Şəhid Oktay Kazımovun anım mərasimi keçirildi
Layihə işi qrafikinə uyğun olaraq, 27 aprel 2018-ci il tarixində Ağcabədi rayonunda Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsinin həmişə uca tutulması məqsədilə, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olmuş Kazımov Oqtay İsrafil oğlunun anım mərasimi, Ağcabədi rayonu 6 saylı tam orta məktəbdə məktəblilər arasında həyata keçirildi. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin nümayəndəsi Təyyar Hacıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin nümayəndəsi Kamran Əliyev, şəhid Oktay Kazımovun ailə üzvləri, Ağcabədi rayon Qarabağ qaziləri, "Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin sədri Zaur Quliyev, məktəbin müəllim və şağird kollektivi iştirak etdilər.
Tədbirdən öncə Qarabağ qaziləri ilə şəhid Oktay Kazımovun məzarı ziyarət olundu. Sonra tədbir məktəbdə davam etdirildi. Mərasim dövlət himnimizin səsləndirilməsi ilə başlanıb və bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri ilk öncə məktəbin direktoru Nərminə Əkbərova açaraq, şəhidin qəhrəmanlığından tədbir iştirakçılarına məlumat verərək, şagirdlərə şəhidin həyatı və vətən sevgisi ilə bağlı danışdı: "Oktay bizim məktəbin igidlik, vətənpərvərlik rəmzidir, bu gün onun həyat yolu hər bir gənc və şagird üçün örnəkdir”.
Tədbiri "Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov davam etdirərək, donor təşkilat haqqında və layihə haqqında məlumat verdi. O, həmçinin qeyd etdi ki, Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsinin həmişə uca tutulmasından və gənclərimizin vətənpərvərlik ruhunda böyüdülməsi elə vacib işlərdəndir ki, bunun həmişə davamı olacaqdır.
Tədbirdə şagirdlərin hazırladığı şeir və kompaziya maraqla izlənildi.
Şəhidin ailəsi və yaxınları da çıxış edərək bildirdilər ki, Oktay Kazımovla fəxr edirlər: "Bizim övladımız vətən yolunda şəhid oldu. Necə deyərlər, bayraqları bayraq edən üstündəki qandır, torpaq uğrunda ölən varsa vətəndir!” Sonda şəhidin yaxınları şəhidlərə qarşı göstərilən ehtirama görə tədbir iştirakçılarına, eləcə də anım tədbirini təşkil edənlərə öz minnətdarlığını bildirdilər.
Bunla da tədbir yekunlaşdı.