Nəsimi haqqında yeni faktlar açıqlanıb
Tarix: 31-10-2019 18:26
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Demokratiyanın İnkişafı Problemləri Mərkəzi” İctimai Birliyi “İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan tədbirlərin və esse müsabiqəsinin təşkili” layihəsi çərçivəsində ilk tədbirini keçirib. Tədbiri açan İctimai Birliyin sədri Mütəllim Rəhimov dedi ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin görkəmli Azərbaycan şairi və mütəfəkkiri, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən böyük ustad İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Nəsimi ili” elan edilmişdir. Bu ideyanın ictimai dəstəyə ehtiyacı olduğunu bildirən M.Rəhimov, eyni zamanda dedi ki, gənc nəslin Azərbaycanın böyük şairi və mütəfəkkiri Nəsiminin qoyduğu ədəbi-bədii irsi öyrənərək tərbiyə edilməsi gələcəyimizin əmin əllərdə olmasına zəmanət verə bilər.
Daha sonra çıxış edən filologiya üzrə fəlsəfə doktoru, Nəsimişünas alim Səadət Şıxıyeva Nəsiminin həyatı haqqında ətraflı məlumat verdi. O, indiyədək bəlli olmayan çoxsaylı faktları açıqladı. Dedi ki, Nəsimi ilə Fəzlullahın qohumluq əlaqələri, Nəsiminin onun qızı ilə evlənməsi heç bir tarixi qaynağa söykənmir. “Fəzlullahın vəsiyyətnaməsindən belə nəticəyə gəlmək olar ki, Fatimə atasının sağlığında onun xəlifələrindən birinə ya ərə verilibmiş, ya da nişanlanıbmış. Çünki o qızından dönə-dönə üzr istəyir ki, “mən həmin adamı bir iş dalınca göndərdim, o, qayıdıb gəlmədi”. Hürufi mətinlərini izləyəndə görünür ki, Fatimənin övladları haqqında məlumat yoxdur. Görünür ki, Fatimə sonradan ailə qurmayıb – S.Şıxıyeva çıxışı zamanı bildirdi.
O daha sonra Nəsiminin yaradıcılığı barədə danışdı. Bildirdi ki, Azərbaycan poetik dilinin inkişafında böyük təsiri olan, hürufiliyin aparıcı simalarından biri olan Nəsimi Azərbaycan şeir dilini yüksək bir zirvəyə qaldırıb, öz əsərlərində dövrün mütərəqqi fikirlərini tərənnüm etdirib. S.Şıxıyeva həmçinin dedi ki, hürufilik və onun ən böyük şəxsiyyəti, təbliğatçısı Nəsimi sovet ideologiyasının əlində bir alət kimi istifadə olunmağa çalışılıb. Yəni guya Nəsimi Allahı inkar edirmiş. Şairin dünyagörüşü ateizmlə, materializmlə yaxınlaşdırılırdı. Və bu kontekstdə onlar Nəsiminin dünyagörüşünü əllərində alət edirdilər. “Lakin bütün bunlar doğru deyil – S.Şıxıyeva əminliklə dedi və fikirlərini əsaslı arqumentlərlə izah etdi.
“Nəsimi hər şeydə ilahi təqdirə, alın yazısına, Allahın verdiyi qismətə inanan bir şəxs idi. Əsərlərində tez-tez yazır ki, həqdən nəsibim bu oldu. Hətta oğlunun adını həqdən ona verilmiş bir qismət hesab edir: “Çün Nəsiminin Əbülfəzl oldu həqdən künyəsi”. Özünün Nəsimi təxəllüsünü də eyni cür mənalandırır: “Adımı həqdən Nəsimi yazaram”” – S.Şıxıyeva çıxışı zamanı bildirdi.
Daha sonra S.Şıxıyeva Nəsimini hürufi şair və fiilosof kimi xarakterizə etdi. O dedi ki, Nəsimi olmasaydı, hürufilik ölüb gedər, unudulardı. Çünki Nəsimi hürufiliyə özünün təfəkkürü, şeiriyyəti ilə elə gözəl don geydirdi, elə poetizm, lirizm qazandırdı ki, bu təlim geniş dairələrdə də sevildi.
Sonda layihə rəhbəri və ekspert iştirakçıların suallarına cavab verdilər və müzakirələr aparıldı.
Seçilmişlər
Ən çox oxunanlar