“Hələ 74 siyasi məhbus var...” - Amnesty International
Azərbaycanda ədalətsiz həbsdə olan fəalların azad edilməsi düzgün istiqamətdə bir addımdır. Amma Azərbaycanda qorxu və təzyiq ab- havasını dəyişmək üçün daha çox səy göstərilməsinə ehtiyac var.
Bu barədə Amnesty International hüquq-müdafiə təşkilatının bəyanatında deyilir. Təşkilat Novruz bayramı münasibətilə 400-dən çox məhbusun əfv edilməsinə toxunaraq, ölkədə tənqidi səslərə görə uzun müddət həbs olunmuş gənc NİDA-çı fəalların, eləcə də Nardaran hadisələrinə görə həbs olunmuş Fuad Qəhrəmanlının azad olunmasını xatırladır.
Təşkilat yerli hüquq- müdafiə təşkilatlarına istinad edərək hələ də 74 siyasi fəalın, jurnalistlərin və müxalif fəalların ədalətsiz olaraq həbsdə olduğunu qeyd edir.
Aİ hesab edir ki , Azərbaycan hələ də vətəndaş cəmiyyəti üçün demək olar ki, qeyri-mümkün olan repressiv qanunvericiliyi saxlayır, QHT-lərin qeydiyyata alınması və maliyyələşdirilməsi ilə bağlı tələbləri, bu qrupların ölkədən çıxışına hələ də qadağan olan proseslərin davam etdiyini göstərir.
"Azərbaycan hakimiyyəti beynəlxalq təşkilatlara Amnesty International da daxil olmaqla, ölkədə insan haqlarının vəziyyətini müşahidə etməyə imkan yaratmalıdır. Azərbaycanın beynəlxalq tərəfdaşları, o cümlədən Avropa İttifaqı ölkədə qorxu və repressiya şəraitinin aradan qaldırılmasından ötrü hakimiyyətin insan hüquqları sahəsində geniş islahatlar aparması üçün Bakıya təzyiq göstərməlidir”.
Turan