Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Yol Üstündə Qəsr - İradə TUNCAY yazır

Tarix: 08-05-2019 14:21   
Yol Üstündə Qəsr - İradə TUNCAY yazır
Tarix və coğrafiya... Bildiklərim, bilmədiklərim. Gördüklərim, görmədiklərim. İnkar halında təsəvvürlərim daha çoxdu təbii. Xəritə üzərində yol daha asan idi, miqyası da kiçiltmişdilər. Bu miqyasa daxil olmayan hisslərim də var amma. Gedib də görəndən sonra miqyas dəyişir və heç bir xəritəyə sığmır. Duyğu üzvləri aciz qalır təsvir üçün... Öncə sənə elə gəlir ki, unuda bilməyəcəksən. Sonra asta-asta sakitləşirsən. Qeydlərinə arxayınsan. Yazacam deyirsən. Sabah, birigün... Beləcə adi günlər, məişət yeyir içindəki fırtınanı. Zaman öz diqtəsini edir. İll çayının sahilindən reportaj alınmır. Janr uyğun gəlmir. Düşdüyün nağıl, gördüyün nağıl danışacağın nağılı üstələyir. Sonra yuxularında veyillənirsən həmin yerlərdə. Və... Fırtına lal dənizə dönür. Sakitdi...

Sonra isə nəsə olur sənin bu boz, rəngsiz günlərində... Əsəb yaradan nəsə... Dağıdan kim, sökən kim... İçi dağılıb-sökülən kim... Biçarə şəhərin içəri dərdləri yadına salır dərk edib də yazmadıqlarını. Anlayırsan – mane olurdu nəsə.. Nəsə... Bu "nəsə” ağrıydımı, həsədiydimi, parıltıydımı... Hər halda 2015-ci ilin avqust nağılını indi yazmağa başladım.

***

Şəhərin almanca adı "Ştrassburq”du. Ştrass - yol, küçə (çox işlətdiyimiz trass sözcüyün xatırlayın), burq isə "qala, qəsr” anlamını verir. Bütün Avropa şəhərlərinin əsasını Romalılar qoyub. Qədim adı isə Arqentoratdı. Mənşəyi barədə müxtəlif fərziyyələr var . Hər halda şəhər çayın mənşəyində salınıb –Arqento isə məhz bu mənanı verir. Roma İmperiyasının şimal sərhədlərində yerləşib.Vaxt keçdikcə feodal dağınıqlığı dövründə, şərq-qərb yolları üzərində kiçik alman dövlətlərini birləşdirdiyinə görə strateji əhəmiyyəti artmağa başlayıb. Çay, körpü öz rolunu oynayıb.VI əsrdən indiki adını daşıyır: Strasburq – Yol Üstündə Qəsr... Hə, bunu da deyim – vaxtilə Atilla buralarda alemannları məğlub edib... Yəəni... Həm də alman əsası var şəhərin. Bu da yəəni...Tarixə çox dalsaq üzüb çıxa biləcəyikmi? Üzü VII əsrdən bu tərəfə tarixin müxtəlif dönəmlərində şəhər də dəfələrlə sahibini dəyişib. Kilsənin öz oyunu, hakimlərin öz oyunu... Amma əksər dövr kommuna sayılıb. Elə indi də kommuna adlanır. Yenə yəəni deyək. Orta əsrlərdə biz jurnalistlərin bir həmkarı burda yaşayıb. 1492 -ci ildə qəbul olunmuş şəhər konstitusiyası ta Böyük Fransa İnqilabına qədər dəyişmədən qalıb. Orta əsrlərdən universitet mövcuddu. İndi də universitetlər çox olduğuna görə şəhər gənc görkəmdədi. Avropada ən böyük su resursları burdadı. Və ən əsası, daim iki xalqın rəqibliyi bu şəhərə öz möhürünü vurub: almanlar və fransızlar. İki böyük mədəniyyət... Burda iki çay qucaqlaşıb görüşür. İki ölkənin sərhədində yerləşir və iki ölkə daim münaqişə edib bu şəhərə görə... İndi adı almanca səslənsə də, Fransanındı bu gözəl yer.
***

