Müharibə iştirakçıları və qazilərin nəqliyyat sahəsində hansı problemləri var?
Tarix: 14-04-2023 13:49
Müharibə iştirakçılarının, xüsusən də Vətən uğrunda sağlamlığını itirmiş qazilərin müxtəlif istiqamətlərdə ehtiyac və qayğıları cəmiyyətdə hər zaman həssas mövzulardan biridir. Belə insanlara xüsusi hörmət və ehtiramı, demək olar ki, hər yerdə və hər kəsdən görmək mümkündür. Bu münasibət cəmiyyətimizin onlara öz xidmətlərinə görə minnətdarlığının ifadəsi olmaqla yanaşı, kələcək Vətən keçikçilərini şücaət və qəhrəmanlıqlara ruhlandıran stimuldur.
Veteranların və qazilərin qayğılarından biri də nəqliyyatla, mobilliklə bağlı ehtiyaclarının qarşılanmasıdır. Bu məsələni araşdırarkən belə şəxslərin və bütövlükdə məhdud mobillik imkanları olan şəxslərin nəqliyyatla bağlı çeşidli çətinliklərini görmək mümkündür. Müharibə veteranları və qazilərin nəqliyyatla bağlı ehtiyac və qayğılarını bir neçə istiqamətdən nəzərdən keçirmək olar: ictimai nəqliyyatın müyəssərliyi və ictimai nəqliyyatdan istifadə ilə bağlı güzəştlər; küçə-yol şəbəkəsində piyada, yaxud xüsusi vasitələrlə hərəkət edən zaman yaranan əngəllər; belə şəxslərə verilmiş fərdi avtomobillərdən istifadə zamanı əmələ gələn problemlər. Onların hər birini qanunvericiliyin tələbləri və günümüzün reallıqları baxımından nəzərdən keçirdikdə maraqlı mənzərə alınır.
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, dövlət əlilliyi olan şəxslərə müstəqil həyat tərzi keçirmək və həyatın bütün aspektlərində hərtərəfli iştirak etmək imkanının yaradılması üçün, onların digərləri ilə bərabər səviyyədə fiziki mühit, nəqliyyat, informasiya və rabitədən, o cümlədən informasiya-kommunikasiya texnologiyaları və sistemlərindən, əhaliyə açıq olan və ya təqdim olunan digər obyekt və xidmətlərdən istifadəsinin təmin olunması üçün zəruri tədbirlər görür. Daha sonra Qanunun 14.1-ci maddəsi bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, müxtəlif müəssisə və təşkilatlardan tələb edir ki, tabeliklərində olan yol-nəqliyyat, rabitə, informasiya, mədəniyyət, məişət və digər sosial infrastruktur obyektlərini əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırsınlar, yəni əlilliyi olan şəxslər tərəfindən əsas insan hüquqlarının və azadlıqlarının digərləri ilə bərabər səviyyədə həyata keçirilməsinin təmin olunması məqsədi ilə hər bir konkret halda zəruri və mümkün uyğunlaşma və düzəlişlər etsinlər. Qanunun bu tələbləri ictimai həyatın bütün sahələri kimi, ictimai nəqliyyatda, küçə-yol şəbəkəsində əlilliyi olan şəxslərin, o cümlədən qazilərin rahat və imkan daxilində kənar yardım olmadan hərəkət edə bilməsini təmin etməyə yönəlib. Küçələr, yollar, xüsusilə səki və piyada keçidləri məhdud mobilliyi olan şəxslərin rahat istifadəsi üçün əlverişli olmalıdır. Aparılan müşahidələr göstərir ki, heç də hər şey qanunvericilikdə nəzərdə tutulduğu kimi deyil. Hazırda ölkəmizdə istismarda olan ictimai nəqliyyat vasitələrinin çox az qismində məhdud mobilliyi olan insanlar üçün xüsusi avadanlıq nəzərdə tutulub. Paytaxtda istifadə edilən bir neçə yüz avtobusdan başqa, digər avtobuslar, bölgələrdəki avtobus parkının hamısı belə xüsusi avadanlıqlarla təchiz edilməyib. Avadanlığın təchiz olunduğu nəqliyyat vasitələrində isə istifadəylə bağlı praktiki problemlər var. Eyni mənzərə əksər metro stansiyalarında, yeraltı və yerüstü piyada keçidlərində də müşahidə edilir.
Paytaxtın mərkəzi hissəslərindəki bəzi küçə və prospektlər istisna olmaqla, digər küçə və prospektlərdə, eləcə də ölkənin başqa şəhər və qəsəbələrinin küçələrində məhdud mobilliyi olan insanların, o cümlədən əlilliyi olan şəxslər üçün arabalarda hərəkət edənlərin sərbəst hərəkət edə bilməsi üçün şərait mövcud deyil. Bu səbəbdən həmin şəxslər sosial həyatda tam iştirak edə bilmirlər, yaxud başqalarının yardımına ciddi ehtiyacları yaranır.
