Aslan Aslanov oğlunun qətl işindəki vəkildən Vəkillər Kollegiyasına şikayət edib
Tarix: 18-02-2015 19:37
“Aslan Aslanovun mənimlə bağlı verdiyi şikayət ərizəsi Vəkillər Komissiyasına intizam komissiyasına göndərilib. O, ərizəsində bildirib ki, guya mən onun şərəf və ləyəqətini alçaldan çıxışlar edərək mətbuatda həqiqəti əks etdirməyən məlumatlar vermişəm. Onun verdiyi ərizə intizam komissiyasında araşdırılacaq və təxminən 20-25 gün sonra nəticə açıqlanacaq. Vəkillik dövrümdə bir neçə belə şikayətlər olub, hər zaman da şikayət rədd edilib. Amma bu dəfə necə olacağını deyə bilmərəm”.
Bu haqda Modern.az saytına Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunu öldürməkdə təqsirli bilinərək ömürlük həbs cəzası alan Vüqar Əliyevin vəkili Adəm Məmmədov məlumat verib.
O qeyd edib ki, Aslan Aslanov da Azərbaycan vətəndaşıdır və onun da şikayət etmək hüququ var: “Baxmayaraq ki, onun adı 12 nəfərin günahsız yerə həbs olunmasında hallanır, hər bir halda onun hüquqlarını heç kim məhdudlaşdıra bilməz. O, bütün bunları etməklə mənim Vüqar Əliyevin müdafiəsini həyata keçirməyimə mane olmaq istəyir. Çünki Aslan Aslanov mənim nə qədər prinsipial olduğumu bilir. İşdən geri çəkilməyim yalnız Vüqar Əliyevin imtinası ilə baş verə bilər. Vəkil olaraq qanunla buna hüququm yoxdur”.
Vəkilin sözlərinə görə, keçmiş icra başçısı bu yolla ona təzyiq etmək istəyir: “O, Vüqar Əliyevlə bağlı olan hər kəsə qarşı qərəzlidir. Məqsədi müdafiəni zəiflətməkdir. Amma onun hərkətləri prinsipiallığımı daha da artırır. Heç vaxt şəxsi-qərəzliyim olmayıb, heç vaxt həyatda onunla qarşılaşmamışam, heç telefonda da danışmamışam”.
Adəm Məmmədov dünən Vüqar Əliyevlə yenidən görüşüb. Vüqar da Aslan Aslanovun etdiyi şikayətdən narahat olub. Adəm Məmmədov onu da deyib ki, bu işi götürəndə Aslan Aslanovun xarakterinə bələd olub: “Vüqarın ailəsi ona vəkil tutmaq istəyəndə vəkillərin əksəriyyəti sırf Aslan Aslanova görə bu işdən imtina ediblər. Amma mən prinsipialam və ədalətin bərpa olunacağı günə qədər bu prinsipiallığımı davam etdirəcəm”.
Şəmkirin sabiq icra başçısı, kənd təsərrüfatı nazirinin keçmiş müavini Aslan Aslanov Vəkillər Kollegiyasına şikayət məktubu yazıb. Aslan Aslanov Lamiyə Quliyevanın keçmiş nişanlısı, hazırda ömürlük həbsdə olan Vüqar Əliyevin vəkili Adəm Məmmədovun cəzalandırılmasını tələb edir.
Vüqar Əliyev 2003-cü ildə Aslan Aslanovun oğlunu öldürməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum olunub.
Seçilmişlər
Ən çox oxunanlar