Uşaq hüquqlarına dövlət nəzarəti qaydasında dəyişiklik edilib - Fərman
Tarix: 24-12-2019 00:39
Prezident İlham Əliyev “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.
GÜNpress.az-ın məlumatına görə, Qaydaya əsasən, dövlət nəzarətini Azərbaycan Respublikasının qanunları əsasında müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər.
Fərmana əsasən, Ailə Məcəlləsinə edilən dəyişikliyə uyğun olaraq “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaqların hüquqlarını və mənafelərini müdafiə etmək, Ailə Məcəlləsinə uyğun olaraq, valideyn himayəsindən məhrum olan uşaqların, övladlığa götürülən uşaqların ümumi uçotunu aparmaq, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə razılıq vermək, ölkələrarası övladlığa götürmə məsələləri üzrə zəruri tədbirləri həyata keçirmək, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldüyü hallarda, övladlığa götürülmüş uşaqların həyat şəraitinə və tərbiyəsinə nəzarətin həyata keçirilməsi üzrə hesabatlara və məlumatlara baxmaq, əsas olduqda, övladlığa götürmənin ləğvi ilə bağlı məhkəmədə iddia qaldırmaq, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi ləğv edildikdə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların Azərbaycan Respublikasının ərazisinə qaytarılması və ya övladlığa götürənin vətəndaşı olduğu (daimi yaşadığı) dövlətin qanunvericiliyinə uyğun yerləşdirilməsi məqsədi ilə zəruri tədbirlər görmək, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları övladlığa götürən əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən akkreditə edilmiş orqanları müəyyən etmək və onların fəaliyyətinə nəzarət etmək sahəsində funksiyaları ləğv olunub.
Fərmana əsasən, müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aşağıdakı funksiyalar həvalə edilir:
- valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürmək arzusunda olan şəxslərin (Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) vahid uçotunu elektron qaydada aparır;
- övladlığagötürmənin əsaslandırılmasını və övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəy verilməsini təmin edir;
- Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürməsi zamanı rəy verilməsini təmin edir;
- övladlığagötürmə sahəsində vahid nəzarətin, eləcə də əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin övladlığa götürdükləri Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların həyat şəraiti ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsini təmin edir;
- övladlığagötürmənin ləğvi ilə bağlı tədbirlər görür;
- Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları övladlığa götürən əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən akkreditə edilmiş orqanı müəyyənləşdirir.
Seçilmişlər
Ən çox oxunanlar