İlham və Fərizənin məzarlarını təhqir edən şəxs həbs edildi
Tarix: 24-09-2014 13:36
Xəbər verildiyi kimi, bu il avqustun 21-dən 22-nə keçən gecə naməlum şəxslər tərəfindən Şəhidlər Xiyabanında İlham və Fərizə Allahverdiyevlərin qəbirləri üzərində təhqiredici hərəkətlərə yol verilmişdi.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş yüzlərlə soydaşımızın, mərd mübarizlərin uyuduğu, hər bir həmvətənimiz üçün əziz və müqəddəs məkan olan bu ziyarətgahda belə vandalizm aktının törədilməsi haqlı olaraq cəmiyyətdə geniş ictimai rezonans doğurmuş, qəbirləri təhqir edilmiş şəhidlərin yaxınları da daxil olmaqla, bir çox vətəndaşımız ölkə və hüquq-mühafizə orqanlarının rəhbərliyinə müraciət edərək, həmin iyrənc hadisəni törədənlərin tezliklə yaxalanıb, ədalət mühakiməsinə verilməsini, onların barəsində ən ciddi cəza tədbirinin görülməsini xahiş ediblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmışdı.
Polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs bu gün - sentyabrın 24-də, səhər saatlarında, Şəhidlər Xiyabanında növbəti dəfə təhqiredici hərəkətlərə yol verərkən yaxalanmış və istintaqa təhvil verilmişdir.
Araşdırmalarla müəyyən edilmişdir ki, bu, 1963-cü ildə Bakı şəhərində anadan olmuş, heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmuş, Xəzər rayonunun Albalı bağlar massivində yaşayan Nüsrət Qasımovdur.
Faktla bağlı istintaq davam etdirilir.
Seçilmişlər
Ən çox oxunanlar