Azərbaycanda ödənişli yollarla bağlı qərar verildi – Rəsmi
Baş nazir Novruz Məmmədov "Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə Qaydası”nı təsdiq edib.
GÜNpress.az xəbər verir ki, qaydalar "Avtomobil yolları haqqında” qanunun 19-1-ci-19-4-cü maddələrinə uyğun olaraq hazırlanıb və ödənişli avtomobil yolu kimi istifadə olunan özəl və bələdiyyə avtomobil yollarına şamil edilmir.
Qaydalara görə, ödənişli avtomagistralın istifadə olunması istifadəçi ilə operator arasında bağlanılmış müqavilə əsasında həyata keçirilir. Müqavilənin bağlanılması gediş üçün ödəmə sənədi ilə təsdiq edilir və bu müqaviləyə uyğun olaraq operator istifadəçiyə ödənişli avtomagistralda gediş hüququnu təqdim etməyə və yol hərəkətini təşkil etməyə, istifadəçi isə təqdim olunan xidmətin haqqını ödəməyə borcludur.
Ödənişli avtomagistralla nəqliyyat vasitəsinin gedişi üçün ödənişin məbləği avtomobil yolunun dərəcəsi, nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyənləşdirilir.
Operator tərəfindən nəqliyyat vasitəsinin gedişinə görə tutulan ödənişlərdən başqa, istifadəçilərdən digər ödənişlərin tutulmasına yol verilmir.
Müdafiə əhəmiyyətli, ictimai asayişin qorunması, fövqəladə halların aradan qaldırılması, qəza-bərpa işləri ilə əlaqədar olan daşımalarda iştirak edən, habelə polis və təcili tibbi yardım xidmətlərinə məxsus xüsusi təyinatlı, həmçinin ödənişli avtomagistrala xidməti təşkil edən operatorun nəqliyyat vasitələri gediş üçün ödənişdən azaddırlar. Bu zaman ödənişsiz gediş hüququna malik olan nəqliyyat vasitələrinin buraxılmasını təmin edən buraxılış məntəqəsi (açıq məntəqə) nəzərdə tutulur.
Nəqliyyat vasitəsinin gedişi üçün haqqın əvvəlcədən ödənilməsi halları istisna olmaqla, ödənişin tutulması ödəniş məntəqələrində həyata keçirilir.
Ödənişli avtomagistraldan istifadə zamanı nəqliyyat vasitəsi texniki nasazlıq səbəbi ilə, o cümlədən yol-nəqliyyat hadisəsi nəticəsində hərəkətini dayandırarsa və digər nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükə yaradarsa, bu zaman həmin nəqliyyat vasitəsi operator tərəfindən ödənişli qaydada yaxın məntəqənin mühafizə dayanacağına yerləşdirilir. Bu zaman nəqliyyat vasitəsinin mühafizə dayanacağında 24 saatadək saxlanılmasına görə ödəniş tutulmur.