədə satılan məhsullardan yeyən zaman hər hansı problem yaranarsa, o zaman buna kim cavab verəcək? Onu da deyim ki, bu cür hallar təkcə küçə alverində olmur. Hətta, dünyada tanınan şirkətlərin istehsal etdiyi məhsullarda da buna rast gəlinir".
Millət vəkili ölkə başçısının kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı atdığı addımları da təqdir edib:
"Mən cənab Prezidentimizin siyasətini dəstəkləyirəm. Möhtərəm cənab Prezident bütün çıxışlarında məmurlara üz tutaraq qeyd edir ki, insanlara və sahibkarları incitmək, onların problemlərinə laqeyd yanaşmaq olmaz. Onlara xidmət etmək lazımdır. Bu məsələ ilə bağlı mövqeyim odur ki, Azərbaycanda mikrosahibkarlığa maksimum şərait yaradılmalıdır. Ancaq bu, qanun çərçivəsində edilməlidir. Elə etmək lazımdır ki, məmurlardan asılılıq olmasın. Dünyanın inkişaf etmiş dövlətlərindən olan ABŞ, Almaniya, Fransa və Yaponiyada ümumi daxili məhsulun həcmində kiçik və orta sahibkarlığın payı 55-65 faiz arası təşkil edir. Yəni, birmənalı olaraq 50 faizi keçməlidir. İndi Azərbaycanda yaxın gələcəkdə də biz kiçik və orta sahibkarlığın həcmçini 55-60 faizə çatdırmalıyıq. Cənab Prezidentin tapşırığı əsasında hazırda bu istiqamətdə işlər görülür. İnşallah yaxın gələcəkdə buna biz də nail olacağıq".
Seçilmişlər
Ən çox oxunanlar