Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Məktəbi bitirəndə dili tutuldu, 45 ildən çoxdur ki "texniki dil"də danışır - Rəna DADAŞOVA 85

Tarix: 31-03-2020 21:37   
Məktəbi bitirəndə dili tutuldu, 45 ildən çoxdur ki "texniki dil"də danışır
O, görkəmli ictimai-siyasi xadim, Azərbaycanın dahi oğlu Nəriman Nərimanovun 65-ci Ad günündə - 14 aprel 1935-ci ildə dünyaya gəlib. Orta məktəbi bitirərkən layiq olduğu “qızıl medal”dan məhrum edildikdə dili tutulmuşdu. Lakin xoşbəxtlikdən artıq 45 ildən çoxdur ki, Sumqayıt Dövlət Universitetində tələbələrə “texniki dil”də dərs deyir.

Nəinki onun üçün artıq doğma olan Sumqayıtda və Bakıda, həmçinin respublikamızın digər şəhər və rayonlarında da Sumqayıt Dövlət Universitetinin dosenti, texnika elmləri namizədi Rəna Dadaşovanın yüzlərlə tələbəsi – mühəndislər, istehsalat və müəssisə rəhbərləri çalışır. Və bu gün yalnız tələbələri onu deyil, həm də Rəna müəllimə öz tələbələrini ona məxsus bir səmimiyyətlə, mehribanlıqla xatırlayır. O, dərs dediyi illər ərzində tələbələrinə nəinki elmin sirrlərini öyrətməyi, həm də onların sevimli müəllimi olmağı bacarmışdır. Yox, Rəna müəllimə bunu tələbələrdən kiməsə imtahanlarda güzəşt etməklə yox, vətənə layiq ali təhsilli mütəxəssislər kimi yetişdirilməsində bir müəllim-alim kimi iştirak etdiyi gənclərə öz fənnini sevərək, həm də onu hər bir tələbəyə sevdirərək öyrətməyi bacara bilib. Ancaq... tale elə gətirə bilərdi ki, Rəna Dadaşova bu gün nəinki böyük auditoriyalarda tələbələrə dərs deyə bilər, hətta özü heç vaxt tələbə olmaya da bilərdi. Lakin çox yaxşı ki, ulu Tanrının qismətindən bunun əksi oldu və bu gün Rəna Dadaşova özünün xoşbəxt alim, müəllim ömrünü yaşamaqda davam edir.

...Sovet xalqları tərəfindən ”bütün xalqların atası” adlandırılan İ.Stalinin ölümünün kədərinin ürəklərə hakim kəsildiyi 1953-cü ilin iyun ayında Şəkidə mühasib işləyən Bəhram Hüseynovun ailəsi az qala böyük məyusluq doğuracaq gözlənilməz bir problemlə üzləşmişdi. Şəkinin o vaxtkı 5 №-li qızlar orta məktəbinin buraxılış imtahalarını qızıl medala layiq bitirən Rənanın dilinin qəfildən tutulması ata-ananı şok vəziyyətinə salmışdı. Qonum-qonşu bunu yaxşı oxumağıyla bütün şəhərdə səs-səda doğuran Rənanın “gözə dəlməsi” ilə izah etməyə çalışsa da, qızını çox sevərək, onun yaxşı gələcəyi olacağına inanan, lakin birdən-birə anlaşılmaz şəkildə bu cür dərdə düçar olmasından gərginlik və narahatçılıq keçirən atası Şəkinin tanınmış, təcrübəli həkimlərindən birini evə çağırıb, qıza baxmağı xahiş etmişdi. Heç kəs inana və başa düşə bilmirdi ki, dünənəcən gülüb-danışan Rənanın dili məktəbdən qayıtdiqdan sonra niyə birdən-birə tutulmuşdu... Rənanın özündən başqa bunun səbəbini bilən yox idi...
