Tələbələr Bakı Nəqliyyat Agentliyində təcrübə keçəcək - MEMORANDUM İMZALANDI
Tarix: 03-05-2019 17:17
Bakı Nəqliyyat Agentliyi ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında memorandum imzalanıb.
GÜNpress.az xəbər verir ki, Memoranduma əsasən, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələrinin Bakı Nəqliyyat Agentliyində istehsalat təcrübəsi keçməsinin təmin edilməsi, gələcək mütəxəssislərin ixtisas biliklərinin artırılması, istiqamətləndirilmiş təhsil, elm, istehsalat və birgə təhsil proqramları sahəsində qarşılıqlı maraq doğuran əməkdaşlığın yaradılması nəzərdə tutulub. Tədris prosesinə Agentliyin mütəxəssislərinin cəlb edilməsi, qabaqcıl üsul və texnologiyaların inkişafı sahəsində təcrübə mübadiləsinin aparılması, tələbələrin "yay məktəbi" proqramı çərçivəsində Bakı Nəqliyyat Agentliyində təlim keçmələri kimi məsələlər də memorandumda əksini tapıb.
Agentlikdə təcrübə keçəcək tələbələr gənc, aparıcı mütəxəssislərin rəhbərliyi altında bilik və bacarıqlarını artıraraq nəqliyyat sahəsində özlərinə uğurlu karyera qurmaq şansı əldə edəcəklər. Bundan başqa, Agentliyin “Yol həyatdır” layihəsi çərçivəsində həyata keçirdiyi aksiya və kampaniyalarda könüllü şəkildə iştirak edərək ictimaiyyətin nəqliyyat sahəsində maarifləndirilməsində də yaxından iştirak edə bilərlər.
İmzalanma mərasimi çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və pedoqoji kollektivin üzvləri Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə də tanış olub. Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli şəhər nəqliyyatının təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. Qanunsuz parklanmaya qarşı görülən işlərə toxunan İdarə Heyətinin sədri bu məqsədlə müasir və dayanıqlı proqram təminatına söykənən sistemin qurulduğunu bildirib. Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova isə Bakı Nəqliyyat Agentliyinin paytaxt Bakının ictimai nəqliyyatının yaxşılaşdırılması sahəsində həyata keçirdiyi işlərin əhəmiyyətini vurğulayıb. Həmçinin, tələbələrin bir mütəxəssis olaraq formalaşması və təcrübə keçmələri sahəsində Agentlik ilə qarşılıqlı əlaqələrin yaradılmasının vacibliyini bildirib. Bakı Nəqliyyat Agentliyi ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlığın genişlənməsinin tədris prosesinin daha da yüksəlməsinə müsbət təsir edəcəyinə əminliyini ifadə edib.
Seçilmişlər
Ən çox oxunanlar