İNCƏSƏNƏT VƏ ƏDƏBIYYAT ADAMI ( Esse)
Tarix: 16-03-2024 12:41
Yaxşı yadımdadır, məktəb illərindən adını bilmədiyim bir nəfərlə həmişə küçədə təsadüfən rastlaşar, ona heyrətlə baxar və salamlaşardım. Sonradan onu teatrda aktyor və direktor kimi də görəndə incəsənət adamı olduğunu anladım və şəxsiyyətinə uşaq çılğınlığı ilə yanaşaraq pərəstiş etdim. Böyük istedad sahibi olan bu şəxslə illər sonra yenə də rastlaşıb yaxından tanış olanda onun təkcə incəsənət deyil, həm də ədəbiyyat adamı olduğunu dərk etdim.
Ağalar İdris oğlu Mehdiyev 1976-cı ildən Sumqayıt şəhərilə taleyini bağlayandan uzun və şərəfli yollar qət edibdir...
74 il öncə martın 16-da dünyaya göz açdığı Masallı rayonunun Digah kəndində böyüyən, 16 yaşından bədii yaradıcılıqla və jurnalistika ilə məşğul olan kənd uşağının incəsənətə verə biləcəyi böyük töhfələri yaxınları və dostları ağlına belə gətirmirdi. Məktəb illərində yazdığı məqalələri və kiçik həcmli hekayələri o vaxt Masallıda çap olunan “Çağırış” və “Azərbaycan pioneri” qəzetlərində çap olunanda sevinci yerə-göyə sığmayan, Masallı Rayonunun Mədəniyyət Evində Şakir Həsənov və Adil Səfərovun yaratdıqları Miniatür Teatrındakı çıxışlarından ruhlanan Ağalar İdrisoğlu orta təhsilini başa vurub ilk əmək fəaliyyətinə başlayır. Masallı Rayon Texnika Birliyində dispetçer işləyir. Sonra Rusiyanın Kalinin vilayətində hərbi xidmətini bitirir və sonsuz arzularla Bakıya gəlir. İncəsənət aləminə və ədəbiyyata olan vurğunluq onu Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun qapısına qədər gətirir. Böyük həvəslə sənədlərini bu instituta verir və qəbul olunur. 1975-ci ildə dram və kino aktyorluğu fakültəsini bitirərək təyinatla Şəki Dövlət Dram Teatrına göndərilir. 1976-cı ildə Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına dəvət alır. 1986-cı ildə isə Moskvada Anatoli Vasilyeviç Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsini bitirir. Gənc yaşlarından istedadı və bacarığı ilə çoxlarını valeh edən Ağalar İdrisoğlu teatrlarda 26 il rəhbər vəzifələrdə işləyir. Sumqayıt Gənclər Xalq Teatrının, Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili- Dram Teatrının, Azərbaycan-Dağıstan Beynəlmiləl Teatr Truppasının baş rejissoru, bədii rəhbəri və direktoru olur. Azərbaycan Teatr Xadimləri İttifaqının katibi, idarə heyətinin üzvü və Sumqayıt bölgə şöbəsinin sədri vəzifələrində çalışır. Harda çalışmasından asılı olmayaraq istər aktyor kimi, istər rejissor və yaxud dramaturq, ssenarist kimi yeni-yeni uğurlara imza atır. Saya gəlməyən məqalələrin, müsahibələrin, publisist yazıların, esselərin, elegiyaların, pritçaların, oşerklərin, ressenziyaların, elmi, tarixi məqalələrin müəllifidir. On altı pyes, iyirmidən artıq teatrlaşdırılmış tamaşanın ssenarisi rəğbətlə qarşılanır, 150-dən artıq hekayəsi, 20-dən çox kitabı bu gün də oxucular tərəfindən maraqla oxunur.
