Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək - Prezidentdən SƏRƏNCAM
Tarix: 24-04-2020 11:48
Prezident İlham Əliyev 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 (min beş yüz) manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 (yeddi yüz əlli) manat məbləğində birdəfəlik maddi yardım veriləcək.
Sərəncama uyğun olaraq, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,9 milyon (beş milyon doqquz yüz min) manat ayrılıb.
Seçilmişlər
Ən çox oxunanlar