...Siniflərində iki qız – Rənanın özü və onun yaxın rəfiqəsi Sevda (ad şərtidir) hələ aşağı siniflərdən əla qiymətlərlə oxumaqları ilə bütün məktəbin diqqətini cəlb etmişdilər. Buraxılış imtahanlarına 3-4 ay qalmış artıq hamıya bəlli idi ki, Rəna qızıl, Sevda isə gümüş medal alacaqdır. Lakin son rüb ərəfəsində Sevdanın səhhətində yaranmış problemlər üzündən o, dərslərə davam edə bilməmişdi. Sonuncu tədris ilinin bir rübünü dərslərdə iştirak edə bilmədiyinə görə isə o dövrün qaydalarına əsasən ona medal verilə bilməzdi. Buna görə də məktəbin pedaqoji şurası belə “humanist” qərara gəlir ki, Sevdaya mənəvi zərbə olmaması
üçün (“Rəna qızıl medal aldı, mən isə “gümüş”ü də ala bilmədim”) Rənaya da medal verilməsin. İllərlə gecə-gündüz çalışaraq, qızıl medal almağı qarşısına məqsəd qoymuş Rənanın arzusunun “iki addımlığında” ikən qəfildən məktəb rəhbərliyi tərəfindən ona gözlənilməz “bəd xəbər”in çatdırılması (səbəb nə qədər “humanist”, başa düşülən olsa da...) Rənanı həqiqətən şoka salmış və özündən asılı olmayaraq dili tutulmuşdu.
...Bütün qonum-qonşu həyəcan, nigarançılıq içində idi. Anası, nənəsi və bacısı dili-dodağı tutulmuş, bir kəlmə belə söz demək imkanından məhrum olmuş Rənaya məlul-məlul baxır, qəhərlənirdilər. Yaxşı ki, atasının yaxşı bir nevropatoloq, loğman kimi tanıdığı həkim problemin əsəbi gərginliklə bağlı olduğunu müəyyənləşdirərək, dəqiq diaqnoz qoymuş və müalicəni düzgün, həm də intensiv apara bilmişdi. Çox gərgin və həyəcanlı keçən bir sutkadan sonra həkimin səyi ilə Rəna yenidən danışmağa başladı. Ailənin və qohumların, qonşuların sevinclərinin həddi-hüdudu yox idi! Və... artıq üç aydan sonra Rəna Mustafayeva tələbə kimi o zaman Azərbaycan Sənaye İnstitutu adlanan indiki Neft Akademiyasında ali təhsil almağa başladı – həqiqətən “qızıl biliyə” malik olduğunu sübut etdi. (Sevda da sonralar sağalaraq, Tibb İnstitutuna daxil omuş, uzun illər Daşkəsəndə və Gəncədə həkim kimi çalışmışdır).
İnstitutda da çalışqanlığı və elmə həvəsi ilə seçilən tələbə Rəna diplom müdafiəsi üçün Sumqayıtda yerləşən “Neftqazavtomat” Elm-İstehsalat Birliyinə göndərilmişdi. Onun seçdiyi ixtusasa (“avtomatik qurğular, telemexaniki və elektroölçü cihaz və qurğuları”), elmi-texniki biliklərə olan marağını görən diplom rəhbəri Məmməd Nəbiyev ona təyinatını “Neftqazavtomat”a almağı məsləhət görür. Gənc mütəxəssis belə də edir və 1959-cu ilin sentyabrından həmin Elm-istehsalat Birliyində mühəndis-elektrik kimi çalışmağa başlayır. O da diqqətəlayiqdir ki, Rənada qızlar üçün o qədər də münasib görünməyən bu ixtisasa həvəsi Şəki Xanının ev-muzeyi (bu, Xan sarayı deyil) yaxınlığında yerləşən evlərinə bütün ətrafda ilk dəfə olaraq radio alıb gətirmiş atası Bəhram kişi yaratmışdı. O vaxt atası radionu qoşarkən demişdi ki, “mahnılara da qulaq asın, verilişlərə də, ancaq yaxşı oxuyun!”. Və həmin gündən Rəna qardaşı Rafiq və kiçik bacısı Rəhilə ilə birgə radio verilişlərini, o cümlədən atasının doğma xalası oğlu olan görkəmli Azərbaycan yazıçısı Sabit Rəhmanın əsərlərindən parçaları maraqla dinləyərdilər.