Təzə söz demirəm – bir ölkə haqqında ilk təəssüratlar onun yollarından başlanır. Və hər dəfə hər yeni ölkə ilə tanışlığımda bu sual məni düşündürür. Biz nə vaxt belə yaşayacağıq? Niyə bu səliqə-sahman, təmizlik, gözəllik bizim şüurumuzda özünə yer eləyə bilmir? Yolboyu sıralanmış yaşıl çəmənləri, xudmani bağları, gül sıralarını gözünə doldurub özünlə götürmək istəyirsən. Daha doğrusu, gözünə təpmək.
Əgər bu çiçəklənmə bir vaxtlar müstəmləkələrdən daşıyıb gətirdiyi var-dövlətlə bağlıdırsa, onda Rusiya niyə heç zaman belə olmadı? Var-dövlətin miqdarı yox, nəyə sərf olunması önəmlidi. Bizim heç zaman vətəndaşını sevən vətənimiz olmadı.

Avropa hər yerdə Avropadı – öz standartları ilə. Amma avropalılar özlüyündə fərqlidilər. İstiqanlı, emosional italyanlar bir cürdü, avantürist fransızlar bir cür, quru, özündənrazı ingilislər bir cür, pedant almanlar bir cür, qaynar ispanlar bir cür. Öz yeməkləri, öz ənənələri, öz sənətləri, ədəbiyyatları... Amma standart birdir – rahatlıq, gözəllik, sağlamlıq, mədəniyyət. Onlar zahiri dəbdəbəni əsla sevmirlər. Sərvət onların başını gicəlləndirməyib.

Əvvəl gördüklərin elə bil gözünə bir pərdə çəkir. Baxırsan, hər şeyi görürsən, həm də görmürsən. Bir-birindən ayıra bilmirsən. Hər şeydə parıltı, işıq, xəfif bir duman...

Almaniyanın Baden-Baden şəhərindən bura 57 km. uzaqlıqdadı. Biz də səhər tezdən avtobusla Strasburqa yol almışıq. Turist olanlar bilir – dincəlməyə azacıq vaxt tapan kimi yararlanmaq istəyirsən. Mürgülədim...

Yuxulu-yuxulu avtobusun şüşələrindən ətrafa baxıram. İlk gördüyüm, daha doğrusu, diqqətimi çəkən bütün səkilərdə və yolun ortasındakı parkda park olunmuş maşınlardı. Cərimə meydanı yoxdu burda? Evakuator necə? Maraqlı gəlir mənə, hələ ki suallarımı saxlayım deyə, düşünürəm.

