AzMİU-da Aprel zəfərinin 3-cü ildönümü qeyd olundu - FOTO
Tarix: 05-04-2019 15:40
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) aprel döyüşlərinin üçüncü ildönümü ilə əlaqədar tədbir keçirilib. AzMİU-nun rektoru, professor-müəllim heyəti, tələbələri və qazilərin iştirakı ilə baş tutan tədbir Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
GÜNpress.az xəbər verir ki, ölkə prezidenti, ali baş komandan İlham Əliyevin Aprel döyüşləri ilə bağlı tarixi çıxışını və Ordumuzun qüdrətini əks etdirən videoçarxın nümayişindən sonra tədbirdə iştirak edən Aprel döyüşlərinin iştirakçısı, baş leytenant Əhliyyət Mehdiyev 2016-cı ilin aprel ayında cəbhə xəttində baş vermiş hadisələri təhlil edib, Aprel zəfərini Azərbaycan əsgərinin qəhrəmanlıq salnaməsi adlandırıb. O vurğulayıb ki, həmin hadisələr əsgərlərimizin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi. “Bu döyüşlər dövlətin və ordunun gücünü, xalqın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun, ərazi bütövlüyünü bərpa etmək əzmini bir daha göstərdi”. Ə.Mehdiyev gəncləri vətəni daha çox sevməyə, xalqımızın qəhrəman oğullarından nümunə götürərək vətən uğrunda canlarından belə keçməyə hazır olmağa çağırıb, torpaqlarımızın bir qarışının belə ermənilərdə qalmaması üçün döyüş ruhunu qorumağa səsləyib.
Aprel döyüşlərinin iştirakçısı, qazi Hikmət Məmmədov şəhidlərin xatirəsinin daim əziz tutulduğunu və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsində hər bir şəhidin şücaətinin bir nümunə olduğunu diqqətə çatdırıb. O, gənclərə şəhid ailələrinə, onların doğmalarına həssaslıqla yanaşmağı, daim onlara mənəvi dəstək göstərməyi tövsiyə edib, sosial şəbəkələrdə fəallıq göstərərək qəhrəmanlarımızı xalqa tanıtmağa, onlar haqqında daha çox paylaşımlar etməyə çağırıb. Çıxışının sonunda döyüşlərdə yaralanmasına baxmayaraq, yenə də sırada olduğunu qeyd edən zabit döyüşçü vurğulayıb ki, işğal altında olan torpaqlarımızın azad edilməsi və bayrağımızın həmin ərazilərdə dalğalandırılması üçün döyüşlərə həmişə hazırdır.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova çıxışında tədbirdə iştirak edən qazilərə təşəkkürünü bildirib, tədbirin keçirilməsində əsas məqsəqin yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsinə töhfə vermək olduğunu diqqətə çatdırıb. “Azərbaycanın müasir hərb tarixinin zəfər səhifəsi sayılan aprel döyüşlərinin üçüncü ildönümünə həsr olunmuş bu tədbir, burda qazilərimizin, tələbələrimizin çıxışları göstərir ki, gənclərimiz Aprel döyüşlərində qazanılan qələbələrdən çox ruhlanıb, bu döyüşlərdə həlak olmuş əsgərlərimizin qəhrəmanlığı ilə fəxr edib qürur hissi keçirir”.
Tədbir AzMİU tələbələrinin ifasında maraqlı kompazisiyalar, şeir və musiqi nömrələri ilə davam edib.
Seçilmişlər
Ən çox oxunanlar