...Çalışdığı “Neftqazavtomat” Elm-İstehsalat Birliyində tale onu dünya şöhrətli alim, texnika elmləri doktoru, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, professor Tofiq Əliyevlə görüşdürür. Orda sonralar aspirant, kiçik elmi işçi kimi çalışan Rəna müəllimə görkəmli alimin elmi rəhbərliyi ilə 1972-ci ildə “İnduktiv vericilərin temperatur xətalarının təyini” mövzusunda müvəffəqiyyətlə dissertasiya müdafiə edərək, “texnika elmləri namizədi” alimlik dərəcəsinə layiq görülür. Təqdirəlayiqdir ki, həmin elmi işin nəticələri bu gün də neftçıxarma sənayesində öz tətbiqini tapmaqdadır.
1973-cü ildən taleyini indiki Sumqayıt Dövlət Universiteti ilə bağlayan Rəna Dadaşova orada baş müəllim, sonralar dosent, kafedra müdiri və dekan kimi çoxillik səmərəli fəaliyyət göstərmiş, eyni zamanda elmi işini davam etdirmişdir. Ötən illər ərzində o, öz sənətinin yüksək səviyyəli peşəkarı kimi, həm də səmimiyyəti və sadəliyi ilə təkcə Universitetin müəllim-professor heyətinin deyil, tələbələrinin də dərin hörmət və rəğbətini qazanmışdır.
Təsadüfi deyil ki, elmi mətbuatda 150-dən artıq elmi əsərə, çoxlu sayda müəlliflik şəhadətnaməsinə, patentlərə və dərsliyə malik olan, xeyli müddət institutun Elmi şurasının elmi katibi kimi də fəaliyyət göstərmiş Rəna müəllimə 2012-ci ildə fəxri ada – “Azərbaycan respublikasının qabaqcıl təhsil işçisi” adına layiq görülmüşdür.
Rəna müəllimə Sumqayıtın və respublikamızın ictimai-siyasi həyatında da daim fəal iştirak edir. O, Yeni Azərbaycan Partiyasının I və II qurultaylarının nümayəndəsi olmuş, Sumqayıt şəhər YAP Qadınlar Şurası İdarə heyətinin sədri, daha sonra isə fəxri üzvü seçilmişdir. “Vektor” Beynəlxalq Elm mərkəzinin “Azərbaycanın tanınmış xanımları” beynəlxalq layihəsi üzrə qalib olması, “XXI əsrin tanınmış xanımı” diplomu ilə təltif edilməsi də Rəna xanım Dadaşovanın həm elmi, həm də ictimai nüfuzundan xəbər verir.
Belə bir fakt da Rəna müəllimənin necə böyük bir ürək sahibi, onu əhatə edən adamlara, xüsusilə də gənc nəslə qarşı necə diqqətli və qayğıkeş olduğundan xəbər verir. Bir dəfə, hələ 16 il əvvəl – 2003-cü ildə Universitetin rektoruna “şəxsi bir xahiş”lə - özünün elektrotexnika kafedrasının müdiri vəzifəsindən azad edilməsi xahişi ilə müraciət edir. Rəna xanımdan belə bir “sürprizi” gözləməyən rektor onun ərizəsini qəbul etmək istəmir: “Rəna müəllimə, axı, belə bir məsələ heç kim tərəfindən qaldırılmayıb, niyə kafedra müdirliyindən çıxmaq fikrinə düşmüsünüz? Siz bizə hələ çox lazımsınız... Bir də, axı, Sizi kim əvəz edə bilər ki? Bizi çıxılmaz vəziyyətdə qoymayın”.
