Səlim Müslümov nöqsanlara yol verən vəzifəli şəxsləri cəzalandırdı
Tarix: 24-10-2014 13:36
Oktyabrın 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) cari ilin 9 ayı ərzində ölkədə əmək bazarının tənzimlənməsi, məşğulluğun artırılması, əhalinin sosial təminatının gücləndirilməsi və tibbi-sosial ekspertiza xidmətinin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərin və nazirliyin fəaliyyət sahələrində aparılan islahatların yekunlarına, habelə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iclası giriş sözü ilə açaraq, ölkənin dinamik inkişafının 2014-cü ilin 9 ayında da uğurla davam etdiyini konkret göstəricilər əsasında diqqətə çatdırıb.
S.Müslümov bildirib ki, hesabat dövründə müharibə əlilləri və onlara bərabər tutulanlara Prezident təqaüdünün orta aylıq məbləği 50%-ə yaxın, Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Prezident təqaüdünün aylıq məbləği 81,8%, əmək pensiyası almaq hüququ olmayan Qarabağ müharibəsi veteranlarına aylıq sosial müavinətin məbləği 21,6% artırılıb. Cari ilin ötən dövründə sosial təminat sistemində iki yeni təqaüd, bir yeni sosial müavinət növünün tətbiqinə başlanıb: “Belə ki, əmək pensiyası almaq hüququ olmayan ümumi səbəblərdən I qrup əlil şəxslərə sosial müavinət kimi aldıqları 67 manat məbləğində vəsaitlə birgə cari il aprelin 1-dən ayda əlavə olaraq 60 manat məbləğində Prezident təqaüdü ödənilir. Bununla da onlara hər ay ödənilən vəsait yaşayış minimumunu üstələyib. Həmçinin İkinci Dünya müharibəsində Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində işləmiş, müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə cari ilin əvvəlindən Prezident təqaüdünün, beşdən çox uşağı olan qadınların uşaqlarının hər birinə görə ayda 30 manat müavinətin ödənilməsinə başlanıb. Eyni zamanda, müharibə əlilləri və şəhid ailələrinin ödənişli ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan övladlarının təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsinə qərar verilib. 11 avqust 2014-cü il tarixli Fərmanla isə Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə gələn ilin əvvəlindən ayda 200 manat məbləğində Prezident təqaüdləri təyin olunacaq”.
Nazir hesabat dövründə 2014-cü ilin əvvəlinədək növbədə olan, Qarabağ müharibəsi, 20 Yanvar, Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərdən ibarət ümumilikdə 1453 nəfərin avtomobillə təmin olunduğunu bildirib: “Son 9 ayda bir sıra rayonlar üzrə 172 nəfər müharibə əlili və şəhid ailəsi mənzillə təmin edilib. Bu ilin sonuna kimi ayrı-ayrı bölgələrdə də yeni yaşayış binaları istifadəyə verilməklə, daha 198 nəfər müharibə əlili və şəhid ailəsinə mənzil veriləcək. Dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən isə 2014-cü il yanvar ayının 1-dək mənzil növbəsinə dayanmış 5731 nəfər əlil və şəhid ailəsi də 2014-2018-ci illərdə mərhələlərlə mənzil və ya fərdi evlə təmin ediləcək”.
S.Müslümov son 9 ayda qeyri-leqal əmək fəaliyyətinə cəlb olunduğu aşkar edilmiş 6420 nəfər işçi ilə işəgötürən arasında əmək müqaviləsinin bağlanmasının, 418 207 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin təmin olunduğunu diqqətə çatdırıb. Nazir əlavə edib ki, əmək qanunvericiliyinin pozulması hallarına görə işəgötürənlərə tətbiq olunmuş cərimələrin 41,1 faizi, yəni 1 411 600 manat dövlət büdcəsinə ödənilib və bu da ötən ilin müvafiq dövrünə nisbətən 23,6 dəfə çoxdur:
“Azərbaycan Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanına əsasən, əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin (EİS) yaradılması və tətbiqinə başlanması Azərbaycanın bir çox ölkələr üçün nümunəyə çevrilən, beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilən uğurlu təcrübəsidir. Qısa müddət ərzində mükəmməl proqram təminatı əsasında formalaşdırılan və bu gün tam fəaliyyətdə olan bu sistemdə artıq 1 milyon 440 mindən artıq əmək müqaviləsi bildirişi qeydiyyatdan keçib. EİS-ə daxil edilməli olan əmək müqaviləsi bildirişlərinin böyük əksəriyyətinin artıq sistemdə yerləşdirilməsi aparılan məqsədyönlü işlərin və işəgötürənlərin bu islahat tədbirində fəallığının uğurlu nəticəsi sayıla bilər. Qalan az sayda əmək müqaviləsi bildirişlərinin də qısa vaxtda sistemə daxil edilməsi üçün nəzarət tədbirləri gücləndirilməlidir”.
S.Müslümov əlilliyi olan şəxslərin tam reabilitasiyası göstəricisinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faizdən 3,8 faizə, hissəvi reabilitasiya göstəricisinin 0,8 faizdən 2,6 faizə yüksəldiyini, təkrar əlillik müəyyən olunan şəxslərin və sağlamlıq imkanları məhdud hesab edilən uşaqların sayının ümumən 5 251 nəfər azaldığını, nazirliyin bərpa-müalicə müəssisələrində 5 882 nəfərə bərpa-müalicə xidməti göstərildiyini, əlilliyi olan şəxslərin 18 044 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunduğunu bildirib.
Nazir əhalinin rifah halının yüksəldilməsi, yardımların təyinatında ünvanlılığın təminatı istiqamətində aparılan işlər nəticəsində ünvanlı yardım alan ailələrin sayının 17,1 faiz azaldığını diqqətə çatdırıb: “Ünvanlı dövlət sosial yardımının təyinatı mexanizminin avtomatlaşdırılması işləri davam etməkdədir. Bununla da artıq vətəndaşların ünvanlı yardım almaq üçün yaradılacaq regional qurumlara elektron formada müraciət etmək imkanları olacaq”.
S.Müslümov hesabat dövründə daha 30 yeni peşə standartının layihəsinin hazırlandığını, məşğulluq orqanlarının 22 700 nəfəri münasib işlərlə təmin etdiyini, 2982 nəfər işsiz və işaxtaran vətəndaşın peşə kurslarına cəlb olunduğunu qeyd edib. Nazir hesabat dövründə aparılan məqsədyönlü işlərin müsbət nəticəsi kimi xidmət sahələri üzrə nazirliyə və digər instansiyalara şikayət xarakterli müraciətlərin dəfələrlə azaldığını vurğulayıb.
Kollegiya iclasında ƏƏSMN-nin ayrı-ayrı struktur bölmələri tərəfindən hesabat məruzələri dinlənilib. Görülən işlərin müsbət nəticələri qeyd olunmaqla, yol verilən nöqsan və çatışmazlıqlar diqqətə çatdırılıb və fəaliyyətlərində nöqsanlara yol verən vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirlərinin görülməsi üçün müvafiq qərarlar qəbul edilib. Qarşıda duran vəzifələrin də müzakirə edildiyi iclasda nazirliyin struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.
Seçilmişlər
Ən çox oxunanlar