Oqtay Əsədova Moskvadan vurulan “ZƏRBƏ” – Spiker niyə susur? (FOTO - VİDEO)
Tarix: 12-03-2019 21:14
Bir neçə gündür ki, Rusiya polisinin Moskvada, Bakı küçəsi-29 ünvanında yerləşən obyektdə keçirdiyi əməliyyatla bağlı məlumatlar Azərbaycan ictimaiyyəti arasında əsas müzakirə mövzularından birinə çevrilib. Ölkənin tanınmış əksər media orqanları bu mövzunun üzərindən sükutla keçsə də, sosial şəbəkələrdə, "YouTube”da bu əməliyyatla bağlı yayılan videosüjetləri, xəbərləri 100 minlərlə şəxs izləyib.
Məlumatın Azərbaycanda belə diqqəti cəlb etməsinin səbəbi isə, həmin obyektin Azərbaycan parlamentinin spikeri Oqtay Əsədovun ailəsinə məxsus olmasına dair iddialardır. Belə ki, yayılan xəbərlərdə bildirilir ki, Moskva polisinin Narkotik Nəzarəti İdarəsinin əməkdaşlarının əməliyyat keçirdiyi qeyd olunan ünvanda "Kapriz” adlı sauna-striptiz klub yerləşır.
Həmin obyektin isə Oqtay Əsədovun həyat yoldaşı Əsədova Zemfira Adil qızının adına rəsmiləşdirildiyi iddia edilir. Təqdim olunan sənədlərdən görünür ki, "Kapriz” adlı striptiz klubun yerləşdiyi əmlak Milli Məclisin sədri Oqtay Əsədovun həyat yoldaşı Əsədova Zemfira Adil qızının adına rəsmiləşdirilib. Klubun təsisçisi olan "Arizarum Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi də Milli Məclisin sədri Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədovadır. "Arizarum Qrup” MMC 10 000 rubl Nizamnamə kapitalı ilə qeydə alınıb.
"Kapriz” striptiz klubunun real bazar dəyəri isə aşağıdakı sənəddən də gördüyünüz kimi, 10 milyon 629 min ABŞ dolları və ya 70 milyon rus rublu təşkil edir.
Məlumatda vurğulanıb ki, Əsədovanın adına olan obyektdə polisin əməliyyat keçirməsinin səbəbi qonşuların şikayəti olub. Daha dəqiqi, orada narkotik maddələrin satılmasına dair verdikləri məlumat olub. Əməliyat zamanı bu faktın təsdiqini tapdığı iddia olunur. Hadisə barədə KİV-də reportaj da yayılıb.
Qeyd edək ki, əməliyyatın bir neçə il əvvəl həyata keçirildiyi, ancaq hansısa səbəblərdən məlumatın indi yayıldığı vurgulanır. Bu iddia doğrudursa, məlumatın vaxtilə hansı şərtlərlə gizlədildiyi, qarşılığında nə istənildiyi və eləcə də indi niyə dövriyyəyə buraxıldığı kimi suallar yaranır…
Hazırda qəribə və təəccüb doğuran hal odur ki, nəinki Azərbaycanda, ölkə sərhədlərindən kənarda belə böyük səs-küy yaradan bu xəbər barədə nə Azərbaycan Milli Məclisinin mətbuat xidməti, nə də Oqtay Əsədovun özü və ailəsi hər hansı açıqlama ilə çıxış etməyib. Buna ehtiyac duymayıblar, yoxsa deməklərə sözü yoxdur, bilmirik…
Sadəcə yerli media orqanlarından birində belə bir məlumat yaydırılıb ki, Moskva şəhəri, Bakı küçəsi 29 ünvanında "Kapriz” adlı qadınlar üçün striptiz-klubla yanaşı tamamilə başqa istiqamətdə "Kapriz” adlı sauna-hamam fəaliyyət göstərir. Oqtay Əsədovun xanımının adına olan da həmin klub deyil, sauna-hamamdır.