Rəna müəllimə isə israr edib, fikrində qəti olduğunu bildirərək, öz yerinə vaxtilə əlaçı tələbəsi olmuş, həmin dövrdə isə kafedrada onunla çiyin-çiyinə çalışan dosent Tamilla Əhmədovanın namizədliyini təklif edir: “Gəncdir, istedadlı alimdir, yaxşı, bacarıqlı təşkilatçıdır.”
Çətinliklə də olsa, rektoru razı sala bilir, lakin Tamilla müəllimə təklifi minnətdarlıqla qarşılasa da, qəti etiraz edir: “Siz mənim müəllimim olmusunuz, Rəna müəllimə, yenə də müəllimim olaraq qalırsınız. Siz olan yerdə mən kafedra müdiri ola bilmərəm”.
Sabiq tələbəsinin etirazına baxmayaraq, Rəna müəllimə müvafiq əmrin verilməsinə nail olur. Belə olduqda gənc kafedra müdirinin başqa əlacı qalmır və deyir: “Rəna müəllimə, indi ki belə oldu, bugündən Siz sərbəst qrafikə maliksiniz – dərslərinizi dedikdən sonra başqaları kimi daha kafedrada işin sonunu gözləməyib, evə gedə bilərsiniz.”
Həmişə və hər yerdə daim nizam-intizamı gözləməyi mühüm hesab edən Rəna müəlliməni belə bir güzəştə heç razı salmaq olardımı? Cavabı qısa və başadüşülən olur: “Mən uzun illərdir ki, intizama vərdiş etmişəm. Xahiş erdirəm, məni vərdişimdən məhrum etmə!”. Belə bir cavabın müqabilində nə demək olardı?
Rəna müəllimə nüfuzlu ali məktəb müəllimi, istedadlı alim olmaqla yanaşı həm də qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, nəvələrinin və iki nəticəsinin istəkli nənəsi kimi də böyük hörmətə layiqdir. O, 5 il əvvəl dünyadan köçmüş ömür-gün yoldaşı, gözəl insan olmuş Qubad müəllimlə (tələbəlik illərindən tanış olmuşdular) üç övlad böyütmüş, altı nəvə tərbiyə etmişlər. Və o da diqqətəlayiqdir ki, Rəna xanım Qubad müəllimin sağlamlığını qorumaq xatirinə uzun illər üzərində səylə çalışdığı doktorluq dissertasiyasını (elmi məsləhətçisi Universitetin elektromexanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, Azərbaycanın Əməkdar elm xadimi, texnika elmləri doktoru, professor Firuddin Məmmədov idi) başa çatdıraraq, onun müdafiəsi üçün Prezident yanında Ali Attestasiya komissiyasının
razılığını hələ 2003-cü ildə almış olsa da, “doktorluğu” həyat yoldaşına qurban verməli olmuş, bütün diqqətini Qubad müəllimə yönəltmişdi..
Həyatını şərəflə yaşayaraq, bütün mənalı ömrünü ölkə sənayesi üçün gənc mütəxəssislərin yetişdirilməsinə sərf etmiş nüfuzlu alim, əsl ziyalı, tələbələrinin sevimlisi olan Rəna müəllimə bu gün də Sumqayıt Dövlət Universitetinin nüfuzlu dosenti, səmimi, gözəl bir insan kimi pedaqoji fəaliyyətini uğurla davam etdirir!
Özünün 85 illik yubileyi ərəfəsində Rəna müəllimənin öyünməyə, fəxr etməyə haqqı vardır ki, Sumqayıtın son 40-45 ilinin sənaye qurucuları - kimyaçıları, energetikləri, mexanikləri arasında onun da bir vaxtlar dərs dediyi yüzlərlə tələbəsi vardır.
Var olun, Rəna müəllimə! Şərəfli 85 illik yubileyiniz mübarək!
Məktəbi bitirəndə dili tutuldu, 45 ildən çoxdur ki "texniki dil"də danışır
Rəhman ORXAN,
Azərbaycanın Əməkdar jurnalisti,
Osman Mirzəyev adına
Respublika mükafatı laureatı.