Atam illərlə uğrunda vuruşduğu bir Qələbəni gördü, Qarabağ Qələbəsini görmək isə ona qismət olmadı...- Rəhman ORXAN
Tarix: 10-05-2019 18:26
9 may - alman faşizmi üzərində Qələbə günüdür!
Atam illərlə uğrunda vuruşduğu bir Qələbəni gördü,
Qarabağ Qələbəsini görmək isə ona qismət olmadı...
Bu gün 9 may – Qələbə günüdür. Ancaq heyf ki, bu, bizim Qarabağ qələbəmiz deyil! Və çox təəssüf ki, öz Qələbəmizə gedən yolu çətinliklə də olsa, yaxınlaşdırmaqda ikən erməni havadarları bizi ondan uzaqlaşdırdılar.
...1941-45-ci illər müharibəsinin odlu yollarını keçərək, bir Qələbəni görmüş atam Abdurahman Abdurahmanov elə həsrətindəydi ki, ikinci qələbəni də - öz qələbəmizi də görsün. Ancaq tale də qismət eləmədi, bəzi naxələflər də onun infarkt keçirərək, 1996-cı ildə - 73 yaşında dünyadan köçməsinə səbəb oldular.
Vəfatına qədər atam haqqında bir müharibə veteranı kimi heç nə yazmamışdım. Doğrusu, Qarabağ dərdlərimizə qədər mənim yaşıdlarım, bütünlükdə bizim orta nəsil içi mən də daxil olmaqla, təəssüf ki, 1941-45 müharibəsi haqqında söhbətlərə o qədər də diqqət verməz, maraq göstərməzdik. Əslində heç atam da o barədə danışmağı xoşlamazdı. Söhbət düşəndə, sadəcə (sadəcə?) köks ötürüb, başını bulayardı: “oğul, getsin o günlər, gəlməsin”. Bizə bir şey deməsə də, yəqin qəlbən onunla təsəlli, rahatlıq tapırdı ki, daha müharibə yoxdur, Azərbaycanda, doğma elində-obasında əmin-amanlıqdır, güllə səsləri eşidilmir...
1941-ci ildə - 18 yaşında cəbhəyə yollanan atam 1945-ci il qələbəsindən sonra da hələ 3 il "Qızıl Ordu" sıralarında saxlanmışdı. O zaman döyüşlərdə necə vuruşduğu haqqında özü danışmasa da, ölümündən sonra cəbhə dostu Lətif Mirzəyevin onun haqqında dedikləri az da olsa, məndə müəyyən təəssürat yaratdı. O etiraf edirdi ki, "Abdurahman savadlı idi, rus dilini yaxşı bilirdi və bizim hamımızdan hünərli, şücaətliydi. Nə gizlədim, mənim kimisi çox vaxt canını qorumağa çalışırdı, ancaq o, qorxu-zad bilmirdi, cəsarətliydi, elə həmişə irəli cummağa çalışırdı. Onun bacarıqlı olduğunu görüb, son vaxtlar komandirimiz onu tez-tez kəşfiyyata göndərirdi. Elə vaxtlarda onunla hər ehtimala qarşı xudahafizləşəndə gülərək deyirdi ki, Lətif, qorxma, sağ-salamat qayıdacağam. Qayıdırdı da."
Lətif dayı danışırdı ki, “düşmən mövqeyi barədə məlumat əldə etmək üçün Abdurahman vaxtaşırı komandirin əmri ilə bizdən xeyli irəli getməli olurdu. Bir dəfə qalın meşəlik arxasında olarkən növbəti dəfə kəşfiyyata getməli olur. Məsafə uzaq olduğundan komandirdən xahiş edir ki, tapşırığı tez yerinə yetirmək üçün ora həmin ərəfədə hardansa əlimizə keçmiş velosipedlə getməsinə icazə versin. Komandir bunun təhlükəli olacağını bildirsə də, Abdurahman onu inandırır ki, yolun çox hissəsini velosipedlə, sonra isə piyada gedəcək, ehtiyatı əldən verməyəcək. Elə də edir və çox keçmədən mühüm məlumatla qayıdır. Lakin bir dəfə yenə də meşə yolu ilə gedərkən o, qəfildən atəşə tutululmağa başlayır. Velosipedi o yan-bu yana qaçırmaqla cəldlik göstərərək, birtəhər aradan çıxır. Növbəti dəfə də bu hal təkrar olunanda Abdurahman bildirir ki, ona atəş yerdən yox, hansısa ağac başından açılır. Ona görə də növbəti “səfərə” ciddi hazırlıq görülür. Abdurahmana biri snayper olmaqla iki yoldaş da verilir. Müəyyən bir yerə çatanda yenidən ona atəş açılır. Atəş nöqtəsi müəyyən olunur və snayperin sərrast atəşi ilə düşmən nöqtəsi vurulur. Sən demə, bu, uca bir ağac başına çıxmış snayper qız imiş. Atəş açılmağı ilə onun əlindəki silahla birgə ağacın altına döşənməsi bir olur.
