"QAZİ ATANIN ŞƏHİD OĞLU" - FOTOLAR
Tarix: 12-09-2022 11:59
Qazi və Şəhid- vətəni yaşatmaq üçün ömrünü, sağlamlığını fəda edən vətən qəhrəmanları. Həmin qəhrəmanların adları vətənlə qoşa çəkilir. Çünki vətən torpağı şəhid qanları ilə paklanır.
11 sentyabr 2022-ci ildə Xətai Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında qazi Məmmədov Əbdül Cəlal oğlunun və Aprel döyüşlərində şəhid olan Məmmədov Rasim Əbdül oğlunun xatirəsinə həsr olunmuş "QAZİ ATANIN ŞƏHİD OĞLU" adlı tədbir keçirildi.
Xətai rayon MKS-nin uşaq şöbəsinin müdiri və tədbirin aparıcısı Təranə Quliyeva giriş sözü ilə tədbiri açıq elan etdi.
Çoxsaylı şəhid ailələrinin və digər qonaqların iştirakı ilə keçirilən tədbirdə qürur və kədər duyğusu bərabər yaşandı. Tədbirdə ilk olaraq şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra Qazi atanın və Şəhid oğulun şərəfli ömür və döyüş yolları haqqında qonaqlara məlumat verildi.
Tədbirdə hər kəs üçün çıxış etmək çətin idi. Ancaq zənnimcə ən ağır yük Nazilə (Bəsti) ananın üzərinə düşmüşdü. Elə qəlbindəki ağır yük kimi. Çıxış üçün söz verilən Qazi xanımı, Şəhid anası yaşadıqlarını dilə gətirərkən hər kəsi göz yaşlarına qərq etdi. Asan deyildi 24 illik yaşam mücadiləsini, 6 illik oğul və yar həsrətini dilə gətirmək. Şəhid anasından sonra söz Rasim Məmmədovun xanımı Samirə Məmmədovaya verildi. Rasimsizliyi qəlbində bəsləsə də Rasimin əmanətlərini layiqli yaşatmağa çalışan Samirə xanım da çıxışında yaşadıqlarını qismən də olsa dilə gətirdi.
Tədbirdə vətənpərvər uşaqların dilə gətirdikləri şeirlər vətənin əmin əllərdə olduğunun bariz nümunəsi idi.
Tədbirin keçirilməsində böyük zəhməti olan, şəhid qardaşının, qazi atasının timsalında bütün qəhrəmanlarımızın adlarını tanıdan və yaşadan Şahin Məmmədov da öz çıxışı ilə hər kəsi duyğulandırdı.
Sonra şairə, publisist, "Vətən Fədailəri" layihəsinin rəhbəri Manya Səxavətqızı, Vətən müharibəsi iştirakçıları və Xətai rayon İcra Hakimiyyətinin Şəhid ailələri ilə işin təşkili şöbəsinin şöbə müdiri qazi Anar Məmmədov, Xətai rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, "I Qarabağ Müharibəsi Qaziləri" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, qazi Rey Kərimoğlu, "Qarabağ Qaziləri" İctimai Birliyinin sədr müavini, Milli Qəhrəman Fred Asifin qardaşı Ədalət Məhərrəmov, "Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri, şəhid Əbdülməcid Axundovun anası Ceyran ana, şəhid Şahmarlı Vüsal Mərdan oğlunun anası Sevər ana, şəhid baş leytenant Həmid Qasımovun anası Tovuz ana, şəhid Rəşad Niftalıyevin atası Şakir Niftalıyev, şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İsmayıloğlu, Rasim Məmmədovun kursant yoldaşı, qazi, polkovnik-leytenant Taleh Əliyev, şəhidimizin bibisi oğlu qazi Nizami Ağasiyev, Rasim Məmmədovun bibisi Məleykə xanım və Vətən müharibəsində könüllü olaraq döyüş bölgəsində yaralı əsgərlərə tibb xidməti göstərən Könül Məmmədova çıxış etdilər.
Tədbirin sonunda xatirə şəkili çəkilərək həmin gün şəkillərlə ölümsüzləşdirildi.
Seçilmişlər
Ən çox oxunanlar