Daxili işlər naziri rəisləri topladı
Tarix: 30-09-2014 20:42
Daxili İşlər Nazirliyində "Daxili işlər orqanlarında qanunçuluğa riayət olunması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi" və "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" qanundan irəli gələn vəzifələrin icrası" sahələrində görülən işlərin vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov polisin fəaliyyətinin əsas prinsiplərindən olan qanunçuluq, insan hüquq və azadlıqlarına hörmətin cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahələrində başlıca şərtlərdən, eləcə də, yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınmasının, belə halların yaranmasının səbəb və şəraitinin aradan qaldırılmasının profilaktik işin vacib elementlərindən biri olduğunu, nazirlik tərəfindən bu istiqamətlərdə davamlı şəkildə təşkilati-praktiki tədbirlər həyata keçirildiyini qeyd edib.
Müzakirəyə çıxarılan hər iki məsələnin aktuallığını, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirən nazir artıq ilin 9 ayının arxada qaldığını, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində əldə edilmiş müsbət təmayüllərin bu hesabat dövründə də qorunub-saxlanıldığını, ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin açılmasının bir qədər də yaxşılaşdığını, göstərilən istiqamətlər üzrə şəxsi heyət tərəfindən bir sıra müsbət işlərin görüldüyünü diqqətə çatdırıb. Eyni zamanda, istər qanunçuluğa riayət olunması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində, istərsə də yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sahəsində fəaliyyətin təşkilində müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu da qeyd edib.
Gündəlikdəki birinci məsələ barədə məruzə ilə Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Rasim Musayev çıxış edib. O qeyd edib ki, son illər bu sahədə kifayət qədər səmərəli işlər görülüb, idarəçilik və təşkilatçılıq fəaliyyətinin təkmilləşdirilməsi, əməkdaşların peşəkarlığının yüksəldilməsi, məsuliyyətinin artırılması, xidməti və icra intizamının möhkəmləndirilməsi üçün kompleks tədbirləri əks etdirən əmr, göstəriş və planlar hazırlanıb icraya yönəldilib.
Kollegiyada qeyd olunub ki, son 2 ilə yaxın müddətdə əsassız saxlama, polisə əsassız gətirmə, sürücülərin hüquqlarının pozulması hallarının sayı xeyli azalıb, işgəncə vermə, döymə, qanunsuz axtarış aparma, tabel silahını qanunsuz tətbiq etmə halları qeydə alınmayıb. Cari ilin ötən dövründə isə polis əməkdaşları tərəfindən yol verilmiş qanun pozuntularının sayı 8,1 faiz, bununla əlaqədar cəzalandırılanların sayı 13,2 faiz azalıb. Eyni zamanda, insan hüquq və azadlıqlarının pozulması ilə bağlı aşkarlanmış 129 fakt üzrə 202 əməkdaş intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 30 nəfər xidmətdən xaric edilib, daha 30 əməkdaş tutduğu vəzifədən azad olunub, 1 nəfərin xüsusi rütbəsi bir pillə aşağı salınıb.
Gündəlikdəki ikinci məsələ barədə çıxış edən Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov bildirib ki, son illər insan hüquq və azadlıqlarının təmini işinin beynəlxalq təcrübəyə uyğun qurulması, əhalinin bütün qrup və təbəqələri ilə əlaqələrin möhkəmləndirilməsi, gənc nəslin hüquq və mənafelərinin müdafiəsi sahəsində həyata keçirilən tədbirlər yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili üzrə xidmət sahəsini də əhatə edib.
Yetkinlik yaşına çatmayanların hüquq pozuntularına şərait yaradan halların profilaktikası üzrə polisin aidiyyəti xidmətləri tərəfindən dövlət orqanlarının və ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə 1210 reyd və yoxlama keçirilib, hüquqi maarifləndirmə mövzusunda 400-ə yaxın görüş, yığıncaq və dəyirmi masa təşkil olunub.
R. Usubov azyaşlılar tərəfindən törədilmiş cinayətlərin səbəb və şəraitinin müəyyən edilməsinin, vaxtında lazımi tədbirlərin görülməsinin, bu sahədə aparılan işlərin daxili normativ aktların tələblərinə uyğun qurulmasının, nəzarətsiz qalmış, hüquqpozmalara meyilli və təhsildən yayınan uşaqların zamanında aşkar edilib qeydiyyata alınmasının, zəruri qabaqlayıcı-profilaktik tədbirlərlə əhatə olunmasının, onların yenidən tərbiyəsi və hüquqlarının müdafiəsi yönümündə lazımi tədbirlər görülməsinin, habelə orta, orta-ixtisas və ali məktəblərdə narkotik vasitələrdən istifadənin zərərli nəticələri mövzusunda davamlı görüşlərin vacibliyini vurğulayıb.
Daha sonra nazir bu il sentyabrın 24-də ölkə prezidenti İlham Əliyev tərəfindən "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” imzalanmış sərəncamı xatırladaraq həmin sənəddən irəli gələn vəzifələrin ən yüksək səviyyədə israsının, cəbhə bölgəsinin əhalisi arasında fəal izahat və maarifləndirmə işlərinin aparılmasının zəruriliyini önə çəkib.
Seçilmişlər
Ən çox oxunanlar