Başqa bir problem ictimai nəqliyyat sürücülərinin və bəzi sərnişinlərin belə insanlar barəsində uyğun davranış nümayiş etdirməməsidir.
İctimai nəqliyyat və küçə-yol şəbəkəsində müşahidə edilən belə çatışmazlıqları aradan qaldırmaq üçün avtobus parkı yenilənərkən məhdud mobilliyi olan şəxslərin minib-düşməsi üçün uyğunlaşdırılmış (o cümlədən xüsusi avadanlığı olan) avtobuslara üstünlük verilməli, həmin şəxslər üçün küçə-yol şəbəkəsindəki maneələr aradan qaldırılmalıdır. Bunun üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 sentyabr tarixli 405 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq infrastruktur obyektlərinin və yaşayış binalarının layihələndirilməsi və tikintisi zamanı əlilliyi olan şəxslərin tələbatının nəzərə alınmasına, istismarda olan infrastruktur obyektlərinin və yaşayış binalarının əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılmasına öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən lazımınca nəzarət həyat keçirilməlidir.
Veteranların və qazilərin ictimai nəqliyyatdan güzəştli şərtlərlə istifadəsi məsələsi də aktualdır. Hazırda belə şəxslərə aylıq təqaüd (80 manat məbləğində) verilir və bu təqaüd onların ictimai nəqliyyatda gediş haqqını, kommunal və rabitə xərclərini qarşılamaq üçündür. Lakin mövcud xidmət haqlarını və tarifləri nəzərə aldıqda bu məbləğin uyğunluğu, habelə bu üsulla məsələnin həlli xeyli suallar doğurur. Ölkədə ictimai nəqliyyatda nağdsız ödənişə keçilməsi və xidmət haqlarının artması həm güzəşt mexanizminə, həm də onun məbləğinə yenidən baxmağı zəruri etmişdir. Məsələn, yaxşı olar ki, bu şəxslərə ictimai nəqliyyatdan güzəştli istifadə kartları verilsin və onların ictimai nəqliyyatdan istifadəsi dövlət tərəfindən tam olaraq qarşılansın.
Veteran və qazilərin özünəməxsus problemlərindən biri də onlara verilən fərdi minik avatomobilləri ilə bağlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıya əsasən, əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrindən biri də minik avtomobilidir. Lakin bəzən bu avtomobillərin sonrakı istifadəsi ilə bağlı bəzi hüquqi və təşkilati problemlər yaranır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 3.10-cu bəndinə uyğun olaraq, əlilliyi olan şəxslərə verilən minik avtomobilləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mülkiyyətində saxlanılmaqla qeydiyyata götürülür. Belə avtomobil yalnız onun verilmiş olduğu şəxs vəfat etdikdən sonra onun ailəsinin mülkiyyətində qalır və vəfat etmiş şəxsin ailə üzvündən birinin adına keçirilməklə Nazirliyiyin qeydiyyatından çıxarılır. Bu səbəbdən avtomobil verilmiş şəxs onu öz sağlığında sata və ya mövcud qanunvericiliyə uyğun olmaqla başqasının istifadəsinə verə bilmir. Nəticədə belə avtomobillər bəzən qanunla müəyyən edilən qaydadan kənar başqa şəxslərə (qazinin yaxın qohumuna, qonşusuna və s.) verilir. Başqa şəxs onu öz adına qeydiyyata aldırmır və rəsmi məlumat bazasında, o cümlədən BDYPİ-nin Mərkəzi informasiya sistemində istifadəçi kim qazinin olduğunu bilərək bundan sui-istifadə edir. Əlilliyi olan şəxsin belə avtomobili verdiyi ailə üvzləri, xüsusilə gənc qohumları avtomobildən istifadə zamanı xüsusi imtiyazlarının olması, yol hərəkəti qaydalarının onlara şamil edilmədi, inzibati məsuliyyətdən azad olunduğu və sair kimi yanlış fikrlərələ sadəlövh şəkildə hərəkət edərək çoxlu qayda pozuntularına yol verirlər. Bütün bunların baş verməməsi üçün əlilliyi olan şəxslərə verilən avtomobillər onların öz mülkiyyətinə keçirilməli, zəruri hallarda onlara bu avtomobilləri sərbəst özgəninkiləşdirmə imkanı verilməlidir.
Təcrübə göstərir ki, fərdi avtomobillər əlilliyi olan şəxslərə təqdim edilərkən onların fiziki durumu nəzərə alınmır, məsələn, aşağı ətrafları amputasiya edilmiş şəxsə adi avtomobil verilir. Yaxşı olar ki, belə şəxslərə onların fərdi vəziyyətinə uyğun texniki təchizata malik avtomobil verilsin.
Bəzən əlilliyi olan şəxslərə verilmiş avtomobillərdən istifadə ilə bağlı ciddi qayda pozuntularına (avtomobilin qeydiyyat nişanı olmadan idarə edilməsi və s.) da rast gəlinir. Bunun da sadə səbəbləri var. Ən bəsit səbəb odur ki, bu avtomobillərin verildiyi bəzi qazilər, yaxud onlar öz avtomobilini idarə etmək üçün verdiyi digər şəxslər yanlış olaraq düşünürlər ki, bu tipli avtomobillərin istifadəsinin xüsusi qaydası var və bəzi yol hərəkəti qaydaları onlara şamil edilmir. Bu isə bəzən belə şəxslərin hüquqi biliklərinin, öz imtiyazları ilə bağlı məlumatlatlarının kifayət qədər olmamasından irəli gəlir. Digər bir səbəb isə həmin avtomobillərdən yolda istifadə zamanı edilən qanun pozuntularına bəzi DYP əməkdaşları tərəfindən laqeyd yanaşılmasıdır.
Belə yanaşmanı aradan qaldırmaq üçün iki istiqamətdə iş görülməlidir. Öncə bu avtomobillər həmin şəxslərə təqdim edilərkən onların qaydalardan kənara çıxmaq kmi bir imtiyazının olmadığı, qaydaları pozan hərəkətlərin ilk növbədə özləri üçün təhlükəli olduğu izah edilməlidir. Bu işdə veteran təşkilatları da fəal olmalı, öz üzlərinə ictimai qaydaya hörmətlə yanaşılamsının vacibliyi, qanundan kənar hərəkətlərin belə şəxslərin özlərinin və bütövlükdə veteranların Vətən qarşısında əvəzsiz xidmətinə kölgə saldığı vurğulanmalıdır.
İkinci istiqamətdə iş isə DYP tərəfindən həyata keçirilməlidir. DYP əməkdaşları belə avtomobillərdən istifadə ilə bağlı qayda pozuntuları aşkar etdikdə onları da saxlamlı, öncə sükün arxasında həqiqətən də qazinin olduğunu dəqiqləşdirməlidir (belə edilərsə, qazilərə aid avtomobillərdən kənar şəxslərin istifadə edərək qayda pozması istisna olunacaq). Daha sonra qayda pozan şəxsə izah edilməlidir ki, heç kimin qanun pozmaq kimi bir imtiyazı yoxdur və belə yanaşma çox təhlükəlidir. Düşünürəm ki, bunlar edilsə, həmin hallar əsaslı şəkildə aradan qalxar, çünki Vətən üçün canından keçməyi özünə rəva görən insan Vətənin qanunlarına da hörmətlə yanaşar, bunu sadəcə ona daha dərindən aydınlaşdırmaq lazımdır.
İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsinin bəzi qaziləri dövlət tərəfindən onlara verilmiş avtomobillərdən istifadə edərək xeyli miqdarada cərimə tətbiqinə məruz qalmışlar. Həmin cərimələr qanuni qüvvəyə minsə də, ödənilməmiş qalır. Bu istiqamətdə də çıxış yolu tapılmalıdır. Öncə yuxarıda göstərdiyim profilaktik iş icra edilməlidir ki, belə hallar azalsın. Yığılmış cərimələr isə, əgər onların tətbiqi haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 il keçmişdirsə, İnzibati Xətalar Məcəlləsinin 146.1-1-ci maddəsinə uyğun olaraq ləğv edilməlidir. Bu müddət keçməmiş olduqda isə fərdi yanaşılmaqla amnistiya və əfv etmə qaydasında məsələnin həlli mümkündür. İnzibati Xətalar Məcəlləsində amnistiya və əfv etmə birbaşa göstərilməsə də, Konstitusiyanı rəhbər tutaraq analogiya qaydasında bu mexanizmlərin tətbiqi mümkündür. Lakin ən başlıca hədəf növbəti qayda pozuntularının baş verməməsi üçün profilaktika və nəzarət işinə xüsusi diqqət yetirilməsi olmalıdır.
Ərşad Hüseynov,
hüquqşünas
Qeyd: Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” istiqaməti üzrə qrant müsabiqəsində qalib olan, “Müstəqil Nəqliyyatçılar” məsləhət və informasiya İctimai Birliyi tərəfindən icra olunan “Nəqliyyat vasitələri idarə edən müharibə iştirakçılarının problemləri: həlli yolları və perspektivlər ” adlı layihəsi çərçivəsində hazırlanıb
Seçilmişlər
Ən çox oxunanlar