"Polisin narkotiklə bağlı əməliyyatı da Oqtay Əsədovun xanımına aid olduğu iddia olunan obyektdə yox, məhz bu striptiz klubda, həm də 2014-cü ildə keçirilib”, – deyə məlumatda bildirilib.
Bu məlumatlardan hansı həqiqəti əks etdirir, bilmirik. Ancaq əvvəla, Azərbaycan dövlətində statusuna görə 4-cü şəxs olan, qanunverici hakimiyyətə rəhbərilik edən bir şəxslə bağlı belə biabırçı, geniş əks-sədaya səbəb olan məlumat yayılırsa, bununla bağlı açıqlama verilməsi zəruridir. İctimaiyyətə yayılan məlumatların nə qədərinin həqiqət olduğu, obyektin nə zaman, hansı pulla alındığı, kim tərəfindən işlədildiyi kimi məsələlər ətrafında izahat verilməlidir.
İkinci, Azərbaycan parlamentinə rəhbərlik edən, uzun illərdir ölkədə yüksək vəzifələrdə çalışan bir şəxsin ailə üzvləri hansı səbəbdən, hansı pulla və nəyə görə başqa bir ölkənin paytaxtında klub və ya sauna alır? Bu hansı ehtiyacdan yaranıb: pullarını ölkədən çıxarırlar, yoxsa köçüb gedib Moskvada yaşamağa hazırlaşırlar?
Üçüncüsü, 10 milyon dollardan yüksək qiymət qoyulan belə bir obyekti Oqtay Əsədovun xanımı hansı vəsait hesabına əldə edib? Oqtay Əsədov 2005-ci ildən parlamentə rəhbərlik edir. Hər seçkidə özünün və ailəsinin əmlakı barədə MSK-ya hesabat verir. Hesabatlarında xanımının adına Moskvada belə bir obyektin olduğunu qeyd edibmi? Etməyibsə niyə gizlədib?
Əlbəttə, Oqtay Əsədov "kristal adam” deyil. Onun "Azərsu” ASC-yə birbaşa rəhbərlik etdiyi illərdə hansı "əməliyyatları” reallaşdırdığına dair çoxsaylı yazılar dərc olunub. Eləcə də parlamentə rəhbərlik etdiyi ilk illərdə nəzarətində olan "Azərsu” vasitəsilə reallaşan iri həcimli layihələrdən (məsələn, Oğuz- Qəbələ – Bakı su kəməri) böyük pullar götürdüyünə dair iddialar var. Həmin vaxtlar başqa vəzifəli şəxslər kimi onun da bu pulları hansısa biznes sahələrinə yatırması təəccüb doğurmaz.
Ancaq bu gün Oqtay Əsədov Azərbaycan parlamentinin sədridir, ölkənin qanunverici hakimiyyətinin başçısıdır. Siyasi vəzifə daşıyır. Belə bir mühüm dövlət vəzifəsini daşıyan adamın başqa bir ölkənin, xüsusən də Rusiyanın paytaxtında obyekt alması nə qədər doğrudur? Üstəlik də, bu obyekt striptiz klub və ya sauna kimi işlədilirsə…
Məgər Əsədov bilmirdi ki, bu faktdan Rusiya və ya başqa bir ölkə Azərbaycan dövlətinə, onun rəhbərliyinə qarşı istifadə edə bilər? Necə ki, bu gün edirlər… 2014-cü ildə keçirilmiş əməliyyatın videosüjetini və sənədləri yayaraq, Azərbaycan dövlətini ağır ittihamlar qarşısında buraxırlar. Bundan da həm xaricdə Azərbaycan dövlətinin əleyhinə iş aparan təşkilatlar və şəxslər, həm də müxalifət partiyaları istifadə edirlər…
Azərbaycan parlamentinin mətbuat xidməti və Oqtay Əsədov isə susur. Bəlkə də bilmirlər ki, susmaq heç də həmişə qızıl deyil!…(AzPolitika.info)
Seçilmişlər
Ən çox oxunanlar