AHİK-in İcraiyyə Komitəsinin onlayn iclası keçirilib
Tarix: 19-11-2020 20:05
Noyabrın 19-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin onlayn iclası keçirilmişdir. İclasda gündəlikdə duran məsələlər müzakirə olunub.
AHİK sədri, Milli Məclisin üzvü Səttar Möhbalıyev üzvləri qarşısında çıxış edib.
S.Möhbalıyev çıxışında bildirib ki artıq 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Koimandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusunun qalibiyyəti ilə başa çatdı. Bu qələbə ümumilli liderimiz Heydər Əliyevin işləyib hazırladığı iqtisadi, siyasi və ordu quruculuğu strategiyasının nəticəsidir. Ümummilli liderimizin inkişaf strategiyasına sadiq qalan və onu inamla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 17 illik prezidentliyi dövründə həyata keçirdiyi iqtisadi və ordu quruculuğu sahəsindəki islahatlar öz nəticəsini verdi. Yəqin ki, bu günkü tədbirimizdə iştirak edənlərin çoxusu xatırlayır ki, cənab İlham Əliyev prezident seçildikdən sonra onun ilk bəyanatlarından biri ordunun gücləndirilməsi üçün hərbi büdcəmizin Ermənistanın ümumi büdcəsindən çox olmasına nail olmaq idi ki, buna da nail olundu. Eyni zamanda cənab prezidentin rəhbərliyi ilə iqtisadiyyatımızın inkişafı ilə bağlı aparılan islahatlar Azərbaycanı Cənubi Qafqazda lider ölkəyə çevirdi. O da məlumdur ki, 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı prezident İlham Əliyev bununla bağlı deyib: «Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”.
S.Möhbalıyev iclas iştirakçılarının diqqətinə çatdırıb ki, 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində əsgər və zabitlərimiz arasında həlak olanlar və yaralananlar oldu. Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verdi. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edildi.
Sentyabrın 27-dən etibarən başlayan əks-hücum əməliyyatları Azərbaycanın əsl hərbi qüdrətini göstərdi, yüksək döyüş bacarığını nümayiş etdirdi. Silahlı Qüvvələrin Müzəffər Ail Baş Komandanının rəhbərliyi altında rəşadətli ordumuz cəmi 44 gün davam edən Vətən müharibəsi ərzində erməni ordusu haqqında uydurulan illüziyaları yenidən alt-üst etdi. Döyüşlərin ilk günlərindən etibarən Ermənistanın hərbi xuntası ümid edirdi ki, hansısa dövlət Azərbaycanı bu haqq işindən dayandıracaq, beynəlxalq birlik ölkəmizə təzyiq edərək işğalçı dövləti xilas edəcək. Lakin onlar səhv edirdilər. Ali Baş Komandan İlham Əliyev böyük siyasi iradə nümayiş etdirərək Azərbaycanın qəti və dəyişməz mövqeyini ortaya qoydu, dövlətimizə qarşı yönələn bütün beynəlxalq təzyiqlərə sinə gərərək ölkəmizin ərazi bütövlüyü təmin edilənə qədər ordumuzun döyüşləri davam etdirəcəyini qəti və əzmkar şəkildə bəyan etdi.
Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdürüldü, Paşinyanın öz ölkəsini və dünya ictimaiyyətini aldatmaq taktikası əhəmiyyətini birdəfəlik itirdi. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu ərazi bütövlüyümüzün təmin edilməsi yönündə öz vəzifəsini layiqli şəkildə yerinə yetirdi. 28 il işğal altında qalan mədəniyyət beşiyimiz olan Şuşanın azad edilməsi böyük siyasi, strateci və mənəvi məzmun daşıyır. Şuşanın azad edilməsindən bir gün sonra - Dövlət Bayrağı Günündə, noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev daha 71 kəndin, iki qəsəbənin və 8 strateci yüksəkliyin işğaldan azad edildiyi barədə Azərbaycan xalqını məlumatlandırdı. Yaranmış vəziyyət Nikol Paşinyanı məcbur etdi ki, noyabrın 10-da məlum bəyanatı imzalasın. İmzalanan bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir və Azərbaycanın siyasi maraqlarını təmin edən bir sənəddir.