Ömrünun yarısını professional teatr sənətinə həsr edən Ağalar İdrisoğlu səhnədə yaratdığı 40-dan artıq rolu və quruluş verdiyi 140 tamaşası, dünya xalqlarının on pyesini dilimizə tərcüməsi və s. ilə incəsənət və mədəniyyət xəzinəsinin sərvətini artırır. Ötən ilin sonlarında Qazax Dövlət Dram Teatrında uğurla səhnəyə qoyulan “İnan mənə” pyesi hələ 1985-ci ildə Ümumittifaq Gənc Dramaturqlar Müsabiqəsinin qalibi olub. Onun 10-dan artıq topluda hekayələri, pyesləri, tərcümə etdiyi əsərləri yer alıbdır. Quruluş verdiyi Akif Həsənoğlunun “Yanmış evin nağılı” tamaşası Osman Mirzəyev adına mükafata və özünün yazdığı “Şah İsmayıl” tamaşası “Qızıl Dərviş” mükafatına layiq görülüb.
Azərbaycan Yazıçılar Birliyinin , Azərbaycan Teatr Xadimləri İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Ağalar İdrisoğlunun çəkdiyi əziyyətləri hədər getməyib. Həmişə istedadlı adamlara diqqət və qayğı ilə yanaşan möhtərəm Prezident cənab İlham Əliyev onun əməyinə yüksək qiymət verərək 2013-cü ildə “Əməkdar İncəsənət Xadimi” fəxri adı ilə mükafatlandırıb.
Ömrünün 75-ci baharına qədəm qoyan Ağalar İdrisoğlunun müdrikliyi onun keçdiyi məşəqqətli, iztirablı, lakin maraqlı və mənalı ömür yolunun nümunələrini yaradıcılığa yeni qədəm qoyanlara ötürə bilməsindədir. Çağdaş ədəbiyyatımızın ön sıralarında olan yazıçı-dramaturq, jurnalist-publisist, aktyor, rejissor, Əməkdar İncəsənət Xadimi Ağalar İdrisoğlu incəsənət sahəsində sayılıb-seçilən kamil şəxsiyyətlərdən biridir. Bu gün də usanmaq bilmədən yeniliklərə imza atan incəsənət və ədəbiyyat adamının tükənməz arzu və istəkləri çoxdur. Ən böyük istəyi incəsənətimizə, ədəbiyyatımıza, jurnalistikamıza yeni töhfələr verməkdir. Çap ərəfəsində olan Milli Teatrımıza həsr olunan “Milli rejissor sənətimiz, onun problemləri, yaddan çıxan rejissorlar, teatr direktorları və aktyorları”, “Sərhədsiz dünyamız”,”Teatr sənətinin aşiqi” adlı kitabları bu yöndə ən layiqli töhfələrdən biri olacaqdır. Eləcə də hekayələrindən və povestlərindən ibarət beş cildlik kitabları, dünya dahilərinin müdrik kəlamlarından ibarət “Sözdən yaranan incilər” toplusu çap olunsa böyük oxucu marağı qazanacaq.
Mən dəfələrlə Ağalar İdrisoğlundan Nikolay Qoqolun bu kəlamını eşitmişəm: “Yazıçının yalnız bir müəllimi var- oxucu”. Əfsus ki,bu gün məmləkətimizdə kitab oxumağa marağın az olduğuna görə hər bir yazıçının doğrudan da müəllimi olan oxucuya çox böyük ehtiyacı var.
İncəsənət və ədəbiyyat adamlarının keçdiyi şərəfli həyat yolu çoxlarına örnək olan ömrün parlaq səhifələrində əbədi iz salır. Kərpic-kərpic yaradıcılıq divarlarını hörərək onu qorumağa çalışan, mənəviyyatca zəngin olan Ağalar İdrisoğlunun ömür yolları uzandıqca uzanacaq və sonu görünməyən yollarla əvəz olunacaq. Mən buna çox inanıram.
RƏNA TƏBƏSSÜM
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Seçilmişlər
Ən çox oxunanlar