QEYRƏT QALASININ SAĞALMAZ YARASI
Tarix: 04-12-2023 15:00
Həyat səni mənə belə tanıdacaqmış demək. Sən şəhid olaraq mənim qəlbimə köçəcəkmişsən. Dünya boyda sənsizliyə qərq olacaqmışam. Biraz nakam ömrünə ağlayacaqmışam, biraz da yarının divara asdığı şəkilinə göz dikərək səhərə qədər sənə ünvanladığı cavabsız suallara ağlayacaqmışam. Bunlara birtəhər dözsəm də dözülməz qəlb ağrıları da yaşayacaqmışam. Məsələn Yusifin telefonda sevinc və kədərlə qarışıq hisslərlə "Manya bibi, Manya bibi atama yeni medallar verdilər. Sabah taxıb məzarı üstünə gedəcəm. Qoy atamın ruhu görüb sevinsin" sözlərini eşitdiyimdə çarəsizcəsinə susdum. Əslində dilim susdu. Ancaq əminəm ki, ruhumun fəryadı ta Tağının cənnətinə qədər gedib çatdı.
Bir uşaq düşünün, heç bir geyiminin yarlığını atasının məzarına göstərmədən qoparmır və geyinmir. İlk bağçaya gedəndə, ilk məktəbə gedəndə bütün uşaqların ataları gəldi, ancaq Yusif atasına getdi. Gecə-gündüz demədən Yusif atasını görmək istədiyində Naxçıvan şəhərindən Sədərək Şəhidlər xiyabanına gedən isə Tağının can yoldaşı Nuranə, Tağının dili ilə desək "Nuruş"dur.
"Dərdi çox olanların gülüşü dərin olur" deyərlər. Nuranə tam o deyimin bir izahıdır. Hamıya yetməyə çalışan, hamını sevindirmək üçün əlindən gələni əsirgəməyən bu gənc qadının təkcə özünü sevindirməyə gücü yetmir. Çünki onun sevincinin səbəbkarı vətənə can fəda edərək şəhadətə ucalıb.
Abdullazadə Tağı İlham oğlu 4 may 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Dəmirçi kəndind dünyaya göz açıb.Sədərək rayonunun adı gələndə xəyalımızda hər zaman düşmənin atəşə tutduğu yer canlanır. Tağı da həmin atəş səslərini duya-duya böyümüşdü. Üç bacının bir qardaşı olan Tağı tək oğul olsa da heç zaman ərköyün böyüməmiş, əksinə həyatın sərt sınaqlarından çıxmışdı.
Tağı 1999-2010-cu illərdə Sədərək rayonu Sədərək kənd 1 nömrəli tam orta məktəbin şagirdləri sırasında yer alıb. Məktəbi bitirdikdən sonra 2010-cu ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə yollanıb. Naxçıvan Muxtar Respublikasının Ordubad rayonununda yerləşən N saylı hərbi hissədə xidmət edən vətən oğlu xidmətini uğurla başa vurduqdan sonra evinə dönüb.
Tağının vətənə olan sevgisi hər kəsə məlum idi. O, bütün uşaqların məktəb vaxtından hərbi biliklərə yiyələnməyinin tərəfdarı idi. Elə bu minvalla da Sədərək rayonunun Heydərabad qəsəbə tam orta məktəbində hərbi hazırlıq müəllimi işləməyə başlayır.
Bəzi insanlar bu dünyada sevincin üz çevirdiyi insanlar olar. Anasını itirən bir qızın baxışları sevincdən uzaq düşdüyünü bəlli edirdi. Tağı ilk dəfə Nuranəni gördüyündə elə onun hüzünlü baxışlarına heyran olur. 2014-cü ildə başlayan sevgi yolu 2016-cı il avqustun 27-də ailə həyatına çatır. 2017-ci ildə o ailənin qapısını Yusuf adlı övlad döyür. Yusuf ata-anasının bütün ağrı-acılarına məlhəm olur. Hər bir yoxluğa sevgilərinin varlığı qalib gələn bu ailənin qapısını əbədi ayrılıq döyür.
