Razim Məmmədovunrestoranları, ticarət obyektləri, tikinti şirkətləri
Tarix: 09-06-2015 10:28
Azərbaycanda qanunla qadağan olunmasına baxmayaraq məmurların biznes və kommersiya obyektlərinə sahib olduqları heç kimə sirr deyil. Bu sırada icra başçılarının da adlarını vurğulamaq olar. Hazırda Bakı rayonlarının icra başçılarından hansınınsa restorana, şirkətə, böyük ticarət mərkəzlərinə malik olmadıqlarını təsəvvür etmək mümkün deyil.
Düzdür, sənəd üzərində onlara məxsus heç bir əmlak yoxdur. Ancaq bu, məlum, həm də çox köhnə variantdər. Azərbaycan o qədər də böyük ölkə olmadığından hər kəsin hər şeydən xəbəri var.
Ötən ayın 19-da Binəqədidə çoxmərtəbəli yaşayış binasının yanmasından sonra Bakının rayonlarına rəhbərlik edən şəxslərlə bağlı araşdırmalar gündəmə gəlib.
Sözügedən yanğın və insan tələfatından sonra məlum oldu ki, Bakının bəzi rayonlarına rəhbərlik edən məmurların başları öz bizneslərinə qarışıb. Hətta rəhbərlik etdikləri yerlərdə insanlar onları o qədər də maraqlandırmır.
İş o yerə çatıb ki, belə məmurlar mətbuatın onlar barəsində yazdıqlarını da bir heç sayırlar.
Modern.az saytı məsələ ilə bağlı araşdırma aparıb. Məlum olub ki, indi Bakının rayonlarına rəhbərlik edən şəxslərin böyük əksəriyyəti öz bizneslərini "çiçəkləndirməklə” məşğuldurlar.
Xatırladaq ki, Binəqədi rayonunda baş vermiş məlum olaydan öncə anoloji hadisə Xətaidə də baş vermiş, keyfiyyətsiz materialla üzlənmiş çoxmərtəbəli bir yaşayış binası yanmış, xoşbəxtlikdən insan tələfatı olmamışdı.
Məhz insan tələfatı olmadığı üçün Xətaidəki hadisənin üzərindən sükutla keçildi.
Zaman-zaman Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov barədə mətbuatda yazılar dərc edilib. Bu yazılarda onun Xətaidə amansızlıqla "yaşıl soyqırımı” gerçəkləşdirdiyi xüsusilə vurğulanıb.
Razim Məmmədov 21 iyun 1966-cı ildə Ermənistan SSR Sisyan rayonunun Ağudi kəndində anadan olub. İlk əmək fəaliyyətinə 1983-cü ildə "Azərittifaq”ın Kitab Ticarəti idarəsində fəhlə və komplektləşdirici kimi başlayıb. 1984-1986-cı illərdə hərbi xidmətdə olub.
1991-ci ildə Moskva Kooperasiya İnstitutunun Əmtəəşünaslıq fakültəsini, 2004-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
1999-cu ildə yaradılmış "Real-İnşaat” firmasının həmtəsisçisi, 2004-cü ildə Sumqayıt şəhərində yaradılmış "Real Tibb Mərkəzi” MMC-nin təsisçisi və direktoru olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 sentyabr 2006-cı il tarixli sərəncamı ilə Xətai rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
9 ildir ki, eyni postda çalışan başçıdan razı qalanların və narazıların hansının çox olduğunu deyə bilmərik. Ancaq mediada yazılanlardan belə məlum olur ki, onun biznesi və rəhbərlik etdiyi rayondakı qanunsuzluqlar barədə şikayətlər kifayət qədərdir.
İcra başçısının sahib olduğu evlərin sayı bilinmir, Bakı kəndlərindəki mülkləri, biznes fəaliyyətinin olması isə sirr deyil.
Yəqin 2014-cü ildə rayon ərazisində qırılan yaşıllıqların müzakirə mövusu olması xatirinizdədir. Deputatların da işə qarışmasından sonra sakinlərin istəyi təmin olunmuş, yaşıllığın qırılmasının qarşısı nisbətən alınmışdı.
Biznesmenlikdən icra başçılığına yüksələn Razim Məmmədovun 2006-cı ildə Xətai rayonuna rəhbər gətirilməsində o vaxtlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi olmuş Arif Qaraşovun müstəsna rol oynadığı bildirilir. Xətai rayonuna rəhbər gələnədək Razim Məmmədov hansısa dövlət qurumunda səlahiyyətli vəzifə sahibi olmayıb.
O, tez bir zamanda var-dövlət sahibinə çevrilib, imkanlarını genişləndirib.
İddialara görə, hazırda yaxın adamlarının adlarına olmaq şərti ilə Razim Məmmədovun yalnız Bakının mərkəzi hissəsində 75 mənzili var ki, ən ucuzunun qiymətinin 350 min manat olduğu söylənilir.
Həmçinin bildirilir ki, R.Məmmədov Bakı kəndlərinin birində yerləşən bir neçə villasını sökdürərək, yerində klinika tikdirir.
Bu sadalananlar konkret olaraq mətbuatda yazılmış məlumatlardır.
Məsələ ilə bağlı başçının özü ilə əlaqə yaratmaq təbii ki, baş tutmadı.
Razim Məmmədovun köməkçisi Aqil Qasımov Modern.az saytına açıqlamasında deyilənlərin reallığı əks etdirmədiyini bildirdi: "Deyilənlərin hamısı cəfəngiyyatdır. Bəzi saytlar yazır, hamınız da onlara istinad edirsiniz. O məlumatların içərisində doğru, düzgün məlumat yoxdur. Razim müəllim başçı təyin olunmazdan əvvəl hər bir şəraiti vardı. Qızıl bazarında payı var, klinika tikdirir, yaşıllıqları qırır, biznes fəaliyyəti qurub və s. kimi fikirlərin heç bir əsası yoxdur”.
Seçilmişlər
Ən çox oxunanlar