BQXK Ermənistanda saxlanılan hərbçilərimizə nə vaxt baş çəkəcək? - AÇIQLAMA
Tarix: 14-04-2023 11:09
"Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda saxlanılan iki azərbaycanlının məsələsi barədə məlumatlıdır".
Bunu "GÜNpress.az"a BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
"Biz ailələr və müvafiq qurumlarla əlaqədəyik. Məqsədimiz saxlanılan şəxslərə mümkün qədər tez baş çəkməkdir. Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir, onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - deyə İ.Hüseynova bildirib.
Xatırladaq ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Ordusunun itkin düşən iki əsgəri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib. Bildirilib ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və digər aidiyyəti dövlət qurumları tərəfindən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu ilə bağlı zəruri axtarış və araşdırma işləri davam etdirilir.
Seçilmişlər
Ən çox oxunanlar