***
Allah Lətif kişiyə də rəhmət eləsin, artıq o da dünyadan köçüb. Ancaq atam haqqında dediyi o bir-iki kəlmə söz hələ də yadımdadır və bir daha inandım ki, mənim atamla öyünməyə, fəxr etməyə bu gün həqiqətən haqqım var!
Bəlkə indi də qeyri-təvazökarlıq hesab edərək, atam haqqında tərəddüdlə yazardım. Ancaq ötən ilin Qələbə günündə gördüm ki, Rusiya jurnalistləri, artistləri, şair və yazıçıları Moskvanın müxtəlif telekanallarında özlərinin müharibə iştirakçısı olmuş ata-babaları haqqında böyük fəxrlə, ağız dolusu danışır, şəkillərini nümayış etdirirlər. Belə olan halda bəs niyə mən təvazökarlıq edərək, atam haqqında heç nə deməməliyəm? Axı, o, həqiqətən mərd, qorxmaz bir döyüşçü olub. Müharibə dövründə layiq görüldüyü “Qırmızı ulduz”, 1-ci dərəcəli “Vətən müharibəsi” ordenləri, “Almaniya üzərində qələbəyə görə”, “Döyüş xidmətlərinə görə” medalları və digər orden-medallar təbii ki, döyüşlərdə göstərdiyi igidliyinə, şücaətinə görə verilib. Sovetlərin 13-cü ordusunun 211-ci Suvorov ordenli Çerniqov diviziyasının tərkibində uzun və ağır döyüş yolu keçmiş atam bir-neçə dəfə güllə, qəlpə yaraları alsa da, hər dəfə qospitalda müalicəsi başa çatar-çatmaz yenidən döyüşə yollanıb. Müharibədən sinəsində orden-medallarla, bədənində isə qəlpələrlə, güllə yaraları ilə qayıtmışdı. 2-ci qrup müharibə əlili idi. Buna baxmayaraq, dinc quruculuq illərində uzun müddət Şəkinin taxılçılıq sovxozunda çalışdı, kənd Sovetinin deputatı oldu, doğma elinin-obasının xeyrində-şərində fəallıqla iştirak etdi.
1990-cı ilin 20 yanvar faciəsi baş verəndə atam göz yaşını saxlaya bilməyərək, vaxtilə xidmət etdiyi Sovet ordusuna, Qorbaçov it balasına lənətlər yağdırmışdı. Gücü yalnız ona çatmışdı ki, səhərisi günü kəndin ortasında öz gücü ilə, bacardığı kimi (ustalığı da vardı) şəhidlərimizə xatirə abidəsi düzəltmişdi. Sovxoz rəhbərliyi, kəndin camaatı, məktəblilər axın-axın gəlib, abidə önünə gül dəstələri düzür, günahsız həlak olmuş şəhidlərimizin, həmçinin eloğlumuz Fərman Məmmədovun o qanlı gecədə həlak olmuş məktəbli qızı Larisanın ruhunu yad etmişdilər. Atam elə ilk günlər abidənin yaxınılığındaca çadır quraraq, sonralar isə öz həyətində şəhidlərimiz üçün yas məclisləri - "cümə axşamları", "qırx" mərasimləri də vermişdi.
Atam öz ömrünü mənalı yaşadı, 6 övlad böyütdü, onlarla nəvə-nəticə babası oldu. Bircə ona heyfsilənirəm ki, uca boylu, cüssəli-gövdəli olsa da, naxələflər ucbatından dünyadan vaxtsız - ömrünün 73-cü ilində köçdü...
***
...Atam illərlə uğrunda vuruşduğu o böyük Qələbəni gördü, təəssüf ki, kiçik qardaşı, hərbçi mayor Zabit Abdurahmanovun uğrunda döyüşdüyü, daim arzusunda olduğu Qarabağ Qələbəsini görmək ona qismət olmadı...
Bəs, bizə - bugünün adamlarına necə, qismət olacaqmı? 29-30 ilin arxasından baxarkən bu, əlçatmaz görünsə də, çox istərdik!... Bu, 10 milyonluq yox, 50 milyonluq böyük bir xalqın özü qədər böyük və müqəddəs bir arzusudur!
Allah Sənə, dünyadan köçmüş bütün döyüş dostlarına rəhmət eləsin, ey doğma ailəsini, övladlarını, nəvələrini dünyalarca sevən, onların xoşbəxtliyi üçün daim özünü oda-közə vuran, heç zaman unudulmayacaq əziz, unudulmaz ATAM!
Ruhun həmişə ucalarda, başımız üstündə olsun! Vaxt gələr, çox arzusunda olduğun Qarabağ Qələbəsi də Sənə dünyanın ən xoş müjdəsi kimi elə göylərdə yetişər!
Hər zaman Sənə böyük övlad sevgisi və ehtiramla:
oğlun Rəhman ORXAN,
Azərbaycanın Əməkdar jurnalisti,
Osman Mirzəyev adına
Respublika mükafatı laureatı.
Seçilmişlər
Ən çox oxunanlar