Məmur olmaq istəyənlər üçün yeni müsabiqə elan edildi
Tarix: 26-09-2014 12:30
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2014-cü il 26 sentyabr tarixindən 50 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 389 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və ümumi müsahibə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) elan edib.
Komissiyadan bildirilib ki, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 306-sı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlatlarında, 83-ü isə apellyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.
Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 49-u mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 2-si isə birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.
Müsabiqənin test imtahanı zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılacaq:
1. Dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklər və Azərbaycan dili üzrə test proqramı - 15 test tapşırığı;
2. Qanunvericilik sahəsində - 40 test tapşırığı;
3. İnformasiya texnologiyaları sahəsində - 15 test tapşırığı;
4. Məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı.
Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.
Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı 26 sentyabr 2014-cü il tarixdən 27 oktyabr 2014-cü il tarixdə saat 18:00-dək Komissiyaya təqdim etməlidirlər. Müraciət Forması elektron, şəxsən və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.
Ümumi müsahibədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları isə sənədlərini 26 sentyabr 2014-cü il tarixdən 15 oktyabr 2014-cü il tarixdə saat 18:00-dək Komissiyaya şəxsən və ya poçt vasitəsilə təqdim etməlidirlər.
Müsabiqə və ümumi müsahibəyə dair ətraflı məlumat “Respublika” qəzetinin 26 aprel 2014-cü il tarixli sayında və 26 aprel 2014-cü il tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında - www.dqmk.az verilib.
Seçilmişlər
Ən çox oxunanlar