Tağı Abdullazadə vətəninə, xalqına bağlı bir oğul olub. O bağlılıq onu yenidən ordu sıralarına qayıtmağa sövq edib. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi ordu sıralarına qoşulmaq üçün üç aylıq kursu uğurla başa vuran Tağı Sədərək rayonunda yerləşən N saylı hərbi hissədə xidmətə başlayıb. Xidmətinin bir ili başa çatdıqdan sonra Xüsusi Təyinatlı Qüvvələrə keçmək qərarına gəlib. Həmin vaxt da lazım olan kursu uğurla keçdikdən sonra XTQ-nin bir üzvü olub.
Vətənə sədaqət, sevgi olan ürəkdə vətəni azad etmək istəyi də ucsuz-bucaqsız idi. 27 sentyabrın 2020-ci ildə başlayan müharibənin 14-cü günü Tağı o istəklə Qarabağa doğru yol aldı. Müharibəyə gedərkən geriyə bir baxışı var ki, insan izlədikcə iliklərinə qədər o həsrəti hiss edir.
Tağı döyüşlər zamanı böyük şücaətlər göstərir. Bir neçə düşməni zərərsizləşdirir. Mühasirəyə düşsələr də çıxmağı bacarır. Xocavənd rayonunun bir çox əhəmiyyətli yerlərinin azad olunmasında rolu olur. Hadrutda şiddətli döyüşlərdə iştirak edir. Son dəfə 23 oktyabrda ailəsi ilə danışanda qələbədən müjdə verir. Oktyabrın 27-də Hadrutun Tuzluca yüksəkliyi uğrunda gedən döyüşlərdə yaralanan silahdaşlarını həmin ərazidən çıxaran zaman artilleriya atəşinə tutulur və şəhid olur.
Tağının şəhid olması Nuranənin ürəyinə ikinci şəhid dağını vurur. Oktyabrın 15-də əmisi oğlu Əliyev Ənvər Nizami oğlunu vətənə qurban edən Nuranə sevdiyinin də şəhid olduğu xəbərini eşidir.
Tağının tabutunu həsrətlə gözləyənlər 2 noyabrda Naxçıvan şəhər hava limanında şəhid tabutunu qarşılayır. Elə həmin gün qeyrət qalası Sədərəyin daha bir qəhrəmanı Şəhidlər xiyabanında torpağa tapşırılır.
MAHHXHQ (Kiçik çavuş) Abdullazadə Tağı İlham oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə şəhadətindən sonra "Vətən uğrunda" medalı, "İgidliyə görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı, "Şuşanın azad olunmasına görə" medalı və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
ŞƏHİD TAĞI
Sədərəyin başına güllələr yağan zaman,
Şəhidim, sən də oldun o dəhşəti yaşayan.
Bir gözü gülən xalqın, bir gözündən axdı qan,
Tağı, yerdə qoymadın qanların qisasını,
İgidlər sağaltdılar vətənin yarasını.
Naxçıvandan yol aldın Xocavənd torpağına,
Qəhrəmanlar çıxmışdı qələbə sorağına.
Şəhid kimi bürünüb üç rəngli bayrağıma,
Zəfər müjdəsi ilə tabutda döndün geri,
Bu dönüş al qan etdi səni sevən qəlbləri.
Həsrətin də böyükdür, adının qüruru da,
Sevdiyinin, oğlunun gözü qalıb yollarda.
Ömür fəda etdiyin o azad torpaqlarda,
Yavaş-yavaş sağalır düşmən vuran yaralar,
Tağı, sənin dərdinsə daim təzə-tər qalar.
03.12.2023
AYB-nin və AJB-nin üzvü Manya Səxavətqızı
Seçilmişlər
Ən çox oxunanlar