AHİK sədri vurğuladı ki, Ermənistanın məğlubiyyətini rəsmi şəkildə təsdiq edən bu bəyanat Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının, məğlubedilməz ordumuzun şanlı qələbəsinin nəticəsidir. Prezident İlham Əliyev bu mücdəni fəxr və qürurla Azərbaycan xalqına çatdırdığı andan - 10 noyabr gecə saatlarından başlayaraq ölkəmizdə bayram ab-havası hökm sürür. Çünki sevinmək, qürurlanmaq, fəxr etmək qaliblərə yaraşır. Və biz qalibik! Bu tarixi qələbənin mənbəyi xalqımızın həmrəyliyi, böyük inamla Ali Baş Komandanın ətrafında sıx birləşməsi və Azərbaycan Ordusunun məğlubedilməzliyi, hünəri və rəşadətidir. Bu güclə, bu əzəmətlə, bu sarsılmaz inam və birliklə möhtəşəm qələbəni qeyd edirik
S.Möhbalıyev dedi ki, Ermənistan silahı qüvvələrinə qarşı həyata keçirilən əks əməliyyatlar nəticəsində şəhidlərimiz və qazilərimiz vardır. Siz də bilirsiniz ki, biz həmkarlar ittifaqları olaraq şəhid ailələrinin və müharibə iştirakçılarının sosial problemlərinimn həllinə həmişə diqqət etmişik.
Bu dövrdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Silahlı Qüvvələrə Yardım Fonduna AHİK-dən 402.000 manat, AHİK-in üzv təşkilatlarından 427.210 manat olmaqla ümumilikdə 829, 210 manat vəsait köçürülmüşdür. Sahə həmkarlar ittifaqları tərəfindən Silahlı Qüvvələrə və cəbhə bölgəsinə sentyabrın 27-dən bugünədək 893.783 manat dəyərində maddi yardım və digər köməkliklər göstərilmişdir.
Biz bu gün həm də koronavirus pandemiyası şəraitində yaşayırıq. Bu məqsədlə indiyədək koronavirusla mübarizəyə Azərbaycan həmkarlar ittifaqları tərəfindən ümumilikdə 5 milyon 372 min 588 manaat vəsait xərclənmişdir.
Bütün bunlarla yanaşı məlumdur ki, erməni işğalından əvvəl Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeliyində olan “Kurort” Səhmdar Cəmiyyətinin “Şuşa İstirahət Evi”, Kəlbəcərdə “İsti-Su” sanatoriyası, “Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyinin Qubadlı rayonunda 200 yerlik pansionatı və “Farel” balıqçılıq təsərrüfatı, Cəbrayıl rayonunun Sirik kəndində 320 yerlik uşaq istirahət mərkəzi, Ağdam rayonunun Gülablı kəndində “Gülablı” sanatoriyası və “Nur” uşaq istirahət evi, 255 yerlik sanatoriyası, Azərbaycan Turizm və Ekskursiyalar Şurasının Şuşa şəhərində “Şəfa”, Ağdamda “Şahbulaq” turist bazaları fəaliyyət göstərirdi. Çox təəssüf ki, bu sağlamlıq ocaqları erməni vandalizminin qurbanı olmuş və yerlə yeksan edilmişdir. Bütün bunları nəzərə alaraq tərəfimizdən işğala məruz qalan kurort, sanatoriya və müalicə mərkəzlərinin fəaliyyətinin tam bərpa edilməsi, yeni müalicə müəssisələrinin, istirahət evlərinin tikilməsi planlaşdırılır.
Eyni zamanda azad olunmuş rayonlarda Həmkarlar İttifaqlarına aid olan idman meydançaları, şahmat məktəbləri və digər idman qurğuları da yenidən qurularaq vətəndaşlarımızın istifadəsinə veriləcəkdir.
AHİK sədri sözünün yekununda bildirdi ki,Azərbaycan xalqı və dövləti böyük tarixi zəfər qazanıb.
"Müzəffər Ali Baş Komandan İlham Əliyevin söylədiyi kimi, bu qələbə Azərbaycan tarixində əbədi qalacaqdır. Bayrağımız o torpaqlarda dalğalanır. Bu gün bütün dünya gördü ki, Azərbaycanın gücü nədən ibarətdir. Həm siyasi sahədə, həm hərbi quruculuq sahəsində, hərbçilərimizin peşəkarlığı sayəsində biz müharibənin ilk günlərindən üstünlüyü əldə etdik və ardıcıllıqla bu son hədəfə qədər uğurla irəliləmişik.
Bir daha hamınızı şanlı qələbəmiz münasibətilə təbrik edirəm.
Yaşasın Ali Baş Komandan!
Yaşasın şanlı Azərbaycan ordusu!
Yaşasın Azərbaycan!"
Seçilmişlər
Ən çox oxunanlar