Bir yay səhəri ekskursiya avtobusunda şəhərə daxil olduq. Yad şəhərlərdə heç bir kiçik detalı, nüansı qaçırmamağa çalışıram. Təmiz-tarıq Avropanın, həm də yaşıl Avropanın, bütün yaşayış məskənləri bir-birinə bənzəyir. Lap böyük şəhərlərindən tutmuş, lap kiçik qəsəbələrinə qədər. Əzəmətli kilsələr, kitabxana, bələdiyyə binası, pəncərələrdən asılmış gül-çiçək, köhnə şəhərin dar küçələri... Nədənsə əksər Avropa şəhərlərindən çay axır. Dayanır avtobus – turistlər enirlər. Gidimiz məlumat verir – bura Avroparlamentdi. Və söhbətə başlayır. O, danışmağında olsun, biz binaya yaxınlaşıb düzülmüş bayraqları ayırd eləməyə çalışırıq. Hə, bu da bizim bayraq... Hələ bayraq dirəyin qucaqlayıb doluxsunmaq da varmış Avropanın hüquq paytaxtında. Strasburqun Avropa kvartalını bəzəyən iki tikili var – Avroparlamentin binası və Avropa sarayı. Bu binalarda Avropa İttifaqının inzibati orqanları yerləşir. 1999-cu ildə tikilib şüşə və poladdan. Düz İll çayının sahilində yerləşir. Çayın axarı, məcrası istiqamətində tikilib. Day çayın axışını dəyişməyiblər. Peyzajı dəyişməyiblər. Parlamentin binasını 60 metrlik dairəvi qüllə əhatə edir... Qüllə bitməmiş kimi görünür. Yarımçıq... Görünür deyəndə ki, elə elədir. Bu, memarın eyhamıdır – eynən Babil qülləsi kimi. Bu qədər milləti bayrağının altında qardaş eləməyə çalışmaq yəqin absurd fikirdi. Kompleks tikildiyi vaxt dünyanın ən böyük tikilisi sayılırmış. Memarlıq üslubu isə şəhərin əsasını qoyan insanlara təşəkkür elementlərini ehtiva edir özündə – qotika üslubunu xatırladır. Və həm də yazdıqlarına görə demokratiya prinsiplərini əks etdirir. Yazıblar yazmağına –amma mən baxdım, fikirləşdim, amma bilmədim bu necə olur. Yəqin demokratiya mövzusu üzərində çalışmaq lazımdı hələ. O zaman memarlıqda necə əks olunacağını dərindən dərk etmək mümkün olacaq. Bütünlükdə isə, hündürdən baxanda bina gəmiyə bənzəyir. Yəni demokratiya sularında üzən gəmi.





Hər ayın dörd günü iş olur burda. İldə 12 iclas keçirilir. Bax, həmin günlərdə ekskursiyalara icazə verirlər. Biz gələndə iclas yox idi. Və demokratiya - hüquq məsələlərinə kənardan, qapı ağzından baxmalı olduq. Problem deyil... Biz öyrəncəliyik... Elə qıraqdan seyr edərək də bir qərara gəlmək olar. Ya da taleyin gərdişi filan demək...

Yolun o biri tərəfi Oranjeri parkıdı. Bu parkı çoxdan salıblar. 25 hektardı sahəsi, yaşıllıq, güllər, ekzotik ağaclar... Adı Oranjeri olsa da, portağal ağacı görmədim. Bəlkə, diqqətli baxmaq lazım imiş. Həm də dedilər ki, Napoleon xanımı Jozefinanın şərəfinə pavilyon da tikib burda. Onu da görmədim... Leyləklər Strasburqun simvoludu və bu parkda yuvaları çoxdu. Özlərini görmədim. Amma parkda oturduğum az vaxt ərzində qazonun üstünə sərələnib dincələn nə qədər insan gördüm. Yaşlı, gənc, uşaq... Park özü sanki çağırır adamları – gəlin, həyatın dadını çıxarın. Sevinin, deyin, gülün... Onlar da gülür...

Gid bizi hüquq sarıdan maarifləndirəndən sonra parka dəvət edir, deyir orda unikal heyvanxana da var. Zoopark yəni... Deyir bir saata qədər orda gəzəcəyik. "Siz gedin” deyirəm – həyatımızda heyvanlarla tanışlıq sarıdan heç korluq çəkmədim. Lap elə sizin parkda olan kimi arın-arxayınların da çox gördüm. Bilmədiyim haqq-hüquq məsələsidi. Bir az burda gəzinim...

Məni həmişə maraqlandırıb ki, bu haqq-ədalət deyilən şey nə boydadı, nə rəngdədi, nə biçimdədi? Niyə kimsə (yəni bizlər) onun dadını bilmir? Niyə hamı ədalət axtarışındadı?

Avropanın azadlıq havası təsir edib deyəsən. Fəlsəfi fikirlər gəlib...Və çəmənlikdə oturub gözümü zillədim "İnsan hüquqları” heykəlinə...

(Ardı var)