Bakıda Xocalı soyqırımı ilə bağlı yürüş
Bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda ümumxalq yürüşü keçirilir.
GÜNpress.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri yürüşdə iştirak edirlər.
Paytaxtın Azadlıq meydanından Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başlayan və on minlərlə insanın iştirak etdiyi ümumxalq yürüşünün məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
Ön sırada Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın olduqları ümumxalq yürüşünün iştirakçıları və onların keçdikləri prospekt və küçələr boyu düzülmüş minlərlə gənc əllərində qanlı qırğının günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretlərini, 27 il əvvəl törədilmiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adlarının, soyadlarının əks olunduğu Azərbaycan, rus, ingilis dillərində plakatlar və transparantlar tutublar. Marşrut boyunca yolların kənarlarındakı monitorlarda, binaların fasadlarında və eyvanlarında "Dünya Xocalı soyqırımını tanımalıdır!”, "Xocalıya ədalət!”, "Xocalını unutmayın!”, "Rədd olsun erməni faşizmi!”, "Xocalı – XX əsrin soyqırımı”, "Cinayətkarlar cəzasız qalmayacaqlar!”, "Xocalı soyqırımı – 27 il”, "Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir", "Xocalı, sözün bitdiyi yer" və s. çağırışlar və şüarlar nümayiş etdirilir.
x x x
Xocalı soyqırımı qurbanlarının abidəsinin ətrafında fəxri qarovul dəstəsi və tər çiçəklər düzülmüşdü.
Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi.
Birinci vitse-prezident xanım Mehriban Əliyeva, Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva abidənin önünə tər güllər qoydular.
Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri də abidənin önünə güllər düzdülər.
x x x
Ümumxalq yürüşündə Rusiyadan gələn nümayəndə heyəti də iştirak edirdi.
Prezident İlham Əliyev Rusiyadan gələn nümayəndə heyəti ilə görüşdü və söhbət etdi.
Heyətə Dövlət Dumasının beynəlxalq əlaqələr üzrə komitəsinin sədr müavini, dünya şöhrətli idmançı İrina Radnina, Dövlət Dumasının təhlükəsizlik və korrupsiya əleyhinə komitəsi sədrinin birinci müavini Dmitri Savelyev, Dövlət Duması Federal Məslisinin ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədr müavini Oksana Puşkina, Dövlət Dumasının dövlət əhəmiyyətli tikinti və qanunvericilik üzrə komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov, Dövlət Dumasının deputatları Tatyana Sibizova, Denis Parfenov və Aleksey Juravlev, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Azərbaycanın dostları qrupunun əlaqələndirisici, tanınmış politoloq Sergey Markov və həmin institutun MDB ölkələri departamentinin rəhbəri Aleksey Bıçkov, hərbi ekspert, "Milli müdafiə” jurnalının baş redaktoru İqor Karotçenko, rusiyalı rejissor, yazıçı Aleksandr Rusnak, Rusiya Hökuməti yanında Maliyyə Universitetinin sosiologiya və politologiya fakültəsinin dekanı Aleksandr Şatilov daxildir.
Sonra Prezident İlham Əliyev Rusiyanın "Rossiya-24” kanalına müsahibə verdi.