BOŞ EV...
Tarix: 11-12-2023 12:54
Bəzi çiçəklər həyatda yalnız bir dəfə açırlar. İnsan ömrü də elə o çiçəklərə bənzəyir. Bu həyatda bircə dəfə var olan insanın gözəllik, sevinc, sevgi bəxş etdiyi insanlar üçün varlığının böyüklüyü qədər yoxluğu da dərin və sonsuz olur. Çiçək ömrü qədər ömür sürən bir insan gedişi ilə bütün arzuları da bərabərində soldurur. Vüsal kimi…
Ondan sonra nə vağzalının sədası əvvəlki kimi qəlb oxşayır, nə də payız çiçəkləri gözəl qoxuyur. Sanki o çiçəklər dekabrın 14-də Mədinə ananın torpağa dikdiyi “Vüsal çiçəyi” kimi həsrət qoxuyur. Vüsalına çatmayan ana daha heç çiçəkləri də sevmir. Daş məzarlar üstə məhkum olan çiçəklər sevgidən yetim qalarlar. O çiçəklərin jaləsi göz yaşları olar. Ancaq heç kimin arzusu bu deyildi. Vüsal da toy günündə bəyaz gəlinlikdəki sevdiyinə bir dəstə bəyaz çiçək bağışlayacaqdı. Qisməti qovuşmaq yox əbədi ayrılıq oldu.
Vüsalı yarımçıq qalan Vüsalın ömür kitabının ilk səhifəsi 15 iyul 1988-ci ildə yazılıb. Uşaqlıq xatirələrinin izi həkk olunan o ömür kitabına məktəbli həyatının da izi düşüb. 1994-cü ildə Şərur rayon Dizə kənd tam orta məktəbində təhsil almağa başlayan Vüsal yaşa dolduqca verdiyi qərarda daha çox qətiyyətli olduğunu bəlli edib. Bu qərar bir vətəndaşın özü üçün deyil xalqı üçün verdiyi bir qərar idi. "Mən bir zabit olacam."
Vəliyev Vüsal İslam oğlunun ömür kitabında yeni bir səhifə 2002-ci ildə açılıb. Heydər Əliyev adına Hərbi Liseyə qəbul olan Vüsalın kursant həyatı başlayıb. Üçillik təhsilini başa vurduqdan sonra 2005-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə qəbul olub. 2009-cu ildə leytenant hərbi rütbəsi ilə hərbi təhsilini başa vuran Vüsalın səngər həyatı Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə başlayıb.
Vüsal Vəliyev 2012-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin üç aylıq kursunu uğurla keçib. O, peşəkar bir zabit olmaq üçün bir çox addımlar atıb və hər zaman öz üzərində çalışıb. 2012-ci ildə baş leytenant hərbi rütbəsinə layiq görülüb.
Vüsal müxtəlif zamanlarda tank əleyhinə taqım komandiri, motoatıcı taborun qərərgah bölüyünün komandiri, motoatıcı taqım komandiri, motoatıcı bölüyünün komandiri, tank əleyhinə bölüyün komandiri, motoatıcı taborun qərərgah rəisi, tabor komandirinin müavini, motoatıcı taborun komandiri vəzifələrində Azərbaycanın bir çox bölgələrində xidmət edib. Beyləqan, Füzuli, Ağdam, Tərtər, Tovuz, Qazax, Göygöl və Murov Vüsalın hərbçi kimi iz qoyduğu bölgələrdir. Onun bütün bu xidmətlərinin nəticəsində hələ şəhadətindən öncə "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı və "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı, "Əfqanıstanda Sülhməramlı Missiyaya görə" medalı və "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə təltif olunub. Eyni zamanda 2016-cı ildə kapitan hərbi rütbəsinə yüksəlib.
Vüsal vətənin layiqli övladı olduğu kimi valideynlərinin də layiqli övladı idi. Beş övladın içində Vüsal özünəməxsusluğu ilə seçilib. Elə bil ki, nakam ömürlü olacağını bəlli edib. Mədinə ana zabit anası olmağın qüruru ilə çəkdiyi həsrətini gizlətməyə çalışıb. 28 yaşlı oğlunun sevdiyinə elçi gedən gün, oğlunun sevdiyinin barmağına nişan üzüyü taxan gün özünü ən xoşbəxt ana hesab edib. Vüsalla bağlı arzularına çatacaqdı ki, müharibə başladı.
2020-ci ilin avqust ayında mayor hərbi rütbəsi alan Vüsal Vətən müharibəsinin ilk günündən döyüşlərdə iştirak edib. Həmlə taborunun komandiri kimi Kəlbəcər-Murov istiqamətində döyüşə başlayan Vüsal Şuşanın işğaldan azad olunmasına töhfə verən qəhrəmanlardan biri olub. Kənd-kənd, şəhər-şəhər azad olunan vətən torpaqlarına cismini sipər edib. Dəfələrlə yaralansa da haqq mübarizəsini yarımçıq qoymayıb.
Oktyabrın 1-də ailəsinə zəng edən zaman "Evimi hazır edin, gəlib toy edəcəm" deyən Vüsaldan bir daha zəng gəlməyib. Atası oğlunun yarımçıq evini tikib başa çatdırmağa çalışsa da Vüsalın itkin düşməsi xəbərinə ürəyi tab etməyib. Oğlunun bir gün belə yaşamadığı evin həyətindən atanın cansız cismi çıxıb. O tikilib başa çıxmayan boş ev Vüsal həsrətlilərin göz dağıdır. Qarabağın həsrəti bitdi ancaq Vüsalın sükutu pozulmurdu ki, pozulmurdu. İllərə bərabər ötən günlər biri-birinə canlanırdı. Həmin o günlərdə Vüsalın doğmalarının bütün axtarışları nəticəsiz qaldı. Ta ki, dekabrın 14-nə qədər. Mədinə ananın sinəsi yaralı şəhid balası bayrağa bükülmüş tabutda bəy kimi deyil çiyinlər üstə atasız ata evinə gətirildi.
Siz heç vağzalı sədası ilə toy evinə yox məzar evinə gedən bəy görmüsünüz? Siz heç qardaş tabutu önündə musiqiçilərə bəxşiş verən qardaş görmüsünüz? O qardaşın ürəyinin alovunu nə söndürə bilər ki? Axı Elyar Vüsalın toyunda qol qaldırıb oynayacaqdı. Qolu yanına düşən qardaş çiyinində qardaş tabutu aparanda, qəlbi şəhid həsrətindən, ata həsrətindən odlanırdı.
Ruhu 9 noyabrda cənnətə üz tutan Vüsalın cismi 14 dekabrda Şərur rayon Şəhidlər xiyabanında əbədiyyətə uğurlandı.
Mayor Vəliyev Vüsal İslam oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı, "Kəlbəcərin azad olunmasına görə" medalı, "İgidliyə görə" medalı və "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.
Vüsalın xatirəsini əbədiləşdirmək üçün bir çox addımlar atılıb və atılmaqdadır. Qardaşı Elyar İslamoğlunun qələmə aldığı "QİSAS 44" kitabı şəhid ömrünün əbədi izidir. Şərur rayonunun Dizə kəndində şəhid Vüsalın adına inşa edilmiş bulaq da daha bir addımdır. Vüsalın qəhrəmanlığından çox şair və yazarlar bəhs ediblər. Bu qəhrəmanlığın izi düşən kitablardan biri də "VƏTƏN FƏDAİLƏRİ: NAXÇIVAN ŞƏHİDLƏRİ" kitabıdır.
SƏNDƏN SONRA...
Səndən sonra bilirsənmi,
Vüsal, həyat necədir?
Həsrətini çəkənlərə,
Gündüzlər də gecədir.
Səndən sonra vağzalının,
Sədası qəlb oxşamır.
Məzarına gül düzənlər,
Çoxdan ölüb, yaşamır.
Səndən sonra göyərçinlər,
Ümid olub anana.
Sən gedən gün məzlum quşun,
Sinəsi batıb qana.
Səndən sonra atanın da,
Yeri boşaldı yaman.
Sanki ata və oğula,
Matəm tutdu bu cahan.
Səndən sonra torpaqlar da,
Dilə gəlib elə bil.
Mədinə ana Şuşada,
"Oğul" dedi yandı dil.
Səndən sonra qardaşının,
Qəlbində nalə qopur.
Adını yaşatmaq ilə,
O, bir təsəlli tapır.
Səndən sonra kirpiklərdən,
Asır özün göz yaşı.
Bu çəkilən acılara,
Şahiddir məzar daşı.
AYB-nin və AJB-nin üzvü Manya Səxavətqızı
Seçilmişlər
Ən çox oxunanlar