Namazalı Məmmədov həbs oluna bilər – ŞOK FAKTLAR
Tarix: 30-04-2022 17:13
Məhkəmədə Vidadi Zeynalovun üzünə duran şirkət direktoru dövlət büdcəsinə vurduğu ziyanı ödəyibmi?
Bir neçə il öncə, daha dəqiq desək 2015-ci ildə “Rabitə işi”nə görə həbs edilən “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin təsisçisi və direktoru Namazalı Məmmədovun dövlət büdcəsinə vurduğu ziyan barədə məlumat vermişdik.
Qısaca olaraq xatırladaq ki, mətbuatda yayılan məlumatlara görə, Namazalı Məmmədov 4 milyon 119 min manat pulu özünə götürüb, şəxsi ehtiyaclarına xərcləyərək, ona etibar olunmuş külli miqdarda dövlət əmlakını mənimsəmə yolu ilə talamaqda ittiham olunurdu. Məhkəmənin qərarı ilə 11 il müddətinə azadlıqdan məhrum edilən MMC direktoru 2018-ci ildə şərti olaraq azadlığa buraxılıb. Ən qəribəsi odur ki, adıçəkilən şəxs rəhbəri olduğu şirkətin adında dəyişiklik edərək onu bacısı oğlu Məmmədov Rəşad Yaqub oğlunun adına “Optik Tikinti və Montaj” MMC olaraq təsis edib. Daha doğrusu, “Optik Tikinti və Montaj” MMC (VÖEN-1802297051) 21.02.2014-cü ildə dövlət qeydiyyatından keçib. Hüquqi ünvanı “Sabunçu rayonu, Sabunçu ŞTQ, Anaşkin, ev 55A”-da yerləşən MMC-nin nizamnamə kapitalı 10 manata bərabərdir. MMC-nin qanuni təmsilçisi Məmmədov Rəşad Yaqub oğludur.
36 milyon 206 min manat vəsaitin taleyi sual yaradır
Hazırda “Optik Tikinti və Montaj” MMC-yə məxsus veb-saytda da şirkətin ünvanı olaraq göstərilən “Nərimanov rayonu Dərnəgül şossesi küç. 507, məhəllə 2113” eyni zamanda “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin hüquqi ünvanıdır. Etibarlılığına şübhə etmədiyimiz mənbələrdən aldığımız məlumatlara görə, Namazalı Məmmədov yenə də əvvəlki qaydada öz fəaliyyətini həyata keçirməkdədir: “Sabiq nazir Əli Abbasov tutduğu vəzifədən kənarlaşdırılandan sonra nazirlikdə məlum həbslər həyata keçirildi. Bir çox vəzifəli şəxs dövlət büdcəsini talan etdikləri üçün həbs olundular. Namazalı Məmmədova qarşı da Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açıldı və həbs olundu. Bu adam ona kəsilən 11 il cəzanın yalnız 3 ilini həbsxanada keçirdi. 2018-ci ildə kimlərinsə köməkliyi sayəsində şərti olaraq azadlığa buraxıldı. Məhkəmə materiallarına nəzər salanda məlum olur ki, guya Namazalı Məmmədov dövlətə vurduğu ziyanın 4 milyon manatını ödəyib. Lakin bu məlumatın doğruluğu şübhə altındadır. Deyilənə görə, o dövlət büdcəsinə vurduğu ziyanı tam olaraq ödəməyib”.
Məlumatlı mənbə iddia edir ki, keçmiş məhkuma aid olduğu bildirilər şirkət Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində özünə himayədar taparaq tenderlərdə iştirak edir: “Bir müddət əvvəl Namazalı Məmmədovun qeyri-rəsmi sahibi olduğu şirkət 5 milyon manata yaxın olan dövlət tenderinin qalibi oldu. Halbuki, onun şirkəti ilə yanaşı digər şirkətlər də tenderdə iştirak edirdi. Nazirlikdəki əlaqələr, ən əsas da köhnə iş üsulu onun tenderi qazanmasında birbaşa rol oynadı. Hər şey gün kimi aydındır. Həmçinin gördüyü işlərə sərf olunan mal-materialın qiymətini, işçilərin əməkhaqlarını süni şəkildə şişirtməklə qanun pozuntusuna yol verməsi barədə fikirlər səslənir. Biz demirik ki, bu belədir, amma bu adamın hazırkı fəaliyyəti aidiyyatı hüquq-mühafizə orqanları tərəfindən araşdırılsa, o yenidən həbsxanaya qayıda bilər. Təəssüf ki, bu məsələdə bir qədər məsuliyyətsizlik edilir. Nərimanov rayon İcra və Probasiya Şöbəsinin rəhbərliyinin nə marağı var ki, dövlət büdcəsinə vurulmuş ziyanı tam ödətdirə bilmir. Hər bil halda şöbə rəhbərliyinin işinə peşəkarcasına yanaşmaması Ədliyyə Nazirliyinin adına xələl gətirir”.
KivNews.com olaraq bildiririk ki, iddia edilən məlumatların doğruluğunu hüquq-mühafizə orqanları araşdırmalı və təsdiq edilərsə, ciddi tədbir görməlidir.
Apardığımız qısa araşdırmalar isə göstərir ki, Rabitə Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalovla Namazalı Məmmədov məhkəmənin gedişi zamanı bir-birinin üzünə durublar. Belə ki, mətbuatda dərc olunan məlumatlara əsasən, Namazalı Məmmədovun epizodu üzrə ortaya çıxan maraqlı məqam Vidadi Zeynalovun ona qarşı ifadə verməsi olub. N.Məmmədov istintaqa ifadə verərək heç bir qanunsuz əmələ əl atmadığını, ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını deyib. Ancaq nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov üzləşmə zamanı N.Məmmədovun əməllərini sadalayaraq onu ifşa edib.
Musavat.com-un məlumatına görə, “Rabitə çetesi”nin əməlləri araşdırılarkən Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən “Optik Rabitə Tikinti və Quraşdırma” MMC, eləcə də Namazalı Məmmədovun idarə heyətinin sədri və səhmdarı olduğu “Rabitə-Tikinti” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətləri yoxlanılarkən işlərin dəyərinin artırılması ilə bağlı göstərilən hesablamalar – mal-materialların, görülmüş işlərin, maşın-mexanizm xərclərinin və əlavə xərclərin müəyyən edilməsi zamanı real bazar qiymətləri nəzərə alınmayıb. 2011-2012-ci illərdə eyni dövrdə Sabirabad, Kürdəmir, Lənkəran və Tərtər Telekommunikasiya Qovşaqlarında görülən eyni işlə bağlı müxtəlif qiymətlər şişirdilib.
Vidadi Zeynalov ifadəsində Namazalı Məmmədovun da “mənimsəmə əməliyyatı”nda iştirak etdiyini deyib. Bunun üçün də istintaq zamanı ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onlar üzləşdirilib.
Üzləşdirmə zamanı Vidadi Zeynalov tapşırığı əsasında Namazalı Məmmədovun 2009-2014-cü illər ərzində müxtəlif rayonlarında kabel xətlərinin çəkilişi və rekonstiksiyası məqsədilə direktoru olduğu “Optik Rabitə Tikinti və Quraşdırma” MMC, təsisçisi və idarə heyətinin sədri olduğu “Rabitə Tikinti” ASC, eləcə də partnyoru olduğu “Optik Tikinti Montaj” MMC-yə köçürülmüş təxminən 15 milyon manat pul vəsaitinin 30 faizini (4 milyon 500 min manatı) iş otağında ondan qəbul etdiyini deyib. V.Zeynalov ona verdiyi pullardan əlavə Namazalı Məmmədova da əlavə pul qaldığını üzləşmə zamanı bildirib. N.Məmmədov rəhbərlik etdiyi şirkətlərə ümumilikdə artıq qiymətlərlə 19 milyon 841 min manat vəsaiti müvafiq sənədlərdə rəsmiləşdirilib. Qeyd edilən cəmiyyətlərə ayrılması nəzərdə tutulmuş 36 milyon 206 min manat vəsaitin 23 milyon 65 min manat məbləğində olan hissəsinin köçürülməsinə nail olub. Həmin cəmiyyətlərin hesablaşma hesabına köçürülmüş qeyd edilən vəsaitin ƏDV-siz 12 milyon 224 min manatını nəğdləşdirməklə Vidadi Zeynalov tərəfindən müəyyən olunmuş müvafiq bölgüyə və qaydaya uyğun olaraq, göstərilən dövr ərzində həmin məbləğdən cəmi 8 milyon 72 min manat pulu şəxsən nazirliyin binasındakı xidməti otağında V.Zeynalova verib.
Göründüyü kimi, Vidadi Zeynalov və Namazalı Məmmədov ortaq şəkildə büdcə vəsaitlərini göyə sovurublar. Məhz elə bu səbəbdəndir ki, Namazalı Məmmədov şəxsi büdcəsinə yönləndirdiyi vəsaitlər hesabına özünə lüks şərait yaradıb. Deyilənə görə, Namazalı Məmmədovun şəhərin müxtəlif yerlərində ailə üzvləri və qohumlarının adına sənədləşdirdiyi yaşayış və qeyri-yaşayış sahələri var. Həmçinin Məmmədovun bahalı avtomobil kolleksiyasının olduğu da verilən məlumatlar arasındadır. Deyilənə görə, Namazalı Məmmədov son model “Lexus 570” markalı maşında gəzir. Bu maşının qiyməti interyer səviyyəsinə görə 200-250 min manat arasında dəyişir. Əgər deyilənlər doğrudursa, bu avtomobildə gəzməkdənsə, dövlətə vurulan ziyan ödənilməlidir. Biz baş prokuror cənab Kamran Əliyevdən, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdən xahiş edirik ki, Namazalı Məmmədovun fəaliyyətini ciddi şəkildə araşdırsınlar. Dövlət büdcəsini talan edərək həbs olunan bir insana , yaxud onun himayə etdiyi şirkətə yenidən tender etibar etmək olmaz.
Mövzu ilə bağlı qarşı tərəfə də cavab haqqı tanıyırıq.
KivNews.com
Seçilmişlər
Ən